Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri


Kamal Adıgözəlov

II məqalə

Birinci istiqamət: Milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasətin davam etdirilməsi

Azərbaycan Prezidenti İlham Əliyevin yeni tarixi mərhələ üçün müəyyən etdiyi xarici siyasətin 14 istiqamətinin hər birinin geosiyasi analizinin aparılması olduqca aktualdır. Biz silsilə məqalələrdə onların hər birinin üzərində ayrıca dayanacağıq. Birinci istiqamətdə milli maraqlarla beynəlxalq hüquq normalarının qarşılıqlı əlaqəsi kontekstində müstəqil xarici siyasətin yeridilməsi məsələsi qoyulub. Yeni tarixi mərhələdə xarici siyasət kursunun dərki üçün bu məqamın ciddi əhəmiyyəti vardır. Məsələnin bu tərəfinin müxtəlif özəlliklərinə geosiyasi və strateji kontekstdə geniş nəzər salmağa çalışacağıq. Buna əsaslı ehtiyacın yarandığını düşünürük.

Milli maraqlar və beynəlxalq hüquq: xarici siyasətin iki mühüm aspekti

Yeni mərhələdə xarici siyasətin 14 istiqaməti vahid strateji xətti ifadə etsə də, hər birinin ayrılıqda öz funksiyası vardır. Onları bir siyasi məntiq və strateji məqsəd birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev strateji məqsədi müəyyən edib. Deməli, bu baxımdan xarici siyasətin istiqamətlərini əsas məqsədə çatmaq üçün konkret siyasi aspekt kimi də qəbul etmək olar. Bu keyfiyyətdə onların politoloji təhlilinə ehtiyac vardır.

Birinci istiqamətlə bağlı öncə bir sıra politoloji anlayışları izah edək. "Siyasi maraqlar" (lat. "interest" – əhəmiyyəti olan, vacib sayılan) siyasi ideologiyanın və fəaliyyət motivlərinin birbaşa əsasıdır. Deməli, müstəqil dövlətin siyasi ideologiyasının məzmunu, funksiyaları və perspektivləri birbaşa siyasi maraqlar üzərində qurulur. Siyasi ideologiya isə müəyyən ideya, norma, doktrina və rəmzlərin sistemidir ki, onun prizmasından konkret cəmiyyətin quruluşu və ictimai qaydaları müəyyən olunur. Siyasi ideologiya aydın olmalıdır. Onun iki siyasi ölçüsü vardır. Biri cəmiyyətin necə olacağı ilə bağlı məqsədlərdir. Digəri isə bu məqsədə çatmaq üçün ən uyğun variantın hansı olmasıdır.

Belə çıxır ki, hər bir ideologiya ideyalar sistemidir ki, onlar cəm halında qarşıya qoyulan məqsədə çatmağı təmin etməlidirlər. Bunun üçün hər bir mərhələni ictimai-siyasi cəhətdən düzgün dərk etmək lazımdır. Təbii ki, burada aparıcı rol liderin üzərinə düşür. Çünki məhz lider mövcud faktlar əsasında qarşıdakı mərhələdə əsas ictimai-siyasi, geosiyasi, mədəni və sosial-iqtisadi tendensiyaları müəyyən etməli və həmin əsasda milli ideya və ideologiyanın konkret məzmununu dəqiqləşdirməlidir.

Bunlardan "milli siyasət" anlayışının aktuallığına gəlib çıxırıq. Milli siyasətin iki aspekti vardır: birincisi, cəmiyyətə istiqamətlənmiş milli xarakterli siyasət, ikincisi, daxili milli siyasəti xarici siyasətə transformasiya edə biləcək mexanizmlərin mövcudluğu. Əlbəttə, daxili milli siyasət cəmiyyətin bütövlüyünü təmin etməyə yönəlməlidir. Bunun bir çox aspektləri mövcuddur. Milli siyasətin xarici istiqamətini müəyyən etməkdə milli maraqlar ciddi rol oynayır. Beləliklə, müstəqil xarici siyasət yalnız milli maraqlara söykənəndə uğurlu olur.

