Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
II Yazı
Özü rəsmi idarədə işləyən Həsən bəyin təsadüfi auditoriada, küçə və bazarlarda maarifə çağrışı aydın məsələdir ki,xalqın çox cüzi bir dairəsinə təsir edə bilərdi.Xalqa bilavasitə məktəb vasitəsi ilə təsir göstərmək lazım idi-Həsən bəy Bakı kimnaziyasında müəllim təyin olunduqdan sonra geniş maarifçilik fəaliyyətinə keçdi.Bu kimnaziyada müsəlman şagirdlər çox az idi.Azərbaycan türkləri uşaqlarının ruslaşacağından qorxaraq onları gimnaziyaya buraxmırdılar. Həsən bəy hökumət dairələrinə sübut edirdi ki,gimnaziyada müsəlman müəllimlərin olmaması ucbatından ora müsəlman şagirdlər də gəlmirlər, müsəlman şəhərində gimnaziya açmamaq və tədris müəssisələrinə yerli xalqın nümayəndələrindən bir nəfəri də işə götürməmək cəfəng hərəkətdir,müsəlmanları gimnaziyaya cəlb etmək üçün orada heç olmazsa bir nəfər Azərbaycan türkü olan müəllimin olması vacibdir və sairə.Bu dəlillər yuxarıları inandırdı və Həsən bəy Bakı gimnaziyasına müəllim təyin olundu.Burada o,arzusunda olduğu mühitə düşmüşdü. Son dərəcədə yüksək savadlı, həqiqi pedaqoji və gözəl dost olan direktor Çermak,ziyalı müəllim kollektivi Həsən bəyə sevdiyi sahədə həvəs və vurğunluqla işləməyə imkan yaratmışdı.
Gimnaziyada Həsən bəy hamının xüsusən də şagirdlərin əsil məhəbbətini qazanmışdı. 1860-1870-ci illərdə Qafqazdakı gimnaziyalarda müsəlman şagirdlər çox az idi. Aydın məsələdir ki, onların hamısı olmasa da, əksəriyyəti bu və ya digər dərəcədə varlı,imkanlı ailələrin uşaqları idi. Həsən bəy sadə xalqın nümayəndələrinə də təhsil almaq üçün imkan yaratmaq istəyirdi. O, tez-tez fəhlələrin, kənd camaatının toplaşdığı yerlərə gedirdi.Həsən bəy dəmirçixanalarda,dəllək və çəkməçi dükanlarında oturub camaatla söhbət etməyi çox sevərdi. O, bir nəfər dəmirçini öz uşağını gimnaziyaya verməyə razı salmışdı.Həmin oğlanı dövlət hesabına gimnaziyaya düzəltmişdi. Atası oğluna dərs ləvazimatı və sairə almaqda çətinlik çəkdiyini deyəndə Həsən bəy məsləhət görmüşdü ki, “ çəkic-zindanını sat,amma oğlunu oxut”. Bu yolla o,müsəlmanları maarif üçün də xərc çəkməyə alışdırmaq istəyirdi. Həsən bəyin yaşadığı dövrdə pulsuz şəhər və kənd məktəbləri çox az idi. Bu məktəblərdə dərslər rus dilində aparılırdı.Yoxsullara təhsil vermək üçün vəsait tapmaq lazım idi.
Bu niyyətlə də Həsən bəy 1872-ci ildə müsəlman şagirdlərinə yardım cəmiyyəti təsis etməyi qərara aldı.Müsəlmanlar təhsil üçün pul verməyi bacarmır və istəmirdilər. Həsən bəy qəzetlərdə bu barədə məqalələrələ çıxış edirdi,lakin heç kəs onun səsinə səs vermirdi.Onda Həsən bəy öz şagirdləri Nəcəf bəy Vəzirov və Əsgər Adıgözəlovun müşayəti ilə bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini gəzib dolaşmış. Yardım cəmiyyətinə üzvlər cəlb etmişdi. Cəmiyyətin təsisinə icazə almaq çox çətin idi. Hökumət Azərbaycan türklərinin hər bir təşəbbüsünün qarşısını alırdı. Üzvləri toplamaq isə bundan da çətin idi. Həsən bəy varlıların təbiətinə,onların acgözlüyünə yaxşı bələd idi. Ona görə də onları min bir yolla cəmiyyətə cəlb edir və dillərindən iltizam alırdı ki,hər il filan qədər üzvlük haqqı verməyi öhdəmə götürürəm. Beləliklə,təxminən 1600 manata qədər pul toplamaq mümkün olmuşdu.Bu toxunulmaz ictimai fondun faizi ilə 1-2 kasıb tələbəyə təhsil vermək mümkün idi.
Həsən bəy heç vaxt gördüyü işləri gözə soxmağı xoşlamırdı.O,necə deyərlər, kölgədə qalmağı sevir, həmişə qabağa çəkmək,həvəsləndirmək, ilhamlandırmaq üçün əməkdaşlar axtarırdı. O, gördüyü işlə özünü gözə soxan,həmişə adlarının birincilər sırasında çəkilməsini istəyən,”mən, mən” deyə qaraqışqırıq salan adamlara nifrət edirdi. Həsən bəy qaldırdığı təşəbbüslərə ziyalıların hamısını cəlb etməyə çalışır, ancaq bu zaman özünün arxa planda qalmağına üstünlük verirdi.
