ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi 23-cü Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İran milli futbol komandasının ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçiriləcək 2026-cı il FİFA Dünya Kubokunda iştirakının təhlükəsiz olmaya biləcəyi barədə xəbərdarlıq edib.
Tramp sosial şəbəkə hesabında bildirib ki, “İran milli futbol komandası Dünya Kubokunda xoş qarşılanardı, lakin onların həyat və təhlükəsizliyi baxımından ABŞ-da olmalarının uyğun olacağını düşünmürəm”.
FİFA prezidenti Canni İnfantino isə dünən ABŞ prezidenti Donald Trampla İran milli komandasının 2026-cı il Dünya Kubokunda iştirakı məsələsini müzakirə edib. O bildirib: “Müzakirələr zamanı prezident Tramp İran milli komandasının ABŞ-da keçiriləcək turnirə, əlbəttə ki, dəvətli olduğunu bir daha vurğulayıb. İnsanları bir araya gətirmək üçün FİFA Dünya Kuboku kimi tədbirlərə əvvəlkindən daha çox ehtiyac var. ABŞ prezidentinə dəstəyinə görə səmimi təşəkkürümü bildirirəm. Bu, futbolun dünyanı birləşdirdiyini bir daha göstərir”.
Aytən Yaşar/ Turkustan.az