15 il sonra Türkiyəni qarışdıran olay: “İntiqam siyası”nda adı birinci olan MİT-çi niyə saxlanılıb?


Türkiyədə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş yüksək rütbəli rəsmisi Kaşif Kozinoğlunun ölümü ilə bağlı başladılan araşdırma çərçivəsində onun kamera yoldaşları Hasan Ataman və Hasan Atilla Uğur da saxlanılıblar. Xüsusilə Hasan Atilla Uğur PKK lideri Abdullah Öcalanı sorğu-sual edən, FETÖ və PKK-ya qarşı mübarizə aparan MİT rəsmisi kimi tanınır.

O, həmçinin FETÖ-nün Türk ordusuna qarşı həyata keçirdiyi “Ergenekon” işi çərçivəsində böhtana məruz qalıb və 6 ilə yaxın həbsdə saxlanılıb.

Kozinoğlu ilə bağlı prosesin pərdəarxasında nə var? Öcalanın “intiqam siyahısında” ilk sırada olduğu iddia edilən, Kozinoğlunun yaxın dostu Hasan Atilla Uğur niyə saxlanılıb?

Turkustan.az xəbər verir ki, globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnaç deyib ki, Kozinoğlunun 2011-ci ildə həbsxanada vəfat etməsi “şübhəli ölüm” kimi qiymətləndirilərək yenidən gündəmə gətirilib:

“Kaşif Kozinoğlu Mərkəzi Asiya və Türkiyə Cümhuriyyətində xidmət göstərib. Bu müddətdə Fətullahçı Terror Təşkilatının (FETÖ) burada təşkilatlanmasının qarşısını almaq üçün böyük səy göstərib. Həmin dövrdə FETÖ-dən Enver Altaylı və Ruzi Nazar kimi məsul şəxslər Kaşif Kozinoğlunu birbaşa Fətullah Gülənə şikayət edərək onun öldürülməsini istəyiblər.

Bu müddətdə onun barəsində həbs qərarı çıxarılıb və həbsdə olduğu zaman şübhəli şəkildə vəfat edib. Son dərəcə sağlam olan bir şəxsin infarkt keçirdikdən sonra xəstəxanaya aparıldığı, lakin saatlarla gözlədildiyi, ona verilən dərmanların isə zəhərlənməsinə səbəb olduğu iddia edilir.

Bundan bir neçə gün əvvəl “Fethi Kabir” deyilən məzar açılaraq əsaslı dəlillərin əldə edilməsi üçün DNT testi aparılıb.

Hasan Atilla Uğur da həmin dövrdə onunla birlikdə həbsdə idi. Orada baş verən hər şeyi bildiyi halda bu məlumatları gizlətdiyi üçün hazırda nəzarətdədir. Hələlik onun barəsində həbs qərarı verilməyib.

husamettin inanc
Hüsamettin İnaç

Hasan Atilla Uğur FETÖ tərəfindən təhdid olunan şəxslərdən biridir. Həmin dövrdə bu təşkilat çox güclü olduğundan insanlara hədə-qorxu gəlinir, onların düzgün şahidlik etməsinin qarşısı alınırdı.

Vaxtilə ən çox izlənən “Kurtlar Vadisi Pusu” serialı da hazırda yenidən təhlil edilir. Kozinoğlunun vəfatından üç gün əvvəl yayımlanan bölümdə serialdakı Kozinoğlu obrazının da eyni formada həbsxanada qətlə yetirildiyi səhnə yer alıb.

Hasan Atilla Uğurun oğlunun da Fətullahçı Terror Təşkilatına yaxın mövqedə olduğu və bunun ciddi təhlükə yaratdığı iddia edilir. FETÖ ilk mərhələdə özünə uzaq və düşmən mövqedə olan şəxsləri zamanla qorxutmaq, təhdid və şantaj yolu ilə öz tərəfinə çəkmək strategiyasını davam etdirir. Türkiyə bunu gözardı etməyəcək”.


MANŞET XƏBƏRLƏRİ