Azərbaycanda gömrük sərhədindən mal keçirən fiziki şəxslərlə bağlı yeni qayda tətbiq olunacaq. Nazirlər Kabinetinin qərarı ilə gömrükdə malların bəyan edilməsi qaydalarına dəyişiklik edilib. Yeni qaydaya əsasən, “Qırmızı kanal”dan keçən şəxslər müəyyən hallarda malları sadələşdirilmiş bəyannamə ilə bəyan etməli olacaqlar. Bəyannamə həm kağız, həm də elektron formada təqdim edilə bilər.

Qaydalara əsasən, şəxsin əl yükündə və ya baqajında kommersiya məqsədi daşımayan, lakin bəyan edilməsi tələb olunan mallar olduqda, gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim ediləcək. Bəyannamədə müəyyən edilmiş güzəşt həddini aşan mallar, qiymətli metallar və daşlar, xarici valyuta və qiymətli kağızlar, müəyyən məbləğdən yuxarı milli valyuta, dini məzmunlu materiallar, silah və sursat, eləcə də ölkəyə gətirilən mobil cihazlar barədə məlumatların göstərilməsi nəzərdə tutulur.
Müşayiət olunmayan baqajla göndərilən mallar üçün də ayrıca sadələşdirilmiş bəyannamə tətbiq ediləcək.
Yeni qayda sosial şəbəkələrdə və ictimai müzakirələrdə bir sıra suallar doğurub. Əsas sual isə budur: Bu dəyişiklik xaricdən mal gətirilməsinə yeni məhdudiyyətlər yaradacaqmı? Adi vətəndaş xaricdən özü üçün aldığı geyim, elektronika və digər məhsulları əvvəlki kimi ölkəyə gətirə biləcəkmi? Yoxsa bundan sonra gətirilən malların daha geniş şəkildə bəyan edilməsi və gömrük ödənişlərinin aparılması tələb olunacaq?
İqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, qərarın mahiyyətini düzgün anlamaq üçün yeni tətbiqin mövcud gömrük praktikasından nə ilə fərqləndiyinə diqqət yetirmək lazımdır: “Əslində, bu qərar sadəcə əvvəldən mövcud olan praktikanın rəsmiləşdirilməsidir. Azərbaycanda bəzi hallarda xaricdən gələn şəxslərin yüklərinin yoxlanılması həyata keçirilirdi. Özüm də xarici səfərlərdən qayıdarkən şahidi olmuşam. İndi isə bu proses rəsmiləşdirilir və qaydalar daha dəqiq şəkildə müəyyənləşdirilir. Yəni əvvəllər müəyyən hallarda tətbiq edilən yoxlama prosedurlarının indi hüquqi və inzibati çərçivəsi daha aydın şəkildə müəyyən olunur”.

Onun sözlərinə görə, məsələn, hər hansı şəxs şübhəli hesab edilərsə, onun əl yükü və baqajı yoxlanıla bilər: “Yoxlama zamanı hər hansı əşyadan və ya maldan normadan artıq miqdarda gətirildiyi və bunun kommersiya məqsədi daşıdığına dair şübhə yarandığı halda, həmin malların bəyan edilməsi və müvafiq gömrük rüsumunun ödənilməsi tələb oluna bilər. Burada əsas məsələ odur ki, xaricdən mal gətirilməsi ilə bağlı ümumi qadağadan söhbət getmir. Söhbət malların bəyan edilməsi və onların hansı məqsədlə gətirilməsinin müəyyənləşdirilməsi mexanizminin daha aydın formada tətbiq edilməsindən gedir”.
Natiq Cəfərli qeyd edib ki, vətəndaşın şəxsi istifadəsi üçün xaricdən müəyyən əşyalar gətirməsi ilə kommersiya məqsədilə, yəni satış üçün çoxsaylı eyni və ya oxşar məhsullar gətirməsi eyni məsələ deyil: “Əgər gətirilən malların miqdarı və xarakteri onların kommersiya məqsədi daşıdığına dair əsas yaradırsa, həmin mallarla bağlı gömrük prosedurları və ödənişlər tətbiq oluna bilər. Yəni böyük ehtimalla, söhbət məhz bu dəyişikliklərdən gedir”.