Müğənnilikdən ekstrasensliyə keçən İqbol Soliyev kimdir? – FOTOLAR


Son günlər özbəkistanlı təbib-ekstrasens İqbol Soliyevin Bakıda insanları “əl enerjisi” ilə “müalicə etməsi” ilə bağlı xəbərlər yayılmışdı. Bəzi klinikaların təşkilatçılığı ilə fəaliyyət göstərən ekstrasensin saxlanılması ilə bağlı xəbər vermişdik.

Bəs İqbol Soliyev kimdir?

Turkustan.az Lent.az-a istinadən onunla bağlı araşdırmanı təqdim edir:

İqbol Soliyev Özbəkistanda fəaliyyət göstərən və son illərdə sosial şəbəkələrdə geniş müzakirə olunan xalq təbabəti ilə məşğul olanlardan biridir. O, əsasən xəstələri dərman və tibbi avadanlıq olmadan, yalnız əl hərəkətləri ilə “müalicə etdiyini” iddia etməsi ilə tanınıb. Onun fəaliyyəti həm böyük maraq, həm də ciddi mübahisələr doğurub və bu səbəbdən dəfələrlə medianın və rəsmi qurumların diqqət mərkəzinə düşüb.

İqbol Soliyev 1972-ci ildə Özbəkistanda doğulub və hazırda Kokand şəhəri yaxınlığında yerləşən Mingtut kəndində yaşayır. Soliyevin atası da vaxtilə həkim kimi çalışıb, qardaşı isə hazırda tibbi fəaliyyətlə məşğuldur. Soliyev əvvəllər yalnız tibb sahəsi ilə deyil, musiqi ilə də məşğul olub. O, toy məclislərində müğənni kimi çıxış edir, bəzi mahnıları isə yerli televiziya kanallarında yayımlanırdı. Hətta onun dini biliklərə sahib olduğu və hafiz kimi tanındığı barədə məlumatlar da var. Soliyev həmçinin Özbəkistanda yerləşən “Bionur” klinikasının sahibidir.

Qo'qonlik tabib Iqbol Soliyev Ozarbayjonda qo'lga olindi

Soliyev geniş tanınmağa sosial şəbəkələrdə yayılan videolardan sonra başlayıb. Videolarda onun yeriyə bilməyən, danışa bilməyən və hətta görmə qabiliyyətini itirmiş insanların üzərində əl hərəkətləri edərək onları sağaltdığı iddia olunurdu. Bu görüntülər internetdə sürətlə yayılaraq minlərlə insanın diqqətini çəkdi və qısa müddətdə onun evinin qarşısında uzun növbələr yaranmağa başladı. Müalicə üçün gələnlər yalnız Özbəkistanın müxtəlif bölgələrindən deyil, həm də qonşu Qırğızstan və Tacikistan kimi ölkələrdən idi.

Soliyevin “müalicə üsulu” qeyri-ənənəvi hesab olunur. O, xəstələrin bədəninə və başına əl hərəkətləri edərək onları sağaltdığını bildirir və müalicə prosesində heç bir dərman, tibbi cihaz və ya bitki mənşəli vasitədən istifadə etmir. Onun qəbuluna gələn xəstələr adətən, üç gün ardıcıl seans keçməli olurlar. Bir seansın qiyməti təxminən 100 min özbək somu (təxminən 14 manat) təşkil edir və beləliklə, üç günlük müalicə üçün xəstələr orta hesabla 300 min som (təxminən 42 manat) ödəyirlər. Soliyev 7 yaşdan kiçik uşaqları və 70 yaşdan yuxarı xəstələri pulsuz qəbul etdiyini deyib.

Onun fəaliyyətinin geniş yayılması ilə Kokand şəhərində böyük izdiham yaranmışdı. Bəzi xəstələr növbəyə düşmək üçün gecə saatlarında gəlib maşınlarda gözləyir, günlərlə sıra gözləməli olurdular. Bu vəziyyət hətta yerli iqtisadiyyata da təsir göstərmişdi. Soliyevin evinin yaxınlığında yaşayan sakinlər gələn xəstələrə otaqları kirayə verməyə başlamışdılar.

300 ming so'mlik

Bununla yanaşı, Soliyevin fəaliyyəti tibb mütəxəssisləri tərəfindən ciddi tənqid olunub. Özbəkistan Xalq Təbabəti Assosiasiyası nümayəndələri bildiriblər ki, onun tətbiq etdiyi üsullar tibb elmində mövcud deyil və bu cür iddialar insanların ümidindən sui-istifadə etmək riskini yaradır. Onların fikrincə, ağır xəstəliklərin yalnız əl hərəkətləri ilə sağaldılması mümkün deyil və ümidsiz vəziyyətdə olan xəstələr bu cür vədlərə daha tez inanırlar.

Oyina

Soliyevin fəaliyyəti hüquqi problemlərlə də üzləşib. Onun fəaliyyəti ilə bağlı aparılan araşdırmalardan sonra Fərqanə vilayəti məhkəməsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib və 10 günlük həbs cəzası alıb. Daha sonra isə Kokand şəhər məhkəməsi tərəfindən ona 7.5 milyon som (təxminən 1040 manat) inzibati cərimə tətbiq olunub. Özbəkistan qanunvericiliyinə görə, xalq təbabəti sahəsində fəaliyyət göstərmək üçün xüsusi icazə və sertifikat tələb olunur.

Buna baxmayaraq, İqbol Soliyev özü haqqında yayılan bəzi iddiaları qəbul etmir. O, sosial şəbəkələrdə etdiyi açıqlamalarda fəaliyyətini qanuni sertifikatlar əsasında həyata keçirdiyini bildirir və haqqında yayılan məlumatların bir qisminin yanlış olduğunu deyir. Onun sözlərinə görə, həm Özbəkistan, həm də digər ölkələrin tibbi qurumları tərəfindən verilmiş müxtəlif sertifikatlara sahibdir.


MANŞET XƏBƏRLƏRİ