Yenilməz döyüşkənlik və haray soraqçısı



İŞIQLI ATALI

Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədə - 150

I yazı

Azərbaycanın mənəvi sərvətinin zənginliyi həmişə özünəməxsusluğu ilə diqqət çəkib. Bu gün də belə bir sərvətin yaşaması ulus olaraq varlığımızın davamlı təsdiqində bənzərsiz rol oynayır. Azərbaycan balabanı belə əvəzsiz iftixar qaynağımızdan biri olub, musiqi mədəniyyətimizin ciddi soraqçısıdır. “Balaban” sözü “bala” və “ban” sözlərinin birləşməsindən yaranıb. Azərbaycan balabanının özünəməxsusluğu ulusumuzun xarakteri – inam, idrak, mənəviyyat, iradə keyfiyyəti ilə bağlıdır. Əlbəttə, bu kimi mənəvi-ruhsal keyfiyyətlər hər bir ulusda bu və ya başqa səviyyədə var, ancaq yaradıcılıq və özünəməxsusluq məhz bənzərsizliklə (hər ulusun həyatın müxtəlif sahələrində - dövlətçilikdə, ictimai düşüncədə, incəsənətdə və s. öz yaradıcılığını ortaya qoyması ilə) şərtlənir.

Çağdaş Azərbaycan zurna-balaban sənətinin inkişafında ünlü sənətkar Kalvalı Əli Dədənin (Əli Kərimov: 1874-1960) özünəməxsus xidmətləri var. 1874-cü ildə keçmiş Şamaxı qəzasının (indiki Ağsu rayonunun) Kalva kəndində kəndli ailəsində doğulub.

Onun çalğısında bu alətin bütün imkanları aşkarlanır. Sənətkarın adı XIX yüzilin sonu, XX yüzilin birinci yarısı peşəkar xalq yaradıcılığının görkəmli nümayəndələri ilə bir sırada durur. Yaradıcılığında iki əsas cəhət – möhtəşəm döyüşkənlik və haray diqqəti çəkir.

Sənətkar haqqında kitabın müəllifi Qalib Soltanoğlu yazır: “Nədəndirsə, qara zurnanın, yastı balabanın səsi gələndə ruhum bütünlüklə yenidən köklənir. O ki ola Əli Dədənin bənzərsiz, sehrli çalğısında. Onun çalğısı möcüzəli, ruhani səsdir. Mən ustadın havacatlarını dinləyəndə sanki su kimi yumşaq, qayalar kimi sərt, buludlar kimi uca, gün kimi odlu oluram… O, Q.Pirimov, C.Qaryağdıoğlu, S.Şuşinski, Keçəçi oğlu Məhəmməd, Mirzə Məhəmmədhəsən, aşıqlardan Hüseyn Bozalqanlı, Ələsgər, Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə Şəmşir, Ü.Hacıbəyli, S.Rüstəmov, Ə.Bakıxanov, Bülbül kimi görkəmli sənətkarların yaxın dostu və çağdaşı olub. Əli Dədə zurna, balaban, tütək kimi nəfəsli alətlərdə sənətkarlıqla ifa edib, onların imkanlarını texniki baxımdan genişləndirib”.

Ustadın böyük işi odur ki, o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. O, təkcə çalğıçı yox, həm də çoxlu mahnıların yiyəsi, Azərbaycanmilli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Əli Dədənin çalğısı bugünkü çalğıya oxşamır. Onun çalğısında ulusumuzun qədimliyi, döyüşkənliyi görünür, eşidilir, duyulur. Həmin səs həmişə bizimlədir.

Böyük bir ailədə dünyaya göz açan Əlinin sənətə gəlişi çox çətin olub. Deyilənə görə, Şahvələd adlı qonşu oğlana atası balaban alıbmış. O, bu alətdə çalmaqla bütün məhəllə uşaqlarını sehrə salarmış. Onların içərisində daha çox balabanın sehrinə düşən Əli olur. Əli qarşısında məqsəd qoyur ki, necə varsa bu aləti çalmağın sirlərini öyrənəcək. Bir gün Əli meşədən qayıdarkən iki qamış kəsir, birini o birinə geydirib kiçik gölməçənin qırağında uzanaraq burunu ilə nəfəs alır və suya üfləyir. Su köpüklənərək cürbəcür biçimə düşür, o isə çox sevinirdi.

