Yəmənin paytaxtı dronların hədəfində: Partlayış səsləri eşidildi


Yəmənin paytaxtı Sənada dronların müşahidə edildiyi və güclü partlayış səslərinin eşidildiyi bildirilir.

Turkustan.az xəbər verir ki, şahidlərin sözlərinə görə, Sənanın müxtəlif ərazilərində dronlar görünüb. 2014-cü ildən Husilərin nəzarətində olan paytaxtın Savan və Əl-Hasabe rayonlarında müşahidə edilən dronlar Husi qüvvələri tərəfindən zenit silahlarından atəşə tutulub.

Yəmənin müstəqil xəbər saytı “Belqis” Sənada güclü partlayış və fasiləsiz atəş səslərinin eşidildiyini bildirib. Səslərin sakinlər arasında narahatlıq yaratdığı qeyd olunub.

Husilər hadisə ilə bağlı hələlik açıqlama verməyib. Partlayışlar nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Bununla yanaşı, Yəmən ordusuna bağlı “Taiz Cəbhəsi Mətbuat Mərkəzi” son 24 saat ərzində Taizin qərbindəki Vaziyyə rayonunda gedən toqquşmalar və hava hücumları nəticəsində 30 Husi döyüşçüsünün öldürüldüyünü, 60-a yaxın şəxsin isə yaralandığını açıqlayıb.

Məlumata görə, Yəmən ordusu Taiz və Muha şəhərlərində Husilərə məxsus təchizat xətlərini və toplanma məntəqələrini də hədəfə alıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