GÜNƏŞ olmağı bacarmaq...


Xəyalə Zərrabqızı: Türk ədəbiyyatı dərgisi: Əhməd Kabaklıdan İmdat  Avşara... - Kırım'ın Sesi Gazetesi
Xəyalə Zərrabqızı
filologiya üzrə fəlsəfə doktoru

Bu dünyanın ən təmiz, heç zaman çirklənməyən modelidir kənd… Mayası torpaqdan qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur… Doğma Şəkimizin qədim tarixi guşələrindən olan Böyük Dəhnə köyündə doğulub Cavanşir Müəllim... Həyat məktəbinə də, məktəb həyatına köy mühitində qədəm qoyub. Alın təriylə əməyə qatlaşmağı əlləri qabarlı, çöhrəsi nurlu Əsmayə Ananın öyüdü kimi ruhuna köçürüb, torpağa təzim etməyi, torpağa əyilərək zəhmətiylə ucalmağı ilk yeniyetməlik çağlarından həyat tərzinə, yaşam qayəsinə çevirib. Orta təhsilini müvəffəqiyyətlə tamamlayıb ali təhsil aldıqdan sonra cəfakeş, zəhmətkeş gənc Cavanşir bəy zaman keçdikcə fədakar ürəyi, elmi və ədəbi işığı ilə özü bütöv bir nəsil üçün Yol olan, Elmimizdə, ictimai-siyasi düşüncəmizdə və Türk milli məfkurəmizdə öz dəsti-xətti ilə Məktəb yaradan böyük ziyalıya, ictimai-siyasi elm xadiminə çevrilib...

Cavanşir müəllimin uşaqlığı, orta məktəb illəri ilə bağlı qələmə aldığı duyğulu xatirələrini oxuyanda qəhər bir tikə yavan loxma kimi boğazımda düyünlənmişdi. Sanki bir türkünün tez-tez təkrarladığım misraları sədalanmışdı qulağımda: “Acıdan keçmeyen şarkılar bir az eksiktir...” Cavanşir müəllimin uşaqlığından o kövrək sətirləri oxuduqca gerçəkdən inanmışdım ki, acıdan keçməyən şərqilər əksik olduğu kimi acılardan keçib durulmayan insan da yarımçıq kimidir... Ən böyük “Doğuluş”,ən kamil "Varoluş" insanın mənəvi ağrıların bətnindən qopduğu, öz içindəki əzablardan keçərək durulduğu andır... Ən böyük insan çətinlikləri görüb, zəhmətlərdə yetişən İnsandı... Ən böyük insan Tanrının verdiyi 1 damcı istedada 99 damcı alın tərini qatmağı bacaran insandı... Halallığın bətnindən doğulan belə insanlar saflığın və kamil insan olmağın ən gözəl örnəyi olurlar. Bizim dəyərli böyüyümüz Cavanşir müəllim Feyziyev kimi...

Açıklama yok.

“..Ötən əsrin 70-ci illərinin sonunda Şəki rayonunun Turan qəsəbəsindəki orta məktəbdə oxuyurdum. Məktəb internat tipli olduğu üçün hər həftənin şənbə günü rayonun, demək olar, əksər bölgələrindən bura oxumağa gələn şagirdlər evlərinə dönürdülər. Əsas magistral yol qəsəbədən təxminən üç kilometr aralı keçirdi. Ona görə də hər şənbə günləri müxtəlif yaşlı sısqa, əksəriyyətinin üz-gözündən qüssə-kədər yağan məktəb uşaqları durna qatarı kimi yolun kənarına düzülərək “böyük dünya”ya tərəf “köç” edirdilər. O vaxtlar biz internatın divarlarından kənarda olan bütün ərazilərə “böyük dünya” deyirdik. Nədənsə həmişə Trud düzünün saqqız kimi yapışqan torpağına bataraq min bir əziyyətlə bu üç kilometrlik yolda addımlayarkən anlamadığım, mahiyyətini, mənşəyini dərk etməkdə çətinlik çəkdiyim acı bir qəhər elə hey məni boğurdu. Paltarları bir – birinə oxşayan, nimdaş geyimli, yolun kənarındakı sarımtıl payız otlarını, vaxtsız bitən vəhşi qanqalları dinməz-söyləməz tapdalaya-tapdalaya hansısa işıqlı bir qüvvəyə doğru irəliləyən bu uşaqlara ara-sıra keçib gedən maşınlar da saxlamırdı. O vaxtlar hər şənbə təkrar olunan bu uşaq köçünü görəndə nədənsə kövrəlirdim, acizliyimə acığım tuturdu, elə bilirdim ki, qalaktikaya səpələnən ulduzlara bənzəyən bu köməksiz uşaqlara kimsənin sahib durmaması, maşınların qıjıltı ilə onların yanından ötüb o tərəf – bu tərəfə keçməsi dünyanın ən böyük ədalətsizliyi və haqsızlığıdır. Və nədənsə həmiişə o mənzərəyə ürək ağrısı ilə baxarkən yadıma holland rəssamı Van Qoqun məşhur “Günəbaxanlar” tablosu düşürdü. O tabloya fikir vermisinizmi, orada bir neçə günəbaxan təsvir olunub, amma günəşin özü isə yoxdur. Sadəlövhcəsinə düşünürdüm ki, bu uşaqları Trudun cəngindən alaraq xoşbəxt edə biləcək yeganə şey kiçicik “günəş”- avtobusdur, bir sərnişin avtomobilidir... Və hər dəfə özümə qəti söz verirdim ki, böyüyəndə hökmən vəzifə sahibi olacağam və böyük bir avtobus alıb internat-məktəbə bağışlayacağam ki, daha birinci sinifdən tutmuş onuncu sinfə kimi şagird kontingenti olan bu durna qatarı, bu günəşin sorağında olan günəbaxanlar Trud düzünün sərt, şaxtalı-qarlı qoynuna səpələnməsinlər...”

