YƏHUDİ DAMĞASI: Arqumenti olmayanların siyasi silahı


Düzgün Atalı

Bir cəmiyyətin düşüncə səviyyəsini yoxlamağın yollarından biri onun mübahisə mədəniyyətinə baxmaqdır. Fikrə fikir ilə cavab verilirsə, orada düşüncə var. İnsanların üstünə damğa vurulur, etnik və dini kimlikləri siyasi ittihama çevrilirsə, orada artıq fikir mübarizəsindən yox, damğalama siyasətindən danışmaq lazım gəlir.

Bu gün bəzi siyasi-dini polemikalarda qəribə bir mənzərə ilə qarşılaşırıq: bəyənilməyən mövqenin qarşısına arqument qoymaq əvəzinə “yəhudi” damğası qoyulur.

Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edirsən — “yəhudi”.

Dövlətçiliyi müdafiə edirsən — “yəhudi”.

Türkçüsən — “yəhudi”.

Turançısan — “yəhudi”.

Bozqurd simvoluna sahib çıxırsan — “yəhudi”.

Tanrıçılıq haqqında düşünürsən — “yəhudi”.

Məktəbli formasını müdafiə edirsən — yenə “yəhudi”.

Beləliklə, bir söz müxtəlif və bir-birindən tamamilə fərqli mövqelərə qarşı işlədilən hazır ittiham formuluna çevrilir.

Bu nədir?

Fikir deyil.

Mübahisə deyil.

Sübut deyil.

Bu, siyasi damğadır.

Əgər Turançılığa qarşısan — danış!

Turan ideyasının hansı tərəfini yanlış hesab edirsən, göstər.

Türkçülüyə qarşısan — əsaslandır!

Bozqurd simvolunu qəbul etmirsən — onun hansı tarixi və mədəni anlamını rədd etdiyini izah et.

Tanrıçılıqla razı deyilsən — onun fəlsəfi əsaslarını tənqid et.

Məktəbli formasını istəmirsən — təhsil baxımından niyə yanlış olduğunu söylə.

Dövlət siyasətinə etiraz edirsən — alternativini ortaya qoy.

Qarabağ məsələsinə fərqli yanaşırsan — mövqeyini əsaslandır.

Amma bunların heç birini etmədən “yəhudidir” demək nədir?

Arqumentdən qaçmaq!

Çünki “yəhudi” sözü heç bir fikrin yanlışlığını sübut etmir.

Bu söz qarşı tərəfin arqumentini dağıtmır.

Onun mövqeyini təkzib etmir.

Heç bir fakt ortaya qoymur.

Sadəcə insanı “yad” elan etməyə çalışır.

Ən təhlükəli məqam da budur.

Çünki siyasi damğalama həmişə eyni yolla işləyir: əvvəl insanı yadlaşdırırsan, sonra onun fikrini təhlükə kimi təqdim edirsən, axırda isə onu düşmən obrazına çevirirsən.

Bu gün “yəhudi” deyirsən.

Sabah başqa söz tapacaqsan.

Damğanın adı dəyişəcək, damğalayan təfəkkür dəyişməyəcək.

Burada daha sərt bir sual vermək lazımdır:

Siz niyə insanın fikrinə cavab verməkdən qorxursunuz?

Niyə?

Çünki cavab vermək üçün bilik lazımdır.

Mübahisə etmək üçün məntiq lazımdır.

Tənqid etmək üçün arqument lazımdır.

Sübut etmək üçün fakt lazımdır.

Damğa vurmaq üçün isə bunların heç biri lazım deyil.

Bir söz deyirsən:

“Yəhudidir!”

Və düşünürsən ki, məsələ bağlandı.

Xeyr!

Məsələ bağlanmadı. Siz sadəcə öz arqumentsizliyinizi açıq şəkildə nümayiş etdirdiniz.

Turançıya “yəhudi” deməklə Turan ideyasını təkzib etmirsiniz.

Türkçüyə “yəhudi” deməklə türkçülüyün mahiyyətini təkzib etmirsiniz.

Bozqurd tərəfdarına “yəhudi” deməklə Bozqurd simvolunun tarixi mənasını dəyişmirsiniz.

Tanrıçıya “yəhudi” deməklə onun dünyagörüşünü fəlsəfi cəhətdən təkzib etmirsiniz.

Dövlətçilik tərəfdarına “yəhudi” deməklə onun dövlətçilik mövqeyini aradan qaldırmırsınız.

Məktəbli formasını müdafiə edənə “yəhudi” deməklə məktəbli formasının tərəfdarlarının arqumentlərini çürütmürsünüz.

