Bayramqabağı qiymət sürprizi: Bu məhsullar bahalaşacaq


Bayramı ərəfəsində ərzaq məhsullarının qiymətinin artması Azərbaycanda hər il müşahidə olunan mövsümi iqtisadi proseslərdən biridir.

Bayramqabağı alıcılıq qabiliyyətinin və satış imkanlarının artmasından istifadə edən bəzi satıcılar qiymətləri yüksəldə bilirlər.

Azərbaycan Dövlət Statistika Komitəsinin 12 noyabr 2026-cı il tarixli məlumatına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında ümumi istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə artım 6,8 faiz təşkil edib. Təkcə oktyabr ayında həmin məhsul qrupunda qiymətlər sentyabr ayı ilə müqayisədə 0,6 faiz yüksəlib.

Burada diqqət yetirilməli məqamlardan biri də bəzi satıcıların bayram ərəfəsində yaranan yüksək tələbatdan istifadə etməsidir.

Məhsulun alış qiymətində və maya dəyərində ciddi dəyişiklik olmadığı halda satış qiymətinin artırılması istehlakçılar üçün əlavə maliyyə yükü yaradır.

Qeyd edək ki, qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı gəlir. Eyni zamanda son günlər maaş və pensiyaların artımı ilə bağlı xəbərlər səslənir.

Bütün bunları nəzərə aldıqda bazarda bahalaşma gözlənilirmi? Daha çox hansı növ mal və məhsulların bahalaşma ehtimalı var?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, uzun illərdir Azərbaycanda pis bir ənənə formalaşıb:

“Yeni il və Novruz bayramı qabağı ərzaq qiymətləri daha sürətlə artır. Düşünürəm ki, bu il də həmin tendensiyanın şahidi olacağıq. Əsasən ərzaq məhsulları, gündəlik tələbat malları daha çox bahalaşır.

Orta statistik Azərbaycan ailəsi həftə ərzində 30-35 adda gündəlik tələbat mallarından istifadə edir. Bunlar əsasən, meyvə-tərəvəz, toyuq əti, qırmızı ət, yağ, bitki yağı, pendir, yumurta və s. gündəlik tələbat malları sayılır və təəssüf ki, bayramlar öncəsi tələbat da artır.

İnsanlar süfrə qurmaq istəyir və bu ərzağa olan tələbatı da artırır. Bunun nəticəsində qiymət artımını biz sürətlənməsini görə bilərik”.

Nigar Abdullayeva
“Cebheinfo.az”


MANŞET XƏBƏRLƏRİ