Azərbaycanda kimlər qazi sayılır?


Bu gün bütün dillərdə olduğu kimi Azərbaycan dilində də hər gün olmsa da, yeni sözlər yaranır.

Sözlərin yaradılmasında isə müxtəlif üsullardan istifadə olunur.Lakin bəzən insanlar gündəlik danışıqda istifadə olunan sözləri qanuni mənası ilə qarışdırırlar. Belə ki, insanlar gündəlik danışıqda qazi deyəndə müharibədə yaralanmış şəxsi nəzərdə tuturlar.

Amma qanunvericilikdə Azərbaycanda belə rəsmi status yoxdur, hüquqi baxımdan yalnız müharibə veteranı kimi tanınan şəxslər Prezidentin aylıq təqaüdü, pensiya və digər müavinətlərlə təmin edilir.

Qardaş ölkə Türkiyədə isə vəziyyət fərqlidir, orada müharibədə iştirak etmiş hər kəs rəsmi olaraq qazi sayılır və müavinətlərdən yararlanır.

Yəni gündəlik dildə istifadə edilən anlayışlarla qanuni status hər zaman üst-üstə düşmür, bu səbəbdən hər bir ölkədə bu anlayışların tətbiqi fərqlidir.Azərbaycan Respublikasının qanunvericiliyində bu anlayışlar necə izah olunur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, hər bir anlayış fərqli mənanı ifadə edir:

“Qazi anlayışı Azərbaycan Respublikasının normativ-hüquqi aktlarında ayrıca və müstəqil hüquqi kateqoriya kimi müəyyən edilməyib. Müharibə veteranı anlayışı isə qanunvericilikdə rəsmi hüquqi status kimi mövcuddur.

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu status İkinci Dünya müharibəsi illərində döyüş əməliyyatlarında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə şamil olunur.

Müharibə ilə əlaqədar əlillik təyin edilmiş şəxslər birdəfəlik sığorta ödənişi, Prezidentin aylıq təqaüdü, əlilliyə görə aylıq pensiya və ya aylıq müavinətlə təmin edilirlər.

Müharibə veteranlarına da Prezidentin aylıq təqaüdü, həmçinin pensiya və ya müavinət almaq hüquqları olduqda təqaüdlə yanaşı, həmin sosial ödənişlər də onlara ödənilir”.


MANŞET XƏBƏRLƏRİ