Qiymət Məhərrəmli
... Ona “Azərbaycan ədəbiyyatının dostu” deyirlər çox zaman. Zənnimcə, bu qeyri-dəqiq ifadə şamil edildiyi insanın üzərinə götürdüyü missiyanı heç də tam olaraq özündə ehtiva etdirmir. Çünki Giya Paçxataşvili adlı ruh, könül adamı nəinki sadəcə Azərbaycan ədəbiyyatının dostudur, daha dəqiq desək, bu ədəbiyyatın dərvişi, ozanı – külüngçalanıdır həm də...
Onun sükut rəngli poeziya ünvanına üz tutanların könül dünyasını aram-aram, asta-asta öz nuruna, söz nuruna, köz nuruna bələyir şair qardaşımız. Nəsimi aşiqlərini bu hürufi şairin laməkan qəzəllərinin dili ilə ovsunlayır. Səməd Vurğun aforizmlərini təkcə mənsub olduğu xalqın deyil, rusdilli poeziya vurğunlarının da fəlsəfi dünyasına ərmağan edir. Əli Kərim poeziyasının bənzərsizliyini görməzlikdən gələnləri məcbur edir ki, öz ana dilində oxumaq onlar üçün çətindirsə, qoy özlərinə daha “məhrəm”, daha “elit” saydıqları əcnəbi dildə bu poeziya nəhənginin könül çırpıntılarını dinləyə bilsinlər...
Böyük şairdir Bizim Givi, eyni zamanda misilsiz tərcüməçidir. Jurnalist kimi, publisist kimi də bənzərsizdir. Azərbaycan, Gürcü və Rus dillərinin bütün incəliklərinə vaqif olduğundandır ki, yazdığı hər şeir, bir dildən başqa dilə çevirdiyi hər poeziya nümunəsi, problemlərin çözülməsinə yönəlik hər araşdırma özlüyündə bütöv bir yaradıcılıq nümunəsi kimi ərsəyə gəlir. Yaradıcılıq onun üçün adi bir hobbi deyil, o, yaratdıqlarına can verir, ruh üfürür, yeriməyi, böyüməyi öyrədir, ayaq üstə möhkəm dayanmağı tərci edir. Givi şeirlərinə, tərcümə əsərlərinə, tədqiqat işlərinə sözün həqiqi mənasında, atalıq-analıq etmək iqtidarında olan kimsələrdəndi. Onun ruhani dünyası bütünlüklə şeirə, sözə, milli-mənəvi dəyərlərin ruhani ifadəsinə köklənib. Diri adamdı Givi, dipdiri olmağı təlqin edir insanlara... Dirilik iksiri paylayır bir saqi kimi təşnə könüllərə. Dirilik nəğməsi pıçıldayır bütün varlığlyla oxucularının qulağına…
Duru adamdı Givi, duruluğu başına bəla olan duru adam. Qaynama kimidi, eləcə qaynayır. Sükutla barışığa girsə də, anidir bu susqunluğu. İnsanlıq dilidi onun dili. Çox dillərin açarı var onun qəlbində. Millətlərin dili... insanların dili... dillərin dili... Dilli adamdı Givi. “Dilsizlər”in dili, “ürəksizlər”in ürəyi, “gərəksizlər”in gərəyidi Givi. Həm ünvanı bilinməz, həm də ünvanlıdı Givi. Dəyərli dostlarının, qədirbilən arkadaşlarının könlüdür onun ünvanı...
