Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycana idxal olunan ətin 1 kiloqramının orta idxal qiyməti 2,46 dollar (təxminən 4 manat 18 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu göstərici 2,22 dollar (təxminən 3 manat 77 qəpik) idi. Beləliklə, illik müqayisədə 0,24 dollar (41 qəpik) və ya 10,8 faiz artım qeydə alınıb.
Eyni zamanda diqqətçəkən məqamlardan biri də budur ki, bu ilin yanvar ayında ümumi idxalın 0,63 faizi ətin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,44 faiz idi. Bu da o deməkdir ki, təkcə qiymət artımı deyil, idxalın strukturunda da ətin payı artıb.
Bəs 4 manatlıq ətin keyfiyyətinə inanmaq olarmı? 40 qəpik bahalaşmanın səbəbi nədir? Digər əsas sual - niyə idxalın payı artır?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:

"İdxal olunan ətin keyfiyyəti ilə bağlı dəqiq və qəti bir söz demək çətindir. Çünki şəxsən mənim əlimdə hər hansı laborator analizləri, rəsmi ekspertiza rəyləri yoxdur. Bu məsələ ilə birbaşa məşğul olan, nəzarət və yoxlama funksiyasını həyata keçirən müvafiq dövlət qurumları var və keyfiyyətə dair rəsmi söz demək də məhz onların səlahiyyətinə daxildir. Lakin müşahidə olunan reallıq ondan ibarətdir ki, ətin bahalaşmasının əsas səbəbi ilk növbədə logistika xərclərinin artması, eləcə də dünya bazarında ətin qiymətinin yüksəlməsidir. Son illərdə qlobal miqyasda daşınma xərclərinin artması, yanacaq qiymətlərinin bahalaşması və beynəlxalq ticarət zəncirində baş verən dəyişikliklər bu sahəyə də təsirsiz ötüşməyib. Əslində bu proses gözlənilən idi və dünya iqtisadiyyatındakı ümumi tendensiyaların bir hissəsidir. Digər tərəfdən görünən odur ki, Azərbaycanda insanların dad vərdişlərinə və seçimlərinə uyğun olaraq xarici ölkələrdən gətirilən ətə tam şəkildə alışmaq hələ də çətindir. Yerli istehlakçı uzun illər ərzində yerli məhsula üstünlük verib və bazarda idxal ətinin açıq satışda geniş şəkildə görünməməsi də bununla bağlıdır".
Natiq Cəfərli xüsusilə vurğulayıb ki, xaricdən gətirilən ətin böyük bir hissəsi açıq bazar üçün deyil, dövlət sifarişləri üçün istifadə olunur:
"Məsələn, ordunun sifarişləri mövcuddur, müxtəlif qapalı və xüsusi rejimli müəssisələr var ki, orada ət məhsullarından istifadə edilir. Bunlara həbsxanalar, qocalar evləri, internat tipli müəssisələr və digər sosial obyektlər daxildir. Həmin müəssisələr üçün ət əsasən xaricdən alınır. Əlbəttə, əgər həmin ətin keyfiyyəti aşağı səviyyədə olsaydı, o məhsullar satın alınmazdı. Çünki dövlət sifarişləri çərçivəsində alınan məhsullar ciddi nəzarət prosedurlarından keçməlidir. Bu səbəbdən də həmin ətləri açıq bazarda və pərakəndə satışda görmək mümkün deyil.
Bu baxımdan hesab edirəm ki, idxal olunan ətin keyfiyyəti və ya qiymətinin hansı formada müəyyənləşməsi məsələsi ətrafında müzakirə aparmaq o qədər də əsas mövzu deyil. Əsas müzakirə predmeti başqa olmalıdır: niyə Azərbaycan maldarlıq sektorunu elə səviyyədə inkişaf etdirə bilmir ki, ölkə öz daxili resursları hesabına özünü tam təmin etsin?
Məncə, cəmiyyət və mütəxəssislər məhz bu sual ətrafında daha geniş və dərin müzakirə aparmalıdırlar. Yerli istehsalın artırılması, maldarlığın inkişafı, yem bazasının gücləndirilməsi, subsidiya və təşviq mexanizmlərinin təkmilləşdirilməsi kimi məsələlər gündəmdə olmalıdır. Əgər daxili istehsal gücləndirilərsə, həm idxaldan asılılıq azalacaq, həm də qiymət sabitliyi daha real şəkildə təmin oluna biləcək. Əsas diqqət məhz bu istiqamətə yönəldilməlidir".