ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına son günlər ardıcıl olaraq döyüş təyyarələrinin cəmləndiyi müşahidə edilir. İddialara görə, ABŞ-ın 20-21 mart tarixlərində İranın ali lideri Ayətullah Əli Xameneiyə qarşı hər hansı hərbi addım atmaq ehtimalı hazırda müzakirə olunur.
Analitiklər qeyd edirlər ki, bu, ABŞ-ın Səddam Hüseyni devirmək üçün Yaxın Şərqə göndərdiyi hava qüvvələrindən bəri ən böyük hərbi hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər.
Bu miqyaslı hərbi aktivlik regional təhlükəsizlik və diplomatiya üçün hansı riskləri yaradır? Belə bir əməliyyata İranın mümkün cavabı necə olacaq?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Yaxın Şərqdə gərginliyin artması və Tehran-Vaşinqton münasibətlərinin daha da ziddiyyətli mərhələyə keçməsi eskalasiya risklərini, eləcə də ABŞ-ın müdaxilə potensialını artırır:
“Bu ilin əvvəlindən etibarən məsələ tez-tez müzakirə predmetinə çevrilib. Lakin görünür ki, dialoq mühiti gözlənilən nəticəni vermir. Digər tərəfdən, İranın nüvə proqramı ilə bağlı ambisiyalar və nüvə texnologiyalarının yalnız sülh məqsədilə istifadə olunmasına dair çağırışlar Tehranda ciddi narazılıq yaradır.

İlyas Hüseynov
Hesab edirəm ki, əgər ABŞ dünyanın müxtəlif bölgələrində keçirdiyi əməliyyatlara bənzər addımları Yaxın Şərqdə də atarsa, bu, etnik, dini və miqrasiya problemlərinin dərinləşməsinə səbəb ola bilər. Ona görə də düşünürəm ki, hələ də dialoq və konstruktiv fikir mübadiləsi imkanları mövcuddur, diplomatiyadan maksimum istifadə edilməlidir.
İrana ehtimal olunan hərbi müdaxilə dünya enerji bazarlarında qiymət artımına səbəb ola bilər. Bu isə öz növbəsində həm qlobal iqtisadiyyata, həm də region ölkələrinin iqtisadi sabitliyinə mənfi təsir göstərəcək”.