Sarsılmaz bir qalaya da bənzədirəm onu. Tufanlara, fırtınalara comərdliklə sinə gərən sal qayadı Givimiz. Zəmanə onu çox sınaqlardan keçirib, saysız məşəqqətlərlə üzləşib, lakin tükənməz sevgisi, qüruru, dözümü, dəyanəti onu sınmağa, əyilməyə qoymayıb. Ülfət, mehribanlıq təşnəsidi Givi. Dünyasını vaxtsız-günsüz dəyişmiş Lamara xanımın onu tənha qoymasından sonrakı dövrün bütün məşəqqətlərinin canlı şahidiyəm. Bu ağır günləri Givi dirigözlü şəhid kimi yaşadı... Yaşamadı... ilan kimi qabıq verdi... səhralarda susuzluqdan can verən səyyaha döndü. Lakin... dözdü... durdu... Var qüvvəsini toplayıb, ölümdən sonrakı Giviyanə həyata atıldı... Atıldı və…xatirələri özündən də şirin, əziz, sevimli Xatirə xanımda tapdı xoşbəxtlik iksirini…
GİVİYANƏ HƏYAT
Sevgili insandı Givi. İnsana və insanlığa, doğulduğu torpağa və o torpağın əzəli-əbədi sakinlərinə, mənsub olduğu millətə və məxsus olduğu dövlətə və onun xalqına, etiqad etdiyi dinə və ətrafındakı insanların din və dilinə etibarlı və etiqadlıdır, sevgilidir Givi... Sevgisinə və sevgilisinə etdiqadlıdır Givi! Bugünümüzün Məcnunu, Kərəmi, Yetim Gürcüsü – GİYA PAÇXATAŞVİLİ!
Sevgisini tapdıqdan sonra Givinin şairliyi yeni eraya qədəm qoyub. Şeir diliylə dillənir və dilləndirir hər kəsi bu şair oğlan. Özü kimi isti və hərarətli, bəmbəyaz duyğuları aşıb-daşmaqda, kitab-kitab sərgilənməkdədi...
Qaxlı Şair Givi...
Aşiq Givi...
Aşıq Givi...
Uşaq Givi...
Özü boyda İşıq Givi!
Nur topası – Gürcü balası Givi!...
QAXLI ŞAİR GİVİ
Şair Givi uzun illər ərzində yazdığı bir-birindən incə, kövrək, duyğulu şeir nümunələrinin toplandığı “Sükutun rəngləri” kitabı ilə ilk dəfə 2007-ci ildə oxucuların görüşünə gəldi. Kitab doğuluşu ilə ilk andanca böyük əks-səda doğurdu, əldən-ələ gəzən bu poeziya toplusunu söz xiridarları az müddətdə sözün yaxşı mənasında “ələv-vələk elədilər”. Saysız-hesabsız resenziyalar yazıldı kitab haqda, onun müəllifinin yaradıcılıq manerası dönə-dönə öyüldü, müsbət rəylər dövri mətbuatın gündəmini “zəbt elədi”. Bəli, bu könül çırpıntıları həqiqətən insanların birbaşa ürəyinə nüfuz edir, “istilaçılıq” missiyasının şirin nəticələri uzun zaman müzakirələrə səbəb olurdu. Özünün dilindən başqa müəlliflərə ünvanlanan “oxucuya qalın deyil, qalan kitab lazımdır” ideyası ilə tam səsləşən bu dəyərli kitab həqiqətən də, söz sərrafı olan oxuculara bir mənəviyyat xəzinəsi kimi gərək oldu; az müddətdən sonra onlar Azərbaycan dilində bir-birindən gözəl bədii nümunələr yaradan gürcü əsilli şairin Azərbaycan türkü deyil, başqa millətdən olduğuna şübhə ilə yanaşmağa başladılar. Budur, əsil poeziyanın, əsil sənətkarın böyüklüyü!...
Şairin yaradıcılıq manerası geniş, əhatəli, çoxşaxəlidir. Xalq şeirimizi – folklorumuzu, klassik və müasir ədəbiyyatımızı, musiqimizi, incəsənətimizi, tariximizi dərindən bilən və sevən bir yaradıcı insan, vətəndaş-ziyalıdır Giya Paçxataşvili.
“Vətəndaşam...gözlərimdə
Sülh, qardaşlıq yuxuları daşıyıram.
Mən şairəm!
Ürəyimdə
Sevgi-həsrət duyğuları –
Yaşayıram!”