Bu arzu həyat elə gətirir ki, sonralar Cavanşir müəllimin qəlbində o qədər yüksək ali mərama çevrilir ki, böyüyüb boya-başa çatdığı Böyük Dəhnə kəndində Cavanşir müəllim minə yaxın şagirdi qoynuna alan nəhəng məktəb tikintisi layihəsini gerçəkləşdirərək yeniyetmələrin işıqlı gələcəyinin təminatçısı olur.

Məktəb binası qoymaq, yüzlərin, minlərin idrakında, düşüncəsində işıq yandıra bilmək Kəbə evini yenidən yapmaq kimi müqəddəs bir işdir. Birinin elm-irfan sahibi olmasına nədən olmaq Tanrı qatında savabların ən gözəlidir. Ki, Cavanşir müəllim hər il 200-dən çox gəncin ali təhsil almağına maddi və mənəvi dəstəkdə bulunmaqla ən böyük savabı qazanmış olur.

Bioqrafiyasına diqqət etdikcə aydın görürük ki, təhsilə dair məqamlar Cavanşir müəllimin həyatından sanki parlaq qırmızı xətt kimi keçir.

Çünki Cavanşir Feyziyevin millət vəkili,fəxri səfir, elm xadimi, tərcüməçi və digər statuslarından daha ucada dayanan şərəflə daşıdığı bir Müəllim adı var. 30 il öncə Azərbaycan Dillər Universitetinin Tərcümə kafedrasında Fransız lisanını tədris edərək auditoriyada yüksək mədəniyyət və elm sərgiləyən zəngin bilgili bir pedaqoq olmağın yanısıra Cavanşir müəllim həm də kitabları ilə daha böyük auditoriyaları, daha geniş kütləni maarifləndirən, “Sülh fəlsəfəsi” ilə barışı, “Türk dövlətləri birliyi” ilə birliyi və bütövlüyü aşılayan ideoloq, Ustad Müəllimimizdir...

“Əsərinin üzərində imzası olmayan yeganə sənətkar Öyrətməndir!” – deyir böyük Mustafa Kamal Atatürk. Bu gün Türk dünyasında Mustafa Kamal paşanın şərəfli yolunu qəlbində, ruhunda, işıqlı əməllərində yaşadan, öyrədən və sağlam düşüncəsinin təməlini qoyduğu gəncləri o qutlu yolda yürüdən “fikri hürr, vicdanı hürr, irfanı hürr” Hocalar ordusunun ən ön sırada dayananıdır Cavanşir Hoca!...

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və Avropa ölkələrinin parlamentlərində, xüsusən Şotlandiya parlamentində Xocalı soyqırımının tanınması istiqamətində Cavanşir müəllimin misilsiz xidmətlərini illər uzunu hamımız gördük.

Əminliklə deyə bilərəm ki, Cavanşir müəllimin dərin elmi məzmun daşıyan tədqiqatları, hərtərəfli sosial-ictimai-siyasi mündəricəsi olan publisistikası ilə qoşa addımlayan ədəbiyyatşünaslığa dair məqalələrini yazmaq (düşünə bilmək!) və bütün bunları bir ömrə, bir ürəyə sığdırmaq özü İlahinin bir vergisi, mükafatıdır.

Mən Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasında Cavanşir müəllimin fəlsəfə doktorluğu dissertasiyasının əlyazma nüsxəsini və avtoreferatını oxumuşam. Onun alim mövqeyinə sonsuz heyranlıqla bu qənaətə varmışam ki, “Etno-siyasi münaqişələrin mənəvi aspektləri”ndən yazanda Cavanşir müəllim nə qədər planetar mövzulara toxunaraq alim kimi ciddi mövqe ortaya qoya bilirsə, nə qədər ümumbəşəri düşünə bilirsə, Yusuf Akçuradan, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağaoğludan, İsmayıl bəy Qaspıralıdan, Ziya Göyalpdan, Zəki Vəlidi Toğandan, Ayaz İshaqidən, Həsən bəy Zərdabidən, Məhəmməd Əmin Rəsulzadədən, Bəxtiyar Vahabzadədən, Mikayıl Müşfiqdən, Rəsul Rzadan, Şirməmməd Hüseynovdan danışanda bir o qədər milli mənafedən çıxış edə bilir.

