Azərbaycanlılarla bağlı ağlasığmaz tələb: Onu da Bakıya qarşı hərəkətə gətirdilər


“Rusiyanın hələlik Azərbaycanla münasibətləri normallaşdırmaq fikri yoxdur”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Kreml Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan diasporuna rəhbərlik edən şəxsləri bir neçə məqsədlə dəyişməyə başlayıb. Birincisi, yeni diaspor rəhbərləri ana vətənlərinə bağlı olmamalı, Kremlin təlimatları əsasında fəaliyyət göstərməlidirlər. Məsələn, hazırda Rusiya-Azərbaycan münasibətlərində gərginlik var. Kreml diaspor rəhbərlərindən bu gərginlik fonunda Rusiyanın mövqeyinin müdafiəsini tələb edəcək. Kremli Azərbaycan diasporlarının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verməsi, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərməsi maraqlandırmır. Kremlin əsas məqsədi Rusiya hakimiyyətinə loyallıq və diaspor rəhbərlərinə verilən tapşırıqların yerinə yetirilməsini təmin etməkdir. Kreml bu tələbləri yerinə yetirməyəcək diaspor rəhbərlərini başqaları ilə əvəz edəcək”, - ekspert bildirib.

Elxan Şahinoğlunun fikrincə, Kreml bu yolla soydaşlarımızı ana vətəndən qoparmağa və Rusiyada soydaşlarımız arasında Azərbaycanın siyasətinin tənqidçilərini artırmağa çalışacaq:

“Rusiya hakimiyyətinin ikinci məqsədi soydaşlarımızın ana vətəndəki ailələrinə pul köçürmələrinə nəzarəti gücləndirmək olacaq.

Kremlin hələlik Azərbaycanla münasibətləri normallaşdırmaq fikri yoxdur, əksinə, media ruporları vasitəsilə hədələyici açıqlamalarının sayını artırmaqla məşğuldur. Rusiyanın dövlət televiziya kanalının aparıcısı Solovyovun Azərbaycana qarşı artan təxribatçı açıqlamaları bunun sübutudur.

Kreml filosof və politoloq Aleksandr Duqini də hərəkətə gətirib. Onun sözlərinə görə, Rusiyada yaşayan miqrantlar, o cümlədən soydaşlarımız Rusiya cəmiyyəti üçün “ən çox toksik qruplar” hesab edilə bilər. Duqinin fikrincə, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və “ölkənin mədəni kod”unu qəbul etməkdir.

Nədir bu “mədəni kod”? Duqin Kremlin mirqantlardan loyallıq və Rusiyanın müdafiəsində iştirak tələbinə birinə də əlavə edib: “Pravoslavlığı qəbul edin”.

Görəsən, Duqinin tələbi Rusiyada yaşayan digər 20 milyon müsəlmana da aiddirmi? Rusiyanın heç bir rəsmisi Duqinin təxribatçı açıqlamasını tənqid etmirsə, bunun xalqlar arasında nifaqa səbəb olacağını söyləmirsə, deməli, elə Kremldə oturanlar da belə düşünürlər”.


MANŞET XƏBƏRLƏRİ