- Məhz bu cür yüksək ideallar sahibi olduğundandır ki, 1990-cı ilin qanlı 20 yanvar qırğınında, Qarabağ savaşında günahsız Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərə, eyni zamanda doğma gürcü xalqının zaman-zaman məruz qaldığı fəlakətlərə ürək yanğısı ilə şeirlər həsr edir... Göz yaşlarını qəlbinə axıdan şairin narahatlığı, nigaranlığı oxucuya birbaşa sirayət edir: bu şeirlər insanı zülmə, istibdada, zalımların yeritdikləri istilaçılıq, hegemonluq siyasətinə qarşı mübarizəyə sövq edir. Tarix boyu güclülərin, qoluzorluların qan uddurduğu kiçik millətlərin qan gölündə boğulmasından hiddətlənən qələm sahibləri haqsızlığa qarşı haqq səslərini ucaltmış, insanları şər qüvvələrdən qorunmaq üçün birliyə, barışığa səsləmişlər. Bu qəbildən olan şeirlər kitabın “Yara sağalandımı?” bölməsində geniş yer tutur.
“Bu bahar” şeiri ölkəmizin təlatümlər içərisində çabaladığı 1993-cü ilin martında qələmə alınıb.
Qayğı dumanları tutub hər yanı,
Quşlar lal olub da vermir səs-səsə.
Üşütmə tutubdur Azərbaycanı –
Bu bahar bənzəmir bahara nəysə.
Məlumdur ki, adətən bahar öz gəlişiylə xalqa toy-bayram, sevinc, firavanlıq, bolluq əhval-ruhiyyəsi gətirir. Lakin şair bir xalqın müsibətlərlə baş-başa qaldığı zaman kəsiyində baharın gəlişini belə qəlb ağrısıyla, göz yaşıyla qarşıladığı o müdhiş günləri – tarixin amansız səhifələri kimi kədərli sətirlərdə əks etdirir. Vətəndaş-şairin ümumxalq kədərinə bu cür real münasibəti başadüşüləndir. Axı doğrudan da, həmin günlərdə “Cəbhədən müjdəli bir xəbər gəlsə”ydi, bu özü elə ən gözəl bahar müjdəsi, bahar sevinci sayılardı. Əfsus ki, həmin hadisələrdən onillər keçir, lakin xalqımız hələ də həmin günəşli, xoş müjdəli baharın gələcəyi günün intizarı ilə yaşamaqda, torpaqlarımız işğal altında, qız-gəlinlərimiz əsirlikdə, şəhid olan əsgər balalarımızın sayı durmadan artmaqda, ölkəmiz isə hegemon dövlətlərin ağalıq siyasətinin təsiri altında hadisələrə seyrçi mövqeyi tutmaqdadır. Biz də arzu edirik ki: “Qoy gülsün bir kərə üzü Givinin... Bu bahar bənzəsin hər gələn yaza”.
“Giyanın Azərbaycan dərdi” şeiri də ümumxalq kədərini ürək ağrısı ilə misralara köçürən vətəndaş-şairin oxucuya növbəti mübarizlik mesajıdır. O:
“Ürəklərdən görən haçan çəkilər
Vətən dərdi, Ana dərdi, yar dərdi?!” – deyə sual etməklə kifayətlənmir, eyni zamanda həmin xoş anın yetişəcəyi günə inamını da ifadə edir. Şair inamında haqlıdır, axı tarix zaman-zaman təkrarlanır, bu gün haqqı tapdananlar, sabah öz haqqına sahib çıxa bilir. Yetər ki, içimizdə kölə psixologiyası bəsləməyək, haqqımızı kimsəyə yedirtməyək, iblis xislətlilərə aramızda yer verməyək, onları özümüzə qarşı kabus kimi yetişdirməyək.