Xalqın inkişafı üçün ən güclü amillərdən biri də teatrdır.Həsən bəy 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda türk dilində ilk teatr tamaşası verdi. Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır.Onun yaxın köməkçiləri real gimnaziyasının şagirdləri-Nəcəf bəy Vəzirov, Əsgər Adığözəlov və başqaları idilər. Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyası şagirdlərin qüvvəsi ilə gimnaziyanın iclas zalında tamaşaya qoyulmuşdu. O vaxt Bakıda teatr binası yox idi. Tamaşa böyük uğurla keçmişdir. Tamaşa müsəlman cəmiyyətini əməlli-başlı silkələmişdi.Bu mədəni yeniliyin tərəfdarları Həsən bəyə minətdarlıq edirdilər. Lakin əleyhdarları daha çox idilər. Din fanatikləri Həsən bəyə və şagirdlərinə divan tutmaq istəyirdilər.Ancaq onlar ruhdan düşmədilər,tamaşalar verməkdə davam etdilər.”Səbirlə iş görmək mümkündür,-Həsən bəy deyirdi.-Axırda başa düşərlər ki, mən onların dostuyam,məktəbin və teatrın faydasını anlayarlar.Üstəlik qəzet də çıxara bilsək,biz müsəlmanların dünyagörüşündə əməlli başlı çevriliş edə bilərik”.Həsən bəy belə düşünür,belə hərəkət edirdi.Boş vaxtlarında o,dəllək,dəmirçi,çayçı dükanlarında-bir sözlə kasıbların toplaşdığı yerlərə gedir,yorulmadan məktəbin,teatrın faydası haqqında danışır,xalqın hüquqlarını izah edir,rus dilini bilməyən əhaliyə qanunları başa salırdı.Buna görə hakim dairələr Həsən bəyə nifrət edirdilər.Onların nümayəndələrindən biri demişdi: “Həsən bəy məmnuniyyətlə sizin üstünüzə neft töküb yandırardı.Axı müsəlman deyilən kimdir! Bir heçlik! Yalnız siz bizə mane olursunuz”.Hökumət dairələri Həsən bəyin xalqla bu cür söhbətlərindən də qorxurdular.O isə tamamilə başqa şey istəyirdi.O,öz xalqına yalnız yerli broblemlər barəsində deyil.Rusiya barəsində,bütün dünya haqqında söz açmaq istəyirdi.Bunun üçün nəyin bahasına olursa-olsun bütün əhalinin,kəndin oxuya biləcəyi qəzet çıxarmaq lazım idi.O,türk dilində xalis kənd təsərrüfatı qəzetinin nəşri üçün müxtəlif yerlərə müraciət etməyə başladı.Həsən bəyi uzun müddət Rusiya imperiyasında məşhər ayağına çəkdilər-Osmanlı dövlətinə,yaxud Qacarlara satılmayıb ki! Nə kimi gizl niyyətləri var! Nəşrin məqsədi nə olacaq! və sairə.Türk dilində qəzet nəşrinin qarşısına çəkilən bütün bu maneələri Həsən bəy özü təsvir etmişdir.
XIX əsrdə Rusiya imperiyasında 1865-ci ildə qəbul olunmuş “Senzura haqqında qəti qanun”dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi.Həsən bəy Məlikov ( Zərdabi ) qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşmüşdü. Lakin Rusiya idarələrindəki sürüdürməçilik, hərc-mərclik Zərdabini qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Həyat yoldaşı Hənifə xanım Məlikovanın göstərdiyi kimi “qəzetin nəşrinə icazə alma 7 il çəkdi”.Zərdabinin rəsmi orqanlara ilk rəsmi müraciəti 1873-cü ilin aprel ayında oldu. Maliyyə vəsaiti əldə etdikdən sonra Həsən bəy Zərdabi Bakının qubernatoru,general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi. Bu məsələyə toxunan Zərdabi yazır: “ Mən qubernatora fərzimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya,məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğunu qəbul eləsin. Bu tövr ərizə verib icazə aldım”.Nəhayət 1875-ci ildə Həsən bəyə “Əkinçi” adlandırdığı qəzetin nəşrinə razılıq verildi.
“Əkinçi” Azərbaycan türkcəsində yayımlanan ilk milli qəzet idi.1875-ci ilin 22 iyulundan başlayan nəşriyyatı 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirmişdir. İlk sayının buraxıldığı 22 iyul Azərbaycanda “Milli Mətbuat Günü” kimi qeyd olunur.Ayda iki dəfə 300-400 tirajla yayımlanmışdır.Ümumilikdə 56 sayı buraxılmışdır. Qəzet vasitəsilə Həsən bəy Zərdabi Azərbaycan türkcəsində ilk dəfə durğu işarələrindən istifadə edərək Azərbaycan türkcəsində dil islahatlarına töhfə vermişdi.