Bəs politologiyada milli maraqlara necə tərif verilir? Milli maraqlar hər şeydən öncə, dövlətin dərk edilmiş tələbatları ilə bağlıdır. Bu tələbatlar konkret tarixi mərhələdə dövlətin iqtisadi və geosiyasi münasibətləri ilə müəyyən olunur. Buraya tarixi-mədəni ənənələr, təhlükəsizliyin təmini zərurəti, xarici təhlükədən əhalinin qorunması, ekoloji fəlakətlərin qarşısının alınması, daxili nizamsızlığa yol verilməməsi və digər faktorlar daxildir. Qərb politoloji düşüncəsində "milli maraq"la "dövlət marağı" sinonim kimi işlədilir. Deməli, əslində, milli maraqlar dövlətin maraqlarıdır, dövlətçiliyin inkişafına yönəlmiş fəaliyyət sistemidir.

Burada daxili və xarici miqyaslarda maraqların gözlənilməsi bir-birini tamamlamalıdır. Daxili birlik və sabitlik xarici siyasətdə dövlətin uğurlu olması ilə uzlaşmalıdır. Bu baxımdan milli maraqlar həm də daxili və xarici aspektlərdə strateji əhəmiyyəti olan faktor kimi qəbul edilməlidir.

İndi bu anlayışların qısa politoloji təqdimatının işığında yeni mərhələdə Azərbaycanın milli maraqlara söykənən müstəqil və prinsipial xarici siyasətinin başlıca məqamlarına nəzər sala bilərik. Bunun üçün daha bir anlayış – "beynəlxalq hüquq"la bağlı qısa izahlar verək.

Beynəlxalq hüquq – beynəlxalq hüququn subyektləri arasında münasibətləri tənzimləyən prinsip və normalar sistemidir. Beynəlxalq hüququn predmeti beynəlxalq münasibətlərdir (bax: məs., 1). Beynəlxalq münasibətlər isə millətlər və dövlətlərarası kommunikasiyada ictimai münasibətlər növüdür. Beynəlxalq münasibətlər dövlətlərlə yanaşı, dövlətlər sistemi (və ya qrupu) arasında qarşılıqlı əlaqələrin cəmidir.

Aydın olur ki, milli maraqların beynəlxalq arenada siyasi ifadəsi beynəlxalq hüquq çərçivəsində beynəlxalq münasibətlərdə predmetləşə bilər. Bu isə istənilən tarixi mərhələdə milli maraqların daxili və xarici aspektlərinin sintezinin düzgün müəyyən olunmasını tələb edir. Yeni mərhələdə bu tezisin işığında Azərbaycanın milli maraqlara və beynəlxalq hüquqa söykənən xarici siyasətinin politoloji cizgiləri necə ola bilər?

Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasında milli maraqlar: xarici siyasət paradiqması kontekstində

Hər şeydən öncə, həmin əlamətlər Prezident İlham Əliyevin nitqlərində öz ifadəsini tapıb. Son olaraq həmin tezislər Prezidentin bu ilin yanvarında yerli telekanallara verdiyi müsahibədə və seçki platformasında öz geniş əksini tapıb.

Azərbaycanın dövlət başçısı yeni mərhələdə hədəflərin müəyyən olunmasının və həyata keçirilməli olan əsas proqramların ümumi xarakteristikasını yerli televiziya kanallarına verdiyi müsahibədə dolğun və konkret ifadə edib. Dövlət başçısı deyib: "Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz" (2).

Burada Prezident üç mühüm məqamı sırf milli maraqlar kontekstində izah edir. Birinci məqam Azərbaycanın daim milli maraqlara dayanan siyasət yeritməsi zərurəti ilə bağlıdır. Bu, hətta böyük zəfərlərin olması ilə arxa plana atıla bilməz. Bu səbəbdən də yeni dövrün yeni hədəfləri mütləq müəyyən olunmalıdır.

İkinci məqam: Prezident İlham Əliyev ifadə edir ki, milli maraqların həmişə adekvat təmin edilməsi üçün dünya təcrübəsinə müraciət etmək və Azərbaycanla müqayisələr aparmaq gərəkdir. Həmin təcrübə də göstərir ki, yeni mərhələyə köhnə hədəflərlə keçənlər, əldə etdikləri nailiyyətləri istismar edənlər həmişə uduzurlar.