Açıklama yok.

“Sabahın xeyir, Ruhlar şəhəri!” deyə təndiri dağıdılan, məktəbi yandırılan, daş üstə salamat daşı qalmayan Ağdamı salamlayanda biz onun ruhunda tüğyan edən ağrıları, Jorj dö Mallevilin "1915-ci il erməni faciəsi"ni oxuyanda isə Cavanşir müəllimin tərcüməçiliyini önləyən vətəndaş yanğısını görürük.

Mustafa Kamal Atatürk yazırdı ki, "Tarixini yazan o tarixi yapan insandan daha böyükdür". Bu mənada, Cavanşir müəllimin qələmə aldığı "Türk dövlətləri birliyi" kitabının ideoloji çəkisi elə Türk birliyinin təməlini qoyan, quran yaradıcı insanların əməyinin çəkisi ilə bərabər əmsaldadır.

Kitabın "Tarixdən doğulan gələcək" adlı birinci hissəsində toplumların tərəqqisi üçün tarixin ciddi bir mənbə, məxəz olduğunu vurğulayan müəllif o tarixi yaşatmağın və dəyərləndirməyin önəmini xüsusi qeyd edir.

Cavanşir Feyziyevin qələminin məhsulu olan elmi, fəlsəfi, ədəbi-publisistik yazıları hər dəfə oxuduqca təkcə Azərbaycanımıza deyil, geniş anlamda Türk dünyamıza Cavanşir müəllim keyfiyyətdə, belə istedadda və məfkurədə bir Aydın bəxş etdiyi üçün Tanrıya sonsuz şükranlıqda bulundum. Səmimi etiraf edim ki, mən bu böyük yaradıcılıq salnaməsinin istər Türkoloji, istər sosioloji, istər politoloji yöndə qələmə alınmış hər bir nümunəsini, xüsusilə də böyük ədəbiyyat və sənət eşqiylə yaradılan örnəkləri sadəcə elmi idrakla deyil, Cavanşir müəllimin sözünə, qələminə, ruhuna ilahi bir vurğunluqla oxuyuram.

Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş "Rəmiş" adlı maraqlı bir hekayəsi var: "Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş "Segah" çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var" - deyir.

Nədənsə, Cavanşir müəllim haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Cavanşir müəllimin özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, "kişiliyim çatmasa da", peşə vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və sağlam təfəkkürlü bir toplum formalaşdırmaq üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bunu yazmağın vacib olduğunu düşünürəm...

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi insanların qəlbinə gedən yoldur. Əslində, vəzifələr, fəxri adlar, təltiflər, titular, ödüllər və bu kimi nəsnələrin hamısından ucada duran məqam: qəlblərə gedən o yolu bulmaq, düşüncələrdə işıqlı üfüq aça bilməkdir.

Əminliklə söyləyə bilərəm ki, Cavanşir Bəy öz işığı – ziyası, dərin düşüncəsi ilə ürəklərə gedən o yolu çoxdan fəth edib.

Bu dünyada vicdanına qəlbən sadiqliyin, zəhmətkeş əllərin, gözəl əməllərin, səmimiyyətin, təmiz sözün, fədakar ürəyin qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı Cavanşir Əyyub oğlu Feyziyevin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Məktəb olmağı, Kitab olmağı, Günəş olmağı bacaran Adam!

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində araşdırmalarım nədəniylə axtarış apararkən bir məktubla qarşılaşmışdım. Abbas ağa Qayıbov Firidun bəy Köçərliyə yazır ki: Əgər nə zamansa bilsəydim ki, tale məni Sənin kimi fikir adamı ilə qarşılaşdıracaq, mən sənin tədqiq etməyin üçün 30-40 cild əsər yazardım.

İndi kitab rəfimdə dəyərli Cavanşir müəllimin tədqiqat üçün zəngin material verən, Türk dünyasını özündə ehtiva edən monumental abidə nəşrləri ilə və onunla yanaşı “Türk dövlətlər birliyi”, “Sülh fəlsəfəsi” kitabları və Cavanşir müəllimin zəngin publisistik irsi ilə üz-üzə dayanırkən düşünürəm ki,

Abbas ağa Qayıbov demişkən: Nə yaxşı ki, tale bizi Sizin kimi məfkurə adamı ilə qarşılaşdırıb, dəyərli Cavanşir Müəllim!


MANŞET XƏBƏRLƏRİ