"Çox zaman müəllimlər qız uşaqlarına deyir ki nə üçün oxuyursan, tez ərə getməlisən".
Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən komitə iclasında bildirib.
“Baxırsan hansısa fənni yaxşı tədris edən müəllimdir, amma qıza deyir ki, niyə oxuyursan, ərə get. Düşüncələri gənc olan uşaqlara belə təsir edən insanlar var. Bu gün təhsildə çox güclü islahatlar gedir, amma bir müəllimin psixoloji cəhətdən auditoriyaya müsbət təsiri ola bilərmi, biz onu yoxlaya bilmirik”, – komitə sədri bildirib.
“Öz təcrübəmdən götürürəm və ayrı-ayrı söhbətlərdən də görürəm, çox zaman müəllimlər psixoloji cəhətdən uşaqlara o dərəcədə düzgün təsir göstərmirlər. Ola bilər ki, hansısa fənn üzrə yaxşı bir müəllimdir. Amma qız uşağına məsləhət verir ki, nə üçün əziyyət çəkirsən, oxuyursan, düşün ki, tez ərə getməlisən. Belə də fikirləşən müəllimlər var. Əfsuslar olsun ki, hələ düşüncəsi tam formalaşmayan gənclərə təsir göstərməyə çalışırlar. Belə insanlar var”, - komitə sədri deyib.