“Qarabağ – xalqımın qeyrət damarı!” – deyən Givi mənfur ermənilərin öz qəyyumlarının havadarlığı altında Azərbaycan xalqının başına açdığı müsibətlərə qarşı haqq səsini ucaldaraq, “Ayağa qalxın!” – şüarı ilə mütiliyə etirazını bu cür bildirir:
Lazımsa, mən gəlim düşüm qabağa,
Məni bir qılınctək ora buraxın.
Haydı, igidlərim, düz Qarabağa!
Qeyrət məqamıdır, ayağa qalxın!
Bu qəbildən olan şeirləri oxuyan insanların gözü qarşısında Giya Paçxataşvili adlı qüdrətli qılınc və söz sərkərdəsinin portreti canlanır. Lakin bu hələ məsələnin bir tərəfidir. Onun özü barəsində yazdığı, bir yaradıcı ziyalı kimi xarakterik xüsusiyyətlərini özündə əks etdirən, taleyin amansız zərbələri ilə üz-üzə qalmış duyğulu ürək sahibinin portreti onun bütün həyat hekayətlərinin əks olunduğu ömür dastanı şəklində ortaya çıxır. Bax, budur şairin əsil portreti – AVTOPORTRETİ!
“Avtoportret” adlı şeirdə şair:
Evsizlik evimi yıxdı,
Kasıb taleyim darıxdı.
Ay karıxdı, il duruxdu,
Baxtım öldü – dirçəlmədi... – deyə acı taleyinin portretini çəkməyə çalışmışsa da, görünən həqiqət budur ki, “Mənim 35 yaşım”, “Mən vətəndaş-şairəm”, “Yox-yox”, “Tələbə yataqxanası”, “Uşaqlığımın kiçicik məmləkəti” və sair şeirlər bütövlükdə bir avtoportret silsiləsi təşkil edir.
Və... təkrar da olsa, bir daha qeyd edim ki, Givinin bütövlükdə yaradıcılığı onun avtoportretidir.
AŞİQ GİVİ
Aşiq Givi sevimli Lamarasının ölümünə ölümsüz şeirlər yazdı. Xanımının müqəddəs ruhuna ithaf olunmuş “Son – Əvvələ gedən yol”da bu şeirlərin çox az qismi toplanıb. Lakin bu, bütöv bir Lamarasızlıq epoxasının giriş qapısı ağzında donub qalmış “buz heykəl”in – Givinin könül hıçqırtılarından ibarət sevgi dastanıdır: “GİYA-LAMARA DASTANI”!
Bu gün isə…nə yaxşı ki, dillərdə əzbər olan “GİYA-XATİRƏ” dastanı yaranıb və bu dastanın Bizim Givini necə qanadlandırdığına, necə sevimli etdiyinə tək mən yox, əzizləri yox, onu sevən Allahın özü də şahidlik eyləyir sevə-sevə…
AŞIQ GİVİ
... Və... elə bu yerdə... aşiqliyi yarasına məlhəm ola bilməyəndə, nə yaxşı ki, “aşıqlığı” dadına çatır Givinin. Saz çalmağı bacarmasa da, saza-sözə köklənmiş ozan ürəyi, dərviş ürəyi hər zaman sükut səsiylə pəsdən-pəsdən oxuyur, barmaqları ürəyini elə sazın təzanəsi kimi, mizrabı kimı dilləndirir Ozan Givinin, Aşıq Givinin... Telləndirir Givinin ürəyini bu sazın həzindən-həzin, kövrəkdən-kövrək simlərindən qopan munis təranələr...
Borçalının Birinci Kosalı kəndinin el ağsaqqalı Hacımahmud kişinin qonağı olarkən, ev sahibinin sinəsinə sıxdığı sazı aşıq sehrli barmaqlarıyla, şairsə öz ürəyinin məhrəm duyğularıyla dilləndirib sanki… Və… “Hacımahmud saz çalır!” şeiri yaranıb!
