QHT-lərin sosial media bacarıqlarının artırılmasına yönəlmiş yeni layihəyə başlanılıb


“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb.

İyun–oktyabr aylarında həyata keçiriləcək dörd aylıq layihənin əsas məqsədi QHT nümayəndələrinin sosial media sahəsində bilik və bacarıqlarını artırmaq, təşkilatların fəaliyyətinin ictimaiyyətə daha effektiv çatdırılmasını təmin etmək və rəqəmsal kommunikasiya imkanlarından səmərəli istifadəni təşviq etməkdir.

Layihə Bakı və Sumqayıt şəhərlərini əhatə edəcək. Layihə çərçivəsində bu şəhərlərdə fəaliyyət göstərən QHT-lərin rəhbər və əməkdaşları, eləcə də ictimai fəallar üçün birgünlük praktiki təlim keçiriləcək. Təlimdə ümumilikdə 30 QHT nümayəndəsinin iştirakı nəzərdə tutulur.

İştirakçılara sosial media strategiyasının hazırlanması, keyfiyyətli mətn, vizual və video məzmunun yaradılması, paylaşımların planlaşdırılması, auditoriya ilə effektiv ünsiyyətin qurulması və müasir rəqəmsal alətlərdən istifadə istiqamətində nəzəri və praktiki biliklər veriləcək. Təlim materialları və təqdimatlar elektron formatda iştirakçılara təqdim olunacaq.

Layihə çərçivəsində, həmçinin 15 QHT-nin fəaliyyəti və nailiyyətləri haqqında 3–5 dəqiqəlik uğur hekayəsi formatında videoçarxlar hazırlanacaq. Videoçarxlar sosial media platformalarında yayımlanaraq QHT-lərin fəaliyyətinin və əldə etdikləri nəticələrin daha geniş auditoriyaya çatdırılmasına xidmət edəcək.

Layihə rəhbəri, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, sosial media müasir dövrdə QHT-lərlə ictimaiyyət arasında əsas kommunikasiya vasitələrindən birinə çevrilib:

“QHT-lər mühüm ictimai təşəbbüslər həyata keçirsələr də, bəzən bu fəaliyyətləri geniş auditoriyaya peşəkar şəkildə təqdim etməkdə çətinlik çəkirlər. Layihə vasitəsilə QHT nümayəndələrinin sosial media fəaliyyətini planlı və məqsədyönlü qurmasına, keyfiyyətli məzmun hazırlamasına, auditoriya ilə daha fəal ünsiyyət yaratmasına dəstək göstəriləcək. Hazırlanacaq uğur hekayələri isə QHT-lərin gördüyü işlərin və onların cəmiyyətə verdiyi töhfələrin daha geniş tanıdılmasına imkan yaradacaq”.

Layihənin icrası nəticəsində QHT-lərin sosial media fəaliyyətinə strateji yanaşmasının güclənməsi, müntəzəm və keyfiyyətli məzmun paylaşması, video və vizual vasitələrdən daha effektiv istifadə etməsi gözlənilir. Eyni zamanda təşkilatların izləyicilər və tərəfdaşlarla əlaqələrinin möhkəmləndirilməsi, fəaliyyətlərinin görünürlüğünün və ictimai təsir imkanlarının artırılması nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