Ustad o günlərindən belə danışarmış: “Balabanı çala biləcəyim haqqında dərin inam hissi ilk dəfə belə yarandı. Elə oradaca bir qamış kəsib, üzərində 3 deşik açdım, özümün ilk “musiqimi” çalmağa başladım. Sevincim aşıb-daşırdı. Bundan iki il sonra atam çətinliklə mənə qara zurna aldı”.

O çağlar Əli böyük qardaşı İxtiyarla molla məktəbinə gedirmiş. Ataları Zülfüqar kişinin bir məqsədi var idi: heç olmazsa, bu iki oğluna dini təhsil vermək. Odur ki, Zülfüqar kişi hər axşam uşaqlarından molla məktəbində nə öyrəndiklərini soruşarmış. İxtiyar qorxudan öyrəndiklərini əzbər söyləyərdi. Atası da sevinərdi ki, artıq böyük oğlu dindar olacaq. Əli Dədə söyləyirmiş ki, mənə növbə çatanda atamın qanı qaralardı: “Qardaşım İxtiyarla molla məktəbinə getsəm də, fikrim qarğıdan düzəltdiyim, həm də gizlində çaldığım “musiqi aləti”nin yanında idi. Ona görə də elə ki, atam molladan nə öyrəndiyimi soruşardı, heç nə bilməz, atamın kötəklərini yeyərdim… Bir gün ölümlə üz-üzə qaldım. Atam öz növbəti cəzasını verdikdən sonra böyük qardaşım İxtiyara dedi ki, əl-üz dəsmalını bura gətir. O, ciddi görkəmdə qorxulu səslə qardaşıma göstəriş verdi:

- Sal bu dəsmalı Əlinin boynuna, bu otaqda yeddi dəfə ora-bura sürüklə.

İxtiyar başkəsən kimi göstərişi yerinə yetirdi. Bu ağır cəzadan huşumu itirərəm. Yerdə ölü kimi qaldığımı görcək atam əl-ayağa düşər, qardaşımın dediyinə görə, üz-gözümə su çiləyir, çox çətinliklə məni ölümün əlindən qoparırlar. Yadımdadır, atamın ondan sonra mənə “Yaxşı, daha səni döyməyəcəyəm”, - deyib məni qucaqladı. Mən elə onda da ölə bilərdim. Sonra içimdən gələn güclü duyğu ilə musiqiyə bağlandım” .

O, sənətin incəliklərini Şamaxı qəzasının Əngəxaran kəndindən olan Aşıq İbrahimdən öyrənib. Əli Dədə təkcə zurna-balabanın ustadı olmayıb, ulusal musiqi alətlərimizdən olan sazda, tarda, nağara və qoşa nağarada gözəl çalmağı bacarıb.

16 yaşlarında Şirvan bölgəsində tanınmağa başlayıb. Azərbaycan aşıqlarının I və II qurultaylarının iştirakçısı olub. O, Azərbaycanın bir çox bölgələrində, Dəmir qapı Dərbənddə belə olub, el şənliklərində çalıb-çağırıb, Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü çərçivəsində Moskvada keçirilən tədbirlərdə zurnaçılar ansamblının rəhbəri olaraq özünün bəstələdiyi “Koroğlu nağarası”nı ifa edib. Ustadın yaradıcılığı xalq ruhundan yararlandığı üçün belə yüksək səviyyəyə çatmışdı.

Əli Dədənin 6 qardaşı olub. Onlardan yalnız Abbas və Bəxtiyar ustadın sənət yoldaşı olub. Hələ 1930-cu illərdə dahi bəstəçimiz, xalq havalarını nota köçürən, milli operamızın banisi, böyük bəstəkar Üzeyir bəyin tapşırığı ilə Bülbül onun 40-a kimi havasını lentə köçürür. Həmin lent yazılarının bir hissəsi Azərbaycan Radiosunun “Qızıl fond”unda qorunur. Musiqi araşdırmaçısı Bayram Hüseynli vaxtilə Kalvaya getmiş, bir neçə ay ustadın evində qonaq olmuş, onun zurna, balabanla bağlı yaradıcılığını öyrənmişdi. Sonralar 1984-cü ildə Moskvada rus dilində B.Hüseynli və T.Kərimovanın müəllifliyi ilə “Əli Kərimov” adlı kitab “Sovetskiy kompozitor” nəşriyyatında işıq üzü görüb.

