İŞIQLI ATALI
II yazı
Sentyabrın 25-i Mütləqə İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhsal Ocaq Atası, Dahi Azərbaycan Filosofu İnam Atanın (Asif Atanın) 90-cı ildönümüdür. (1935-1997). Onun gəlişi İnsana, Ulusa, Bəşərə bənzərsiz Mütləqə İnam müjdəçiliyidir. İnam Ata (Asif Ata) aqibətlər yaradıb, sabahlıdır. Onun ideyalarının İnsanlığa uyğunluğu, yaşarılığı hələ bundan sonra aydın dərk olunacaq, daha yaradıcı ömürləşəcək.
“Aydınlarımız İnam Ata (Asif Ata) haqqında” başlığı altında sunduğum yazını ötən illərdə hazırlamışam, bu biçimdə ilk dəfə çap olunur.
SAYĞIYLA: İŞIQLI ATALI
***
AYDINLARIMIZ İNAM ATA (ASİF ATA) HAQQINDA
Atanın qəribə xasiyyəti vardı: onun danışığı, davranışı, fikirləri adi adamlardan bütünlüklə fərqlənirdi. Bu mənada mən Asif Atanı özüm üçün kəşf etmişdim. Asif Ata xalqımız üçün böyük bir fəlsəfi irs yaradıb. Biz Atanın müqəddəs fəlsəfəsini həmişə dəyərləndirməliyik.
Söhrab Tahir, xalq şairi
***
Asif Ata öz dünyasını yaratdı. O dünya müqəddəsliyə, insanlığa bağlı bir məsləkdir. Deyərdi, sənin yaradıcılığını ona görə sevirəm ki, ağacı, dağı, torpağı insanlaşdırıb, onlara məna verməyi bacarırsan. Asif Atanı həmişə sayğı ilə xatırlayıram.
Musa Yaqub, xalq şairi
***
Asif Atanı Moskvada da çox gözəl tanıyırdılar. Yüksək erudisiyalı insan idi. Elmləri dərindən bilirdi, geniş idrakı ilə rus alimlərinə meydan oxuyurdu. Asif Ata haqqında ardıcıl araşdırmalar aparılmalı, gərəkliyi topluma çatdırılmalıdır.
Gülnaz Abdullazadə, fəlsəfə elmləri doktoru, professor
***
Asif Ata insanlaşma, kamilləşmə yolunu tutdu, o yolla da sona kimi getdi. Atanın Vətənə, torpağa bağlılığı qarşısında diz çökürəm.
Məhəmməd Hatəmi Tantəkin
***
Asif Atanı həmişə öz sözü olan, cəsarətli, müdrik bir şəxsiyyət kimi tanımışam. Heç zaman dediyindən dönməzdi. Asif Atanın şəxsiyyəti, dünyabaxışı xalqımız üçün çox gərəklidir. Asif Ata şöbəmizdə çalışarkən “Muğam Fəlsəfəsi” adlı məşhur əsərini yazdı.
İnqilab Kərimov, AMEA-nın müxbir üzvü
***
Yadımdadır, o zaman şimşək kimi çaxırdın, aləmə nur saçırdın. Bax, o zaman aşiq olmuşdum sənin vüqarına, əzəmətinə, haqqa qovuşmaq eşqilə döyünən ürəyinə. O zaman sən deyirdin: “Dünyada var ancaq bir həqiqət, o da həqiqət yolunda ölmək!”
İslam Ağayev, filologiya elmləri doktoru
***
Böyük ziyalı Asif Atanı həmişə yolundan dönməyən, öz sözü olan bir şəxsiyyət kimi tanımışam.
İsmayıl Vəliyev, professor
***
Asif Atanın şaqraq, əzəmətli səsi indi də qulaqlarımdadır. Kimsəyə bənzəmirdi, özünəməxsus idi, heç zaman çərçivədə danışmırdı. Onun dediklərinə adamın öncə inanmağı gəlmirdi, sonradan dediklərini düşünəndə görürdün ki, düz danışır. İndi onun düşüncələrinə insanlarımızın ehtiyacı gündən-günə artmaqdadır.
İsmayıl Məmmədov, professor
***
Asif Ata sözlə ifadəsi mümkün olmayan, son dərəcə ağır işin öhdəsindən mərdanəliklə gəldi. O, təqiblərə, təhqirlərə məruz qalsa da, inadından, inamından heç zaman dönməyən, orijinal bir məktəbin əsasını qoymuş dahi bir şəxsiyyətdir.
Kələntər Kələntərli, şair-publisist
***
Ata fəlsəfəsi gələcəyin fəlsəfəsi, həyat tərzi olacaq. Asif Atanın kitabları, ideyaları hələ bundan sonra yurdumuza, müstəqilliyimizə, xalqımıza daha böyük xidmətlər edəcək.