Üçüncü məqam ondan ibarətdir ki, Azərbaycanın rəhbəri və xalqın lideri kimi, İlham Əliyev artıq yeni mərhələ üçün əsas hədəfləri müəyyənləşdirib, lakin onlar cəmiyyətdə də mütləq müzakirə olunmalıdırlar.

Bizcə, çox doğru və strateji əhəmiyyətli bir mövqedir. Onun səbəblərini də dövlət başçısı aydın ifadə edib. İlham Əliyev deyib: "Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Üçüncüsü, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir (2).

İlham Əliyevin burada çox düşündürücü mesajları vardır. Azərbaycan Prezidenti ifadə edir ki, yeni mərhələdə hədəfləri elə müəyyən etməliyik ki, onlar dövləti və cəmiyyəti daim ayıq saxlasın. Bu, Azərbaycanın əldə etdiyi Zəfərin təsir miqyası ilə əlaqəlidir. Zəfər regional və qlobal miqyaslarda Azərbaycan dövlətinin imicini yeni səviyyəyə yüksəltdiyindən dostlar sevinirlərsə, düşmənlər yeni planlar hazırlayırlar. Bunlara hazır olmaq gərəkdir. Bunun üçün yeni mərhələdə yeni hədəflər stratejidə təhlükəsizliyin təminini maksimum dərəcədə nəzərə almaqla müəyyən olunmalıdır.

Beləliklə, milli maraqlara və beynəlxalq hüquqa söykənən xarici siyasət, faktiki olaraq, daxili və xarici məqsədlərə eyni uğurla çatmaq üçün kompleks xarakterli proqramları özündə ehtiva edir. Onun sosial, siyasi, iqtisadi, mənəvi aspektləri mövcuddur. Məhz buna görədir ki, İlham Əliyevin seçki platformasında xarici siyasətin istiqamətləri digər sferalarla sistem halında təqdim olunur. Onlar bir-birlərini tamamlayırlar. Bu baxımdan milli maraqlarla beynəlxalq hüququn bir istiqamətdə əks olunması əhəmiyyətli haldır. Bunun üzərində geniş dayanaq.

Xarici siyasətin bir istiqamətində milliliklə beynəlxalq hüquqiliyin sintezdə nəzərə alınması müasir müstəqil dövlətçiliyin mahiyyəti ilə bağlıdır. İlham Əliyevin yeritdiyi siyasi kursun üstünlüyü də bu məqamla əlaqəlidir.

Konkret ifadə etsək, Azərbaycan Prezidenti daim beynəlxalq hüquq normaları çərçivəsində rasional-praqmatik siyasi xətt həyata keçirir. Milli maraqların siyasi maraqların təməli kimi dövlətlərarası münasibətlərə proyeksiyası həmin kontekstdə son dərəcə incə məsələdir. Çünki dövlətin və cəmiyyətin maraqları legitim formada təmin olunmalıdır. Bundan kənarda müstəqillik mövcud deyildir.

Lakin hər bir ölkənin milli maraqları onun özünə aiddir və beynəlxalq miqyasda onun sivil, qanunauyğun və inklüziv legitim formada təqdimatı lazımdır. Vurğulanan incəlik siyasi dildə xarici siyasətin yeni mərhələdə birinci istiqamətində öz əksini tapıb.

Beynəlxalq hüquq normalarının ayrıca qeyd edilməsi göstərir ki, yeni mərhələdə də Azərbaycan Prezidenti ancaq və ancaq hüquqi çərçivədə siyasi kurs həyata keçirəcəkdir. Hansı situasiyanın yaranmasından asılı olmayaraq, rəsmi Bakı beynəlxalq hüquqa uyğun olmayan addım atmayacaqdır. Bu, mühüm bir mesajdır.

Öncəki dövrdə olduğu kimi, Azərbaycan Prezidenti yeni mərhələdə də inkişaf paradiqması çərçivəsində milli mənafeyə uyğun olan və beynəlxalq hüquq normalarının imkan verdiyi səviyyədə xarici siyasətdə milli maraqlara söykənəcəkdir. Və bu əsasda da sülh, əməkdaşlıq və təhlükəsizlik uğrunda mübarizəsini davam etdirəcəkdir.

Deməli, birinci istiqamət yeni mərhələdə Azərbaycanın hüquqi demokratik dövlət kimi fəaliyyətini davam etdirəcəyini ifadə edir. Bunun təməlində milli maraqlar dayanırsa, beynəlxalq miqyasda onun reallaşma mexanizmləri beynəlxalq hüquq normalarına söykənir.

Bu iki mühüm faktorun sintezində birinci istiqamət uğurla həyata keçməlidir. Bunun üçün kifayət qədər baza hazırlanıb. Vurğulanan qənaətə o cümlədən dövlətin qəbul etdiyi sosial-iqtisadi, enerji, elm, təhsil, informasiya-kommunikasiya, logistika və digər sferalara aid strateji sənədlərin məzmununa əsasən də gəlmək olur.

Sosial-iqtisadi inkişaf strategiyasının prioritetləri və xarici siyasət: milli maraqlar müstəvisində

Ölkənin müxtəlif sahələr üzrə inkişaf strategiyası ilə milli maraqlara söykənən xarici siyasət kursunun əsas istiqamətləri arasında tam uyğunluğu təsdiq edən faktlara nəzər salaq. Sosial-iqtisadi inkişafa dair aşağıdakı beş bənd Milli Prioritetlər kimi müəyyən edilib:

dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi (3)

Bu müddəalar daxili sabitlik və sistemli inkişafı təmin edən əsas tezislərdir. Onlar iqtisadi, sosial, mədəni, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər strateji mahiyyətli sferaları əhatə edirlər. Həmin bəndlər üzrə geniş təqdimat "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" adlı sənəddə ifadə edilib (4).

Bu sənədlərdə əks olunmuş hədəflərin daha geniş aspektdə istiqamətləri isə Prezidentin seçki platformasında müəyyən edilib. Məsələn, 2024-2031-ci illəri əhatə edəcək sürətli və dayanıqlı inkişaf edən biliktutumlu iqtisadiyyatın gücləndirilməsi üçün 10 hədəf müəyyənləşdirilib. Onların arasında yeni informasiya-kommunikasiya texnologiyaları, Kosmik fəzanın tədqiqi, rəqəmsal iqtisadiyyatın yaradılması, innovasiyayönümlü ideyaların tətbiqi, iqtisadi idarəetmənin müasirləşməsi və digər bəndlər vardır. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış ayrıca yer alır (5).

Vurğulanan strateji hədəflərə və onun ayrı-ayrı bəndlərinə vahid sistem prizmasından baxdıqda, Prezident İlham Əliyevin yeni mərhələdə daxili siyasəti kifayət qədər innovativ, kreativ və konkret müsbət nəticəli proqramlar sistemi əsasında həyata keçirməyi nəzərdə tutduğu qənaətini alarıq. Bu isə yeni mərhələdə daxili siyasətin tam olaraq milli maraqlara uyğun aparılacağını ifadə edir. Əsas isə odur ki, dövlət başçısı illər öncə konkret strateji inkişaf proqramları çərçivəsində həmin məqamı dolğun nəzərə alıb. Deməli, Prezident İlham Əliyev yüksək strateji zəka sahibi kimi Azərbaycanda müstəqil dövlətçiliyin inkişafı strategiyasını bütün zəruri məqamları nəzərə alaraq hazırlayıb. Bu xüsusda ölkənin sosial-iqtisadi inkişaf strategiyası ilə xarici siyasətin yeni mərhələ üçün müəyyən edilmiş birinci istiqaməti arasında sıx bağlantını yuxarıdakı təsvirdən də aydın görmək olar. Bununla yanaşı, vurğulanan məqamlardan bir sıra geosiyasi nəticələr də əldə edə bilərik.

Hər şeydən əvvəl, yeni mərhələdə xarici siyasətin birinci istiqamətinin milli maraqlarla beynəlxalq hüququn sintezində strateji tələblərə cavab verən formada davam etdirilməsinin nəzərdə tutulduğu aydınlaşır. Azərbaycan bundan sonra da fəal surətdə xarici siyasət xətti reallaşdıracaq. Bunun üçün ölkənin kifayət qədər sosial, iqtisadi, mədəni, mənəvi, ideoloji və diplomatik bazası yaradılıb. Belə çıxır ki, yeni mərhələdə bu istiqamətdə daha yüksək səviyyələrə nail olunması xarici siyasətdə ayrıca yer tutacaqdır.