Ozan-aşıq sənətinə sevgisi təkcə bu qəbildən olan şeirləriylə məhdudlaşmır, şair-publisistin bu sahənin ustadlarına həsr olunmuş neçə-neçə yazısı, bir-birindən maraqlı müsahibələri də oxucuların yaxşı yadındadır. Aşıq sənətinə müasir baxışın ən orijinal nümunəsi olan “USTAD ŞAPALAĞI” adlı möhtəşəm yazısında ustad-şəyird münasibətlərindən söz açarkən tədqiqatçı xüsusi vurğulamışdır ki, yaxın keçmişlərə qədər ustad aşıq öz şəyirdindən razılıq əlaməti olaraq ona solaxay bir şapalaq ilişdirərdi ki, bu da onun öz yetirməsinə verdiyi xeyir-dua sayılardı. Yəni, bu o anlamı ifadə edərdi ki, şəyird öz ustadından aşıqlığa gərək olan ən mühün xüsusiyyətləri əxz edə bilib. Şübhəsiz ki, Givinin bu sahəyə olan tükənməz sevgisi mərhum şair Fikrət Mursaqulovla olan sarsılmaz dostluğundan keçir. Azərbaycan dilinə, mədəniyyətinə və incəsənətinə, xüsusilə də ozan-aşıq yaradıcılığına qəlbində yaranan sevginin alovlanmasında artıq qeyd etdiyimiz kimi, Fikrət Mursaqulovun və onun çevrəsində olan ziyalı insanların – Mürsəl Həkimovun, Knyaz Aslanın, Kövrək Muradın danılmaz rolu olub. Dostumuz Givi bu yolda ona qədirdanlıq göstərmiş bu insanları həmişə ehtiramla xatırlamaqdadır.
Aşıq Kamandarın, Aşıq Məhəmməd Sadaxlının, şair Akif Səmədin, Məmməd Dəmirçioğlunun və digər ustadların sənətkarlıq xüsusiyyətlərindən bəhs edən yazıları da Giya Paçxataşvilinin Borçalı və ümumilikdə, Azərbaycan ozan-aşıq sənətinə və poeziyasına olan sonsuz sevgisinin təcəssümü kimi özünü göstərir.
Giya Paçxataşvilinin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə bəslədiyi sonsuz sevgiyə ehtiram əlaməti kimi, Gürcüstan Aşıqlar Birliyinin sədri, şair Dərviş Osman Əhmədoğlu, yazıçı-pedaqoq Əli Abbas, alim-şair Knyaz Aslan, şair-publisist Həzi Həsənli, şairlərdən Mədəd Coşqun, İradə Kövrək, Vaqif Aslan, Rəsul İlməddinoğlu və başqalarının ona həsr etdikləri şeirlər böyük maraq doğurur. Həmin ithafların ən mükəmməli sayıla biləcək “Siz sevin, Giyanı, sevin, insanlar!” (Dərviş Osman) dostumuz Giviyə ümumtürk sevgisinin təzahürü, eyni zamanda bu dəyərli ruh və qələm sahibini daim ehtiramla anmağa bir çağırışdır:
UŞAQ GİVİ
Dostum Givinin “Yox-yox!” şeirini çox sevirəm. Hər dəfə də göz yaşları içərisində oxuyuram onu. “Sükutun rəngləri”ndən bir yarpaqdı “Yox-yox”. Bu şeirdə Givi özünü yazıb, bəxtsiz taleyinin acı üzünü yazıb, həm də düzünü yazıb. Özü kimi yazıb, düz kimi yazıb, amma bir az nağılvari yazıb.
Çox təmizdi, çox safdı Givi. Dəcəl uşaqlar kimi... Küsüb-incidiyi adamlardan gen qaçdığı kimi, ürəkdən bağlandığı dostlara sədaqətli olmağı ilə də çoxundan fərqlidir bu uşaq dostumuz. Hamıya inanır, hər kəsə bel bağlayır. Bel bağladıqlarının, güvəndiklərinin əksəriyyətindən üzüdönüklük, sayğısızlıq görsə belə, yenə uşaq saflığından, uşaq inadcıllığından qalmır. Təmənnalıların əhatəsində olmağıyla hərdən səbrini daşdırsa da, yenə uşaqlığını eləyir bizim 55 yaşlı uşaq dostumuz.