Maarif Teymur, ədəbiyyatşünas
***
Tənqidimizdə mən Asif Atanı fenomenal, nə özündən öncə, nə də sonra hələ də təkrarlanmayan, tamamilə yeni cığır açan və özündən başqa bir tənqidçinin getməyə cəsarət etmədiyi fenomenal fiqur hesab edirəm. Ümumiyyətlə, Asif Atanın irsi ilə tanış olanlar onun yaradıcılığını üç mərhələyə bölə bilərlər: tənqidçilik, filosofluq və peyğəmbərlik dövrü. Bunların hər üçündə Asif Ata orijinal idi: tənqidçi kimi də, filosof kimi də, hətta peyğəmbər kimi də. O, tamamilə orijinal fəlsəfə, inancla çıxış edirdi.
Əsəd Cahangir, tənqidçi
***
Asif Ata milli fəlsəfə elmimizin iftixarı idi. Moskvada akademik Afanasyevin başçılıq etdiyi kafedrada müdafiə edəndə bütün rus filosofları ona heyran qaldı. Mən orada iştirak etmişəm.
Onun işıqlı ideyaları bəşər durduqca yaşayacaq.
Əsədulla Qurbanov, professor
***
Asif Atanın özünəməxsus dili var – yığcam və amiranə. Sözü deyir, nida qoyur ki, bu, belədir. Hamı yaxşı nədir, pis nədir anlayışını bilmək üçün hökmən Ata kitablarını oxumalıdır.
Fikrət Sadıq, şair
***
Atanın dünyabaxışı çox adamın formalaşmasında böyük rol oynadı. Mübaliğəsiz deyə bilərəm: əgər gürcülərin Asif Atası olsaydı, bütün dünyada səs salardılar! Asif Atanı öyrənməyə hamının ehtiyacı var. O, ümumbəşərilik anlamında İnsanlıq örnəyidir. Atanın sözüylə desək, həmişə böyüklüyü qıraqda axtarırıq, ancaq özümüzdəkini görmürük. Asif Ata yeni dünyabaxış hadisəsidir.
Giya Paçxataşvili, şair-tərcüməçi
***
“Müdriklik səlahiyyəti” kitabı özümüdərkimdə böyük rol oynadı. O kitabda böyük humanistlik, yüksək düşüncə gördüm. Asif Atanın mənə verdiyi kitabına yazdığı avtoqraf çox doğma xatirədir.
Gülxani Pənah, yazıçı, publisist
***
Asif Atanın hər bir fikri, sözü ürəkdən gəlir. O qədər gözəl, əhatəli danışardı ki, heç sual verməyi də düşünməmişəm. Adamın gözləri görmürdü onu, ürəyi görürdü...
Məcnun Göyçəli, şair
***
Ata heç kəsin demədiyini deyirdi, duymadığını duyurdu, düşünmədiyini düşünürdü. Ona görə də həmişə Asif Atanı ideal bir şəxs olaraq tanımışam və sevmişəm.
Asif Ata mənəviyyata çağırırdı, həmişə bizim qolumuzdan tutacaq. Gələcəyimizi Asif Ata ideyaları ilə xoşbəxt görürəm.
Mədəd Coşqun, şair-publisist
***
Asif Ata İnamına doğru gedirdi. Mübarizlik, döyüşkənlik öz gözəl nəticəsini verdi.
Məhərrəm Şəmkirli, publisist
***
Təəssüf etməliyik ki, onu dərindən tanımırıq, tanıda bilmirik. Gərək Asif Atanı tanımaq gücünə çataq. Fəxr edirəm ki, təbiət bizə Asif Ata kimi şəxsiyyət bəxş edib. Mən dünyanın sonuna onda inanaram ki, insanlıq bitər. İnsanlıq varsa, dünyanın sonu mümkün deyil.
Məleykə Alıqızı, rejissor
***
Asif Ata esseistikaya, tənqidimizə yeniləşməni, təfəkkürü gətirdi. Asif Ata nə eləyibsə, nə yazıbsa, təsadüfdən eləməyib, təsadüfdən yazmayıb. Onun yazdıqları bizim üçün bu gün də örnəkdir.
Məti Osmanoğlu, ədəbiyyatşünas
***
Ataya sonsuz sevgim yarandı, sözündə bahar mehri vardı. Televiziya çıxışlarında da vəcdə gəlirdi, adamlara gözəl təsir edirdi. İndi danışdıqca Atanın bütün halları gözümün qabağında canlanır. Asif Ata deyir: “İnsanlaşın, İnsanlaşdırın!”
Yer üzündə bundan böyük söz yoxdur!
Mustafa Çəmənli, yazıçı
***
Asif Ata doğrudan da Azərbaycanın çox görkəmli ziyalılarından idi. Yaddaşımda gözəl bir filosof kimi, qələm, söz sahibi kimi qalıb. Onun ruhu qarşısında hörmətlə baş əyirəm.
Nahid Hacızadə, yazıçı
***
Asif Atanın təlimindəki bütün müddəalara fikir vermiş olsaq, orada həqiqətən də əsl insanlığa gedən yolun əlifbası, teoremləri, tərifi, fəlsəfəsi verilib. İnsanlaşmağa da aparan yol şübhəsiz, mənəviyyatdan, əxlaqdan keçməlidir.
Nizami Tağısoy, professor
***
Asif Atanın böyük irsinə, bizim mənəviyyatımızdakı dəyərli varlığına hər gün böyük ehtiyac yaranır. Dünyanı dəfələrlə gəzmişəm. Əgