PKK-dan Türkiyəyə ŞOK TƏLƏB: "Öcalan azad olunmasa..."


PKK terror təşkilatının rəhbərlərindən olan Cəmil Bayık kürd dilində yayımlanan "Nûçe TV"yə verdiyi müsahibədə məsələnin həll prosesi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bayık Türkiyənin yanaşmasının şübhə doğurduğunu bildirərək, sağlam irəliləyiş üçün PKK və təşkilat rəhbərlərinin İmralıya gedərək Abdullah Öcalanla şəxsən görüşməli olduqlarını tələb edib. Terror təşkilatının rəhbəri Öcalan azad olunmadan silahı yerə qoymayacaqlarını və Türkiyəyə qayıtmayacaqlarını vurğulayıb.

"Silahı yerə qoyacağıqsa, demokratik siyasi fəaliyyət hüququmuz olmalı və həbsxanalar boşaldılmalıdır. İndiyədək terror siyahısından heç kim çıxarılmayıb, köhnə siyasətdən dəyişən bir şey yoxdur. Hər şeyi yalnız tərksilah məsələsinə sıxışdıran bir anlayış mövcutdur", - O deyib.

Bayık özünü ləğv etmiş Suriya Demokratik Qüvvələrinin (SDQ) keçmiş baş komandanı Məzlum Abdinin Suriya Prezidenti Əhməd Şaraanın müşaviri postuna gətirilməsini də tənqid edib:

"Məzlum Abdi daha əvvəl heç bir vəzifəni qəbul etməyəcəyini və xalqının yanında olacağını bildirmişdi. Bu doğru bəyanat idi. Lakin sonradan Şaraanın müşaviri oldu. Əgər bu post kürdlər adına olsaydı, problem yaratmazdı. Biz də bu qərarı tənqid edirik, çünki o, vəzifəni qəbul etməməli idi".

Bayıkın bu açıqlamaları terror təşkilatının illərdir nümayiş etdirdiyi qeyri-konstruktiv və sülh prosesini ləngidən mövqeyinin növbəti təzahürüdür. Suveren bir dövlət olan Türkiyə Cümhuriyyətinin terror təşkilatının diktə etdiyi şərtlər və təhdidlər əsasında hərəkət etməsi qətiyyən qəbulolunmazdır.

Ankara terrorla mübarizədə prinsipial mövqeyini qoruyur. Dövlətin əsas şərti hər hansı ilkin şərt irəli sürülmədən terror təşkilatının tam tərksilah olunması və ləğv edilməsidir. Hərbi və siyasi müstəvidə küncə sıxışan təşkilat rəhbərliyinin "şərt" dili ilə danışmaq cəhdləri Türkiyənin qətiyyətli mövqeyi qarşısında heç bir əhəmiyyət kəsb etmir. Bölgədə sülh və təhlükəsizlik yalnız terrorun kökü kəsildikdən və dövlətin suverenliyi tam təmin olunduqdan sonra mümkündür./Musavat.com


MANŞET XƏBƏRLƏRİ