İnşa etdiyi binalarda eyni mənzilləri bir neçə nəfərə satdığına görə dələduzluq və eyni zamanda, Cinayət Məcəlləsinin (CM) bir neçə maddəsi ilə dəfələrlə ittiham olunan tanınmış iş adamı Xanlar Cəfərov həbsxanada dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən iş adamı ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olan sənəd elan edilib. Xidmətdən bildirilib ki, Xanlar Cəfərov 2026-cı il yanvarın 1-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Qeyd edək ki, Xanlar Cəfərov tikinti ilə məşğul olan "Avro Qrand" MMC-nin rəhbəri olub. O, həmçinin milyonçu iş adamı kimi də tanınıb.
Xanlar Cəfərov sonuncu dəfə 2025-ci ilin noyabrında CM-in 178-ci maddəsinin bir neçə bəndi ilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onunla yanaşı ittiham olunan daha iki nəfər Oktay Adışov və Xəzər Əliyev barəsində də məhkəmə hökm çıxararaq azadlıqdan məhrum etmişdi.
Onu da qeyd edək ki, Xanlar Cəfərovun eyni əməllərə görə əvvəllər də bir neçə dəfə məhkumluğu olub. 2025-ci ildə onunla bağlı sonuncu hökm verildikdən sonra onunla bağlı növbəti cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. /Oxu.az/