Hərdən düşünürəm ki, görəsən, dostumuz Givi gündəlik həyatda hər dəfə insanların təəccüblü baxışları ilə qarşılaşanda bircə yol da olsun düşünübmü ki, kaş bu adamlar qarşılarındakı şəxsin kimliyini bilə, onun insanlığın hansı mərtəbəsində bərqərar olduğundan xəbərdar olmuş olaydılar. Həmin andaca da özüm-öz sualımı cavablandırıram: “Əsla!” Çünki dostum, qardaşım Givinin iç dünyasına yaxşı bələdəm. Bilirəm ki, sadəlövhcəsinə sadə olan bu insanın qəlbinə mənəm-mənəmlik adlı bir hiss heç zaman yol tapa bilməz. Ən azından o özü belə bir naqis duyğunu iç dünyasına yaxın buraxmaz.
Duyumludu... həssasdı. Dumanlıdı... həssasdı. Davamlıdı... həssasdı Givi. Bu duyumluluqla, bu dumanlılıqla, bu davamlılıqla nə zamanacan davam gətirəcəyini heç özü də bilmir. Ən azından ona görə ki, dostluqda duyumlu insanlarla az rastlaşıb. Dumanlıdı, çünki sabahkı günündə daha hansı “sürprizlər”lə qarşılaşacağından “nəyirand”ı. Bütün bunlara baxmayaraq, davamlıdı Givi, sabitqədəmdi. Uşaq kimi, elədiyini bir də edir, bilə-bilə ki qarşıda onu nə gözləyir, özünü oda atır, sonra da sustalıb qolları yanına düşür.
Doğrudan da, uşaq kimidi Givi... Bapbalaca uşaq kimi. İnciyə, Mehrinə, Duyğuya, Onura, Tuncaya “Şaxta Baba”lıq eləmək üçün hansı “oyunlara girmir” ki?! Novruz tonqalının üstündən hoppananda əsil uşaqlıq sifətinə qayıdır... Bağçamızdakı çiyələkləri, albalıları öz əliylə dərib körpə fidanlara yedirtməkdən ötrü ürəyi gedir. Deyir, İnci mənim nəvəmə çox bənzəyir. Sözlərində böyük həqiqət var Givinin. Bir dəfə nəvəsinin telefonla çəkdiyi şəklini göstərəndə həqiqətən mat qaldım: nəvələrimiz doğrudan da, elə bil əkiz taylarıydı. Allah bəxtiyarlardan eləsin bu körpələri. Uşaq Givimizin uşaq nəvələrini!...
Hərdən mənə elə gəlir ki, Givi “adam kimi” uşaqlığını yaşamadığı üçün elə uşaq olaraq qalmaq istəyib və Tanrı da onun elə uşaq xislətli olaraq qalmağını məsləhət bilib. Şükür məsləhətinə...
Mən onun ANA-sını tanımırdım. Vaxtında tanısaydım, çox güman ki, Bizim Uşaq Giviyə analıq edib-etməməsindən, ana qayğısı göstərib-göstərməməsindən asılı olmayaraq, yaşanmışları bircə anlıq da olsa unudub, dünyaya “Giya Paçxataşvili” adlı möcüzəni bəxş etdiyi üçün səcdəsinə durar, əllərindən öpərdim...
İŞIQ GİVİ
Əslində, Givi “Sükutun rəngləri”ndə öz işığını axtarır, çünki dostumuzun yaratdığı sükutun rəngləri əslində onun öz işığıdı.
Və... Dostum Givinin işıqlı dünyasına üz tutub müqəddəs eşqinə səcdə edənlərə ünvanladığım kiçik yazıma bu yerdə hələlik nöqtə qoyuram...
Ömrün uzun, canın sağ, hüzurun daimi olsun, Bizim Givi!
27.03.2016 – 29.01.2026.