Heç nəyi sübut etmirsiniz.

Sadəcə söhbətin səviyyəsini aşağı salırsınız.

Daha bir ciddi məsələ var.

“Yəhudi” sözünü siyasi söyüşə çevirənlər yalnız öz opponentlərinə qarşı ədalətsizlik etmirlər. Onlar eyni zamanda yəhudi kimliyini də siyasi təhqir materialına çevirirlər.

Yəhudi olmaq ittiham deyil.

Yəhudi xalqına mənsub olmaq cinayət deyil.

Bir insanın yəhudi olması onun siyasi mövqeyini müəyyən etmir.

Eyni şəkildə, hansısa siyasi mövqeyi müdafiə edən insanın yəhudi olduğunu iddia etmək də həmin mövqeyin izahı deyil.

Kimliyi arqumentin yerinə qoymaq — düşüncədən qaçmaqdır.

Milli düşüncə də bunu tələb etmir.

Türkçülük başqa xalqı təhqir etmək deyil.

Turançılıq başqa millətə düşmənçilik deyil.

Dövlətçilik fərqli düşünən vətəndaşa “yad” demək deyil.

Milli kimlik başqasının kimliyini alçaltmaq hüququ vermir.

Əgər öz millətini sevdiyini deyirsənsə, əvvəlcə öz dilindəki təhqir mədəniyyətindən əl çək.

Əgər mənəviyyatdan danışırsansa, insanı saxta ittihamla damğalama.

Əgər həqiqətdən danışırsansa, həqiqəti sübutla müdafiə et.

Yoxsa sözlərinizlə dəyərləriniz arasında uçurum yaranır.

Əslində bu məsələdə ən böyük məğlubiyyət damğalanan insanın deyil, damğa vuranın məğlubiyyətidir.

Çünki damğa vurmaqla qarşı tərəfin fikrini yox edə bilmirsən.

Əksinə, öz fikrinin zəifliyini üzə çıxarırsan.

İnsanların üstünə “yəhudi”, “satqın”, “dinsiz”, “xarici qüvvənin adamı” kimi etiketlər yapışdırmaqla cəmiyyətə həqiqət qazandırmaq mümkün deyil.

Cəmiyyət damğalarla deyil, düşüncə ilə yüksəlir.

Bu gün Azərbaycana ən çox lazım olan şeylərdən biri də budur: insanları etiketlərinə görə deyil, fikirlərinə və əməllərinə görə müzakirə etmək.

Qarabağ məsələsində fərqli mövqelər ola bilər.

Türkçülük və Turançılıq haqqında fərqli düşüncələr ola bilər.

Tanrıçılıq haqqında fərqli fəlsəfi yanaşmalar ola bilər.

Bozqurd simvoluna münasibət müxtəlif ola bilər.

Məktəbli formasının tətbiqi ilə bağlı fərqli fikirlər ola bilər.

Amma bütün bunların müzakirəsində bir prinsip qorunmalıdır:

Fikrə fikir ilə cavab ver!

İnsanın etnik kimliyini onun fikrinin yerinə qoyma.

Dini kimliyini siyasi ittihama çevirmə.

Başqa xalqın adını söyüş kimi işlətmə.

Sübut edə bilmədiyin ittihamı həqiqət kimi təqdim etmə.

Çünki söz məsuliyyətdir.

Və hər söz insanın öz düşüncə səviyyəsini də göstərir.

Ona görə də “yəhudi” damğasını siyasi silaha çevirənlərə ən sadə cavab budur:

Fikrimlə mübahisə et!

Kimliyimlə yox.

Arqumentimi təkzib et!

Mənə damğa vurmaqla yox.

Sübut gətir!

Etiket yox.

Çünki insanın üstünə damğa vurmaqla onun fikrini məğlub etmək mümkün deyil.

Fikrə qarşı fikir lazımdır.

Arqumentə qarşı arqument lazımdır.

Yalana qarşı həqiqət lazımdır.

İttihama qarşı sübut lazımdır.

İnsana qarşı isə ləyaqət.

Bunların heç birini edə bilməyənlərin əlində yalnız bir silah qalır:

damğa.

Və damğa nə qədər yüksək səslə səsləndirilsə də, həqiqətin qarşısında yenə də arqumentsiz bir söz olaraq qalır.

Çünki fikirə cavab verə bilməyən adamın “yəhudidir” deməsi qarşı tərəfin kimliyini yox, öz düşüncəsinin sərhədini göstərir.


MANŞET XƏBƏRLƏRİ