Ermənistan Azərbaycan qazına keçə bilər – İrəvandan sensasion açıqlama


Ermənistanın Rusiyadan aldığı qazın qiymətinin artması İrəvanı Azərbaycan qazına üz tutmağa məcbur edə bilər.

Turkustan.az xəbər verir ki, belə bir iddia ilə “İşıqlı Ermənistan” Partiyasının lideri Edmon Marukyan çıxış edib.

Marukyan hesab edir ki, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi fonunda Moskva İrəvana qarşı enerji sahəsində daha sərt qiymət siyasətinə hazırlaşır. Onun fikrincə, Rusiya Ermənistan üçün qazın qiymətini artırarsa, İrəvan yaranacaq fərqi kompensasiya etmək üçün Avropa İttifaqından maliyyə yardımı istəyə bilər.

Erməni siyasətçi iddia edib ki, bu məsələ artıq müzakirə olunub.

“Mənim məlumatıma görə, bu məsələ artıq müzakirə edilib. Avropa İttifaqı problemdən məlumatlıdır və belə maliyyə dəstəyi göstərməyə hazırdır. Bunun nə qədər davam edəcəyi isə başqa məsələdir”, – Marukyan bildirib.

Onun fikrincə, paralel olaraq Ermənistan hakimiyyəti ölkə daxilində Azərbaycan qazının alınmasını məqbul alternativ kimi təqdim etməyə başlaya bilər.

Marukyan hətta Ermənistanın gələcəkdə Azərbaycandan qaz almasını yüksək ehtimallı sayıb. O iddia edib ki, bu halda İrəvan Avropa ölkələrinin nümunəsində olduğu kimi, dolayı yolla yenə Rusiya mənşəli qaz ala, lakin onu Azərbaycandan və daha baha qiymətə əldə edə bilər.

Bu, Marukyanın şəxsi proqnozudur və o, Azərbaycan qazının Ermənistana hansı marşrut və kommersiya şərtləri ilə çatdırıla biləcəyinə dair konkret məlumat təqdim etməyib.

Siyasətçinin fikrincə, ilkin mərhələdə Aİ mümkün enerji böhranının nəticələrini yumşaltmaq üçün Ermənistana maliyyə yardımı göstərə bilər, lakin belə subsidiyaların daimi olması mümkün deyil. Son nəticədə artan enerji xərclərinin yükünün Ermənistan iqtisadiyyatının üzərinə düşəcəyini düşünür.

Marukyan Metsamor Atom Elektrik Stansiyasının gələcəyinə də toxunub. O, Azərbaycan Prezidenti İlham Əliyevin AES-lə bağlı son açıqlamasına istinad edərək, stansiyanın bağlanması məsələsinin Ermənistan hakimiyyətinin gələcək gündəliyinə daxil edilə biləcəyini iddia edib.

Marukyan bütün bu prosesləri Ermənistan-Rusiya münasibətlərinin bundan sonra daha da pisləşəcəyi barədə proqnozu ilə əlaqələndirib. /Musavat.com


MANŞET XƏBƏRLƏRİ