Ustadın tanınmış havaları bunlardır: “Heyvagülü”, “Alçagülü”, “Koroğlu nağarası”, “Qəhrəmani”, “İnnabı”, “Əfruzə”, “Yasəməni"... O, 70-dən çox zurna-balaban havası yaradıb, indi də bu mahnılar Azərbaycan toylarının bəzəyidir.

Əli Dədənin 4 övladı olub. Oğlu Ağalar Kərimovun 4 övladı – Adil, Fikrət, Fazil və Ərəstun Əliyevlər babalarının yolu ilə gediblər. Ustad 1960-cı ildə ölüb, sonevi (qəbri) Ağsu rayonunun Kalva kəndindədir.

Əli Dədə milli muğamlarımızın sirrini çağının məşhur xanəndəsi, ən çox Şirvan-Qarabağ məclislərinin bəzəyi olan Mirzə Məhəmmədhəsəndən (1831-1916) öyrənib, uzun müddət balabanda onu müşaiyət edib. Mirzə Məhəmmədhəsən Şamaxıda ən çox Mahmud ağanın məclislərində, bir də varlı şəxslərin toylarında oxuyardı.

Hüseyn Cavidin bəstəkar oğlu Ərtoğrulun Mirzə Məhəmmədhəsənlə bağlı qeydlərindən: “…Mirzə Məhəmmədhəsən “Humayun” və “Şur” dəstgahlarını məharətlə oxuyarmış. Onun tarçısı Məşədi Səlimin tarı böyük, səsi də gur oxuyanda çox gərgin olurmuş. Bəzən zəngulə vura-vura dizin-dizin məclisin ortasına kimi gələrmiş. O, uzun illər balabançı Əli Zeynalov, ustad sənətkar Əli Kərimovla da yoldaşlıq edib. Özü kasıblığın hər üzünü gördüyündən xalqa münasibəti də çox yaxşı olub”.

Ustad ömrünün sonuna kimi Mirzə Məhəmmədhəsəni unutmadı. Deyərdi: Heyf Mirzədən ki, ömrünün sonu zillətlə keçdi. Onun balabançısı mən idim. Bilalla ikimiz bütün muğamların incəliklərini ondan öyrənmişdik. Mirzənin oxuduğu “Çahərzəm” və “Rakindi” muğamlarını indi heç bir sənətkar oxumur”.

Xalq artisti Ə.Bakıxanov: "O, xüsusi ifaçılıq tərzinə malik idi. O, ifa tərzinin dərinliyi və düşündürücülüyü ilə texniki imkanlarının hüdudsuzluğu, sadəliyi və müdriklikliyi ilə fərqlənirdi. Onun yüksək ifaçılığı həmişə dinləyicilərin qəlbinə yol tapırdı... O, gözəl musiqiçi və gözəl insan idi. Onun mehribançılıq və sadəliyi, çətin anlarda insanların köməyinə gəlməsi onu tanıyanların yaxşı xatirindədir. Mən bu görkəmli insanın əziz xatirəsini daim əziz tuturam... Onun öz barmaqları var..."

Ak. R.Hüseynov Mirzə Məhəmmədhəsən, Əli Dədə və Aşıq Bilal üçlüyü haqqında yazır: “Onların üçündə də həm yüksək ifa bacarığı, həm də bəstəçilik vardı. Və bu üç nəfər Azərbaycanımızın zəngin, əlvan musiqi xəritəsində özümlülüyü ilə seçilən Şirvan musiqisinin üç qanadını inkişaf etdirdilər, maraqlı ifaçılar nəsli yetişdirdilər. Mirzə Məhəmmədhəsən xanəndəlikdə bu vəzifəni yerinə yetirdi. Əli Kərimov balaban, zurna ifaçılığında bu işi gördü. Mirzə Bilalsa, aşıq sənətində. “Humayun”u Mirzə Məhəmmədhəsən iki-üç saata oxuyub başa vurarmış… El sənətçisi, balabançalan ustad Əli bu muğamın Mirzə Məhəmmədhəsəndən öyrəndiyi 17 şöbəsini saat yarıma çalardı. Şəyirdlərinə, sənətini öyrətdiyi oğlu və nəvələrinə həmişə bir həqiqəti çatdırardı: “ “Humayun”u Mirzə kimi gözəl oxuyan görmədim”. Unutmayaq: bu sözləri məşhur kalvalı ustad Əli kişi deyib. O Əli kişi ki, 86 illik ömrü boyu onlarla bilgin, bitkin sənətkarla çalıb-çağırmışdı”.

