Azərbaycanda xərçəng xəstəliyinə tutulanların artması cəmiyyətdə böyük narahatlıq yaradıb. İnsanlar buna müxtəlif qidaların, xüsusilə də palma yağının səbəb olması haqda fikirlər səsləndirirlər. Palma yağının qida məhsullarında geniş istifadə olunması səbəbindən çoxu bu yağın xərçəng riskini artırdığı qənaətinə gəlir.
Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, tibb üzrə elmlər doktoru Adil Qeybulla xərçəng xəstəliyinin inkişafında bir çox faktorların rolu olduğunu bildirib:
“Bunlardan biri genetik faktorlardır, digəri isə orqanizmə uzun müddət davamlı təsir edən karsinogen amillərdir. Genetik faktorlar əsasən gen mutasiyalarına bağlıdır. Karsinogen amillər isə qida, su, atmosfer havası və digər ətraf mühit təsirləri ilə yanaşı, pis vərdişlər zamanı orqanizmə daxil olan maddələr vasitəsilə sərbəst radikallar yaradır. Bu radikallar gen mutasiyalarına səbəb olaraq nəzarətdən çıxmış hüceyrə inkişafına, yəni xərçəngə gətirib çıxarır”.
Mütəxəssisin sözlərinə görə, burada qida amili də önəmli rol oynayır:
“Təbii və sürətli istehsal olunan fast-food məhsulları, yağların tərkibi və digər qida faktorları xərçəng riskinə təsir göstərə bilər. Əslində, xərçəngin yaranması çoxsaylı faktorların birləşməsindən asılıdır. Bu, həm ekosistemin pozulması, həm insanların gecə rejimlərinin dəyişməsi, həm də həyat vərdişləri ilə bağlıdır. Beləliklə, düzgün qidalanma bu prosesdə aparıcı rol oynayır və xərçəng riskinin azalmasına mühüm töhfə verir”.