Digər əhəmiyyətli geosiyasi nəticə ondan ibarətdir ki, yeni mərhələdə Azərbaycan daha geniş geosiyasi məkanda xarici siyasətini aktivləşdirəcəkdir. Bu zaman milli maraqlarla beynəlxalq hüququn bir-birini tamamlaması başlıca faktor olaraq qalacaqdır. Strateji planda milli maraqların xarici siyasətin birinci istiqamətində xüsusi vurğulanmasının da dövlətçilik baxımından xüsusi mənası vardır.

Daha konkret desək, Azərbaycan Prezidenti yeni mərhələdə də Azərbaycanın müstəqilliyində milli faktorların aparıcı rol oynayacağını ifadə edir. Məhz güclü milli müstəqil dövlət kimi Azərbaycanda demokratiya və liberal dəyərlər inkişaf edəcəkdir. Xarici siyasətdə də bu şərtin nəzərə alınması hər bir tarixi mərhələdə Azərbaycan cəmiyyəti və dövlətinin bütövlüyünün ön planda saxlanması zərurətinin vurğulanmasını ifadə edir.

Bu məqam müasir müstəqil dövlətçilik baxımından prinsipial əhəmiyyət kəsb edir. Çünki hazırda heç də bütün böyük güclər müstəqil milli dövlətçiliyin inkişaf etməsində maraqlı deyillər. Hətta onlar bunun baş verməməsi üçün dünyanın müxtəlif regionlarında müstəqil dövlətlərə problemlər yaradırlar. Azərbaycan isə yuxarıda vurğuladığımız mesajı ilə müstəqil, milli dövlət quruculuğu kursundan zərrə qədər də kənara çıxmayacağını və siyasi varislik prinsipi əsasında onu daha da inkişaf etdirəcəyini bəyan edir.

Digər geosiyasi nəticə Azərbaycanın yeni tarixi mərhələdə milli maraqlarla regional və qlobal miqyaslarda beynəlxalq hüquq normaları çərçivəsində onların sintezi nəzərə alınmaqla müxtəlif təşkilatlarda aktiv diplomatik fəallığını davam etdirəcəyini ifadə etməsi ilə bağlıdır. Əslində, yuxarıda vurğuladığımız strateji inkişaf proqramlarında həmin özəllik ana xətt kimi keçir. Onun konkret ifadəsi isə müxtəlif enerji, nəqliyyat-logistika, informasiya-kommunikasiya layihələrinin reallaşması və yekun olaraq "yaşıl iqtisadiyyat"ın yaradılması ilə əlaqədar proyektlərin strateji sənədlərdə detallı şəkildə əks olunmasında özünü göstərir.

Beləliklə, xarici siyasətin birinci istiqamətinin milli maraqlarla beynəlxalq hüquq normalarının bir-birini tamamlaması kontekstində təqdim edilməsi dərin düşünülüb və real geosiyasi situasiyanı nəzərə almaqla elmi əsasda müəyyən olunub. Azərbaycan müstəqil dövlət kimi yalnız milli maraqlara uyğun kurs üzrə inkişaf edəcəkdir. Bizcə, bu tezis yeni mərhələdə Azərbaycanda dövlətçiliyin inkişafı üçün lazım olan xarici siyasətin müəyyən edilməsinin başlıca özəlliyini ifadə edir. Eyni zamanda, xarici siyasətin digər istiqamətlərinin məzmun və geosiyasi mahiyyətinin açılmasında xüsusi rol oynayır.

Mənbələr

Шулятьев, И.А. Международное право – нормативная основа международных отношений. Что такое международное право и зачем оно нужно? // Российский совет по международным делам (РСМД), 2017. Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib // "Azərbaycan" qəzeti, № 04 (9459) 11 yanvar 2024-cü il. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər // "Azərbaycan" qəzeti, № 24 (8167) 3 fevral 2021-ci il. Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası // "Azərbaycan" qəzeti, № 153 (9032) 23 iyul 2022-ci il. Qalib xalqın qalib lideri! 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Əliyevin seçki platforması // "Azərbaycan" qəzeti, № 08 (9463) 16 yanvar 2024-cü il.


MANŞET XƏBƏRLƏRİ