2009-cu ildə ustadın havalarından (diskdəki 2 el havası – “Tərəkəmə” və “Uzundərə” onun ifasında son dərəcə gözəl səslənir) ibarət diski buraxılıb. Qalib Soltanoğlunun “Kalvalı Əli Dədə” adlı kitabı (2009) isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilib.

Son bir ildə ustadın yaradıcılığına həsr olunmuş 3 kitab – prof. İlqar İmamverdi və Əli İmamverdinin “Azerbaycan zurna-balaban icracılığı sanatının üstadı KALVALİ ALİ DEDE-150”, dos. Tahirə Kərimovanın “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi”, dos. Rauf Bəhmənlinin “Ustad Əli Dədənin rəqs melodiyaları” çap olunub.

Türkiyədə yaşayan T.Kərimova prof. Bayram Hüseynli ilə birgə bu mövzuda çalışıb, ilk dəfə melodiyaları nota alınıb (1984-cü ildə Moskvada “Ali Kerimov” kitabı çap olunub). “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabda birgə araşdırma ayrıca bölümdə nəşr olunub, sonrakı bölümdə T.Kərimovanın yeni araşdırması yer alıb. Ümumiyyətlə, kitabdakı materiallar iki dildə – Azərbaycan və rus dillərində işıq üzü görüb.

Prof. İlqar İmamverdi və Əli İmamverdinin “Azerbaycan zurna-balaban icracılığı sanatının üstadı KALVALİ ALİ DEDE-150” kitabında ustadla bağlı bütün bilgilər araşdırılıb, Azərbaycan-zurna balaban sənəti haqqında əsaslı faktlar, əsərlərinin not yazıları, habelə çoxsaylı fotolar təqdim olunub.

Rauf Bəhmənlinin “Ustad Əli Dədənin rəqs melodiyaları” kitabında akademik əsaslı araşdırma nəticəsində ustadın 57 havasının müəllifliyi dəqiq müəyyənləşdirilib, habelə bu nəşrdə də melodiyaların not yazıları təqdim olunub.

Ustad balabançının studiya ölçüsündə yazılmış balaban havalarını bütün cəhdlərimizə baxmayaraq əldə edə bilmədik. Ancaq əlimizdə olan zurna havaları Youtube-yə yerləşdirilib. Bu havalar Azərbaycan zurna-balaban sənətinin ən gözəl örnəklərindən, ümumiyyətlə, musiqi mədəniyyətimizin ciddi soraqlarındandır.

“Ekspress” qəzeti (3-5 may, 2008-ci il, Bakı: “Moskvada “Heyvagülü” davası”) yazır: "Moskvadakı Rusiya Xalqlar Dostluğu Universitetində erməni, azərbaycanlı və türk gənclər arasında dava düşüb. Olay ənənəvi 1 May konserti zamanı baş verib: "10-15 min nəfər tamaşaçı vardı. Biz də səhnədəkilərə tamaşa edirdik. Birdən "Erməni xalq rəqsi "Hayvakuran": ifa edir Rusiya Xalqlar Dostluğu Universitetinin erməni tələbələrinin rəqs ansamblı" elan olundu. İfa edilən isə bizim doğma "Heyvagülü" idi. Ermənilərin pavilyonunda isə xəritədə Dağlıq Qarabağ erməni ərazisi kimi göstərilmişdi. Bu azmış kimi Suren adlı erməni gənc əlində (qondarma – İ.A.) “Dağlıq Qarabağın” “bayrağını” tutub yelləyir, “Qarabağ bizimdir" bağırırdı. Onu bir kənara çağırıb belə etməməsini istədik, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu dedik. Bunu deyəndə Suren bizi söydü... Biz də dözməyib etiraz edəndə ermənilər şüşə butulka və daş atmağa başladılar" - deyə S.Məsimov söylədi".

Bu fakt onu göstərir ki, ermənilər Azərbaycan-türk dəyərlərinə nə qədər iddia etsələr də, heç bir mənəvi əsasları yoxdur.

(Ardı var)


MANŞET XƏBƏRLƏRİ