Xəbər verildiyi kimi, Dövlət Departamenti rus dilində paylaşımlar edən X hesabından ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubionun prezident Nikolas Maduro və həyat yoldaşının əsirlikdə saxlanıldığı Venesuelaya hərbi müdaxiləni izlədiklərini göstərən bir şəkil paylaşıb.
Şəklə rusca "Trampla oyun oynamayın" başlığı əlavə edilib və paylaşımda "Prezident Tramp hərəkətli bir insandır. Bilmirdinizmi? İndi bilirsiniz" yazılıb.
Bu mesaj əslində necə oxunmalıdır? O kimlərə ünvanlıdır? Niyə məhz rusca yazılıb?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında Trampın nə qədər Putinlə dialoq halında olsa da, hədəflərini gerçəkləşdirməkdə qərarlı olduğunu söyləyib:
“Trampın Maduronu “oğurlaması”nı təşkil etməsi onun iştahasını bir qədər də artırıb. Artıq başqa hədəflər götürürlər. Təsadüfi deyil ki, Tramp özü mətbuat konfransında Kuba, Kolumbiya və Meksika kimi dövlətlərin adlarını çəkdi ki, onlar da özlərini yığışdırsınlar. Venesuelanı ram etməkdə əsas məqsədlərdən biri də bu ölkənin Rusiya, Çin və İranla əlaqələrini qırmaqdır. Çünki bu üç dövlət Amerikanın düşməni və rəqibləridir.
Məsələn, Çin özü Venesuela neftinin əsas alıcılarından biridir. Ona görə də mesajlar bəzən rus dilində yazılır. Bu, əslində, şimal qonşumuza da ciddi xəbərdarlıqdır. Amerika buna niyə dözmədi? Ona görə ki, Rusiya ABŞ-ın qulağı dibində gəlib Venesuela ilə sıx əlaqələr qurdu. Onlara hərbi texnika satdı. Maduronun “oğurlanması” əməliyyatında da faktiki Amerika Müdafiə Nazirliyinin qərarı ilə Rusiyanın bütün hava müdafiə sistemləri dağıdıldı. Suriyada və İranda da oxşar hadisələr yaşanmışdı. İsrail və Amerika İrana hücum edəndə cənub qonşumuzun Rusiyadan aldığı bütün hava müdafiə sistemləri darmadağın edildi. Bu da bir daha göstərir ki, Amerika prezidentinin baxmayaraq ki, Putinlə dialoqu var, Rusiyanın dünya ən müxtəlif regionlarında möhkəmlənməsinin qarşısını almaqda qərarlıdır. Venesuelanın da ram edilməsi bunun bariz nümunəsidir”.