Kredit, kirayə, maaş...- İşçiləri çıxılmaz vəziyyətə salan səbəblər


Hər gün səhər işə getmək istəmədən oyanan, gün ərzində saatın neçə olduğunu tez-tez yoxlayan, bazar ertəsini səbirsizliklə deyil, narahatlıqla qarşılayan insanlar az deyil. Bəziləri işindən narazıdır, psixoloji olaraq yorulub, hətta hər gün işdən çıxmağı düşünür. Ancaq kredit, kirayə, ailə məsuliyyəti, yeni iş tapa bilməmək qorxusu və maddi çətinliklər onları sevmədikləri işdə qalmağa məcbur edir. Azərbaycanda da bir çox insan üçün işini dəyişmək sadəcə qərar verməkdən ibarət deyil, həm də maddi riskə getmək deməkdir.

Bəs insan sevmədiyi işdə niyə qalır? Bu qorxunu necə aşmaq olar?

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan insan resursları mütəxəssisi Röyal Əhmədov bildirib ki, insanlar çox vaxt sevmədikləri işdən çıxmağa qorxurlar, çünki sonra nə edəcəklərini, necə dolanacaqlarını bilmirlər.

“İnsanların sevmədikləri işdə qalmasının əsas səbəbi çox vaxt həmin işi sevmələri deyil, işdən ayrıldıqdan sonra qarşılaşacaqları qeyri-müəyyənlikdən qorxmalarıdır. Kredit ödənişləri, kirayə, ailə məsuliyyəti, gündəlik xərclər və yeni iş tapmağın nə qədər vaxt aparacağı ilə bağlı narahatlıqlar insanı mövcud iş yerində qalmağa məcbur edir. Xüsusilə Azərbaycanda əmək bazarında yeni iş axtarmaq hər zaman asan deyil. İnsan bəzən aylarla iş axtara, gözlədiyi əməkhaqqını əldə edə bilməyə və ya əvvəlki iş şəraitindən daha yaxşı imkan tapa bilməyə bilər. Buna görə də bir çox insan sevmədiyi işdə qalmağı risk etməkdən daha təhlükəsiz hesab edir. Amma burada vacib bir məqam var: insan yalnız maddi vəziyyətini deyil, psixoloji sağlamlığını, şəxsi inkişafını və gələcək karyerasını da nəzərə almalıdır.

Bu qorxunu aşmağın yolu düşünülməmiş şəkildə işdən çıxmaq deyil, alternativlər yaratmaqdır. İnsan işlədiyi müddətdə yeni vakansiyaları araşdırmalı, CV-sini yeniləməli, müsahibələrdə iştirak etməli, peşəkar əlaqələrini genişləndirməli və mümkün qədər maddi ehtiyat formalaşdırmalıdır. Yəni insan özünə belə bir yanaşma formalaşdırmalıdır: mən mütləq bu gün işdən çıxmalı deyiləm, amma sabah çıxmaq imkanına sahib olmaq üçün bu gündən addımlar atmalıyam”.

Mütəxəssis deyib ki, insan işdən çıxmaq istəyib heç nə etmədikcə, bir müddət sonra bu narazılığa da öyrəşir və daha yaxşısına layiq olduğunu unudur:

“İşdən narazı olmaqla, həmin işin insana ciddi zərər verməsi arasında fərq var. Hər işdə müəyyən çətinliklər, gərginliklər və xoşagəlməz məqamlar ola bilər. Bunlar avtomatik olaraq işdən ayrılmaq üçün səbəb deyil. Əsas məsələ həmin problemlərin müvəqqəti, yoxsa davamlı xarakter daşımasıdır.

Məncə, insan aşağıdakı hallarla mütəmadi qarşılaşırsa, artıq işlədiyi yerdə qalmağın ona nə qazandırdığını ciddi şəkildə düşünməlidir:

Hər səhər işə getmək insanda ciddi narahatlıq yaradırsa və bu hiss uzun müddətdir davam edirsə

İş mühitində hörmətsizlik, təzyiq, alçaldılma və ədalətsiz münasibətlə qarşılaşırsa

Əməkhaqqı, vəzifə öhdəlikləri və iş şəraiti arasında ciddi uyğunsuzluq varsa

İşçi özünü inkişaf etdirə bilmir, yeni bilik və bacarıqlar qazanmırsa

Göstərdiyi əməyin qarşılığında dəyər görmür və daim motivasiyasını itirirsə

İş həyatındakı gərginlik şəxsi həyatına, ailə münasibətlərinə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərirsə

Uzun müddət ərzində nə karyera inkişafı, nə də maddi baxımdan irəliləyiş üçün real perspektiv mövcuddursa.

Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: insan hər gün işdən çıxmağı düşünür, amma heç bir addım atmırsa, zamanla bu vəziyyət onun üçün adi hala çevrilə bilər. Ən təhlükəli məqam da budur. İnsan narazı olduğu vəziyyətə alışır və öz potensialından daha aşağı səviyyədə yaşamağı qəbul etməyə başlayır. İş sadəcə pul qazanmaq vasitəsi deyil. İş insanın həyatının böyük bir hissəsini əhatə edir. Buna görə də insan işlədiyi mühitdə özünü dəyərli, təhlükəsiz və inkişaf edən biri kimi hiss etməlidir”.

R.Əhmədovun sözlərinə görə, işini dəyişmək istəyənlər tələsik qərar verməməli, əvvəlcə maddi vəziyyətlərini və yeni iş imkanlarını nəzərdən keçirməlidirlər:

“Mənim tövsiyəm odur ki, insan emosional qərarla deyil, konkret planla hərəkət etsin. Çünki bir iş yerindən narazı olmaq başqa, həmin işdən ayrıldıqdan sonra maddi və peşəkar baxımdan çətin vəziyyətə düşmək başqadır.

İlk növbədə insan özünə üç əsas sual verməlidir:

1. Mən hazırkı işimdən niyə narazıyam? Problem əməkhaqqındadır, rəhbərlikdədir, kollektivdədir, iş yükündədir, yoxsa ümumiyyətlə seçdiyim peşədə?

2. Mən hansı işdə və hansı şəraitdə çalışmaq istəyirəm? Yeni iş yerindən gözləntilərim nədir?

3. Hazırkı işimdən ayrıldıqdan sonra ən azı bir neçə ay maddi baxımdan özümü təmin edə biləcəyəmmi?

Bundan sonra isə aşağıdakı addımları atmaq məqsədəuyğundur:

Birinci – Öz maliyyə vəziyyətini qiymətləndirmək. Aylıq xərcləri, kreditləri, kirayəni və digər öhdəlikləri hesablamaq lazımdır. İmkan daxilində ən azı 3 aylıq zəruri xərcləri qarşılaya biləcək ehtiyatın olması insana daha rahat qərar verməyə kömək edir.

İkinci – CV-ni və peşəkar profilini yeniləmək. İnsan öz təcrübəsini, bacarıqlarını və əldə etdiyi nəticələri düzgün təqdim etməlidir. Çünki yeni iş axtarışında ilk təəssürat çox vaxt CV və peşəkar profildən başlayır.

Üçüncü – İşdən çıxmadan yeni imkanlar axtarmaq. Vakansiyaları izləmək, müraciətlər etmək, müsahibələrdə iştirak etmək və əmək bazarındakı real vəziyyəti öyrənmək lazımdır. Mümkündürsə, yeni iş təklifi və şərtləri dəqiqləşdirildikdən sonra mövcud iş yerindən ayrılmaq daha təhlükəsiz yanaşmadır.

Dördüncü – Problemi həll etmək imkanını yoxlamaq. Bəzən işçinin narazılığı rəhbərliklə düzgün ünsiyyət, iş bölgüsünün dəyişdirilməsi, əməkhaqqının yenidən müzakirəsi və ya başqa vəzifəyə keçidlə aradan qaldırıla bilər. İşdən ayrılmadan əvvəl bu imkanları da qiymətləndirmək lazımdır.

Beşinci – Qərarı öz gələcəyinə əsasən vermək. İnsan yalnız bugünkü narazılığına görə deyil, qarşıdakı 2-3 ildə harada olmaq istədiyinə görə qərar verməlidir. Bəzən daha yüksək əməkhaqqı təklif edən iş yeri uzunmüddətli inkişaf üçün uyğun olmaya bilər. Bəzən isə daha aşağı əməkhaqqı ilə başlayan yeni iş insana gələcəkdə daha böyük imkanlar qazandıra bilər.

İnsan sevmədiyi işdə sırf qorxularına görə ömrünü keçirməməlidir. Amma eyni zamanda, bir günün emosiyası ilə illərlə qurduğu maddi sabitliyi də riskə atmamalıdır”.

Onun sözlərinə görə, heç kəs yalnız pul qazanmaq və xərclərini ödəmək üçün sevmədiyi işdə qalmalı deyil:

“İşini sevməmək, dəyişiklik etmək istəmək və daha yaxşı şərait axtarmaq tamamilə normaldır. Heç kim ömrünün böyük hissəsini yalnız kreditini ödəmək və ayın sonunu gözləmək üçün yaşamalı deyil. Digər tərəfdən, hər kəsin öz məsuliyyətləri və imkanları fərqlidir. Ona görə də bir insana işdən dərhal çıxmağı tövsiyə etmək düzgün yanaşma olmaz. Əsas məsələ insanın özünü çıxılmaz vəziyyətdə hiss etməməsi və alternativlər üzərində işləməsidir. Unutmayaq ki, iş yerini dəyişmək üçün əvvəlcə işdən çıxmaq yox, yeni imkanlara hazırlaşmaq lazımdır. İnsan öz gələcəyini planlaşdırmağa başladığı gün əslində dəyişiklik etmək üçün ilk addımını atmış olur”.


MANŞET XƏBƏRLƏRİ