“Əkinçi”nin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxdı.İlk nömrənin nəşrindən bir həftə əvvəl Həsən bəy bərk həyəcanlanmalı olmuşdu- mətbəədə texniki çətinliklər üzə çıxmışdı. Hər bir sərlövhə üçün ayrıca klişə hazırlamaq lazım idi. Digər maneələr də vardı. Həsən bəy texniki əngəllər ucbatından qəzetin səliqəsiz çıxacağından qorxurdu. Nəhayət,bu kiçik formatlı xüsusi nəşrin ilk nömrəsini əlinə götürəndə Həsən bəy sevinc yaşlarını saxlaya bilməmişdi.
Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi.O, bir elektrik cərəyanı kimi müsəlman aləminin içindən keçmişdir.Yuxuda olan müsəlman dünyasını oyatmaq,hərəkətə gətirmək üçün nə məktəb, nə də teatr bu cür güclü təsir göstərə bilməzdi.Qəzetin ilk abunəçiləri,onu birincilər sırasında salamlayanlar Omskdan, Tümendən, Çistapoldan (Çistay) olan sibirlilər,Orenburq, Ufa, Volqaboyu tatarları, krımlılar idilər.Qafqaz müsəlmanları Həsən bəyin nəşrinə bir qədər tənqidi yanaşırdılar: niyə belə sadə,qeyri ədəbi dildə yazılır,dini mövzulardan nə üçün az bəhs edilir və sairə.Həcminin kiçikliyinə görə bütün bu iradlara qəzet səhifəsində cavab vermək mümkün olmadığından Həsən bəy çoxlu məktublar yazmalı, polemikanı bu məktublar vasitəsi ilə davam etdirməli olurdu.Polemika kifayət qədər geniş idi və Həsən bəyin çoxlu vaxtını alırdı.Əksər hallarda söyüş formasında olan tənqid,heç bir tənqidə sığışmayan söyüşlər təhqir və təhdidlər onun başına dolu kimi yağırdı.Əslinə baxsan,Həsən bəyin arzuladığı da elə bu idi.Oxucular nəşrə laqeyd qalsaydılar bu redaktor üçün ölümdən betər olardı.Qəzet cəmiyyəti hərəkətə gətirmişdi.Həsən bəy tez-tez yaxın adamlarına bu və ya digər məqaləyə görə oxucuların onu necə söydüklərini ləzzətlə nağıl edirdi.O, qəzetin əməkdaşlarına,yazmağa yeni başlayan müxbirlərinə məhəbbət və qayğıkeşliklə yanaşırdı.Əməkdaşların sadəlövh yazılarını onlara ehtiyat və nəzakətlə qaytarır,qüsur və yanlışlıklarını səbrlə,təmkinlə izah edirdi.
Krımda və Volqaboyunda və Sibirdə yaşayanlar məktub və xəbərləri ərəb dilində yazırdılar.Həsən bəy axtarıb ərəb dilini mükəmməl bilən kazanlı bir molla tapmışdı.Molla məktub və xəbərlərin hamısını Kazan tatarlarının dilinə çevirirdi.Həsən bəy isə onları düzgün yazı nümunələri kimi məktub müəlliflərinə göndərir,onlardan xalq dilində yazmağı xahiş edirdi.O,öz müxbirlərini ana dilində yazmağı öyrətməsi ilə ürəkdən öyünürdü.Həsən bəy həmişə əməkdaş və müxbirlərdən xahiş edirdi ki, xalq mahnılarını,nağılları,əfsanələri,dastanları və sairəni yazıya alsınlar, toplasınlar, qorusunlar. “Sizin də qəzet və jurnallarınız olacaq”-deyə o, gələcəyə baxmağı məsləhət görürdü.
Həsən bəy Zərdabi həyatının son gününə qədər türk dilinin təmizliyi uğrunda mübarizə aparmışdı.O,türk dilini ərəb və fars sözləri ilə zibilləməyin qəti əleyhdarı idi,bu barədə dəfələrlə yazmışdı.Onun çıxardığı “Əkinçi”nin dili Qafqaz müsəlmanları üçün aydın və anlaşıqlı idi.
“Əkinçi” insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi. 1877-ci ildə çıxan qəzet nömrəsində o yazırdı: “ Bizim şəriətimizə görə qulu azad etmək çox böyük savab olduğunu bilə-bilə biz özümüz öz xahişimizlə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha , övrət kişiyə,uşaq ataya,nökər ağaya,şagird ustaya məgər qul deyilmi ? Bəli,biz hamımız quluq. Buna səbəb bizim ata –baba adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına görə biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa biz tərəqqi etməyəcəyik və edə bilmərik”.
Qəzet başqa bir məqalədə söz azadlığının olmamasından yazırdı: “Məlumdur ki, heyvan haraya getsə gedər,hər tərəfə istəsə baxar,hər nə istəsə eləyir,haçan keyfi necə istəsə mələyir,amma insan nəinki öz istədiyini edə bilmir,hətta keyfi istədiyi kimi danışa da bilmir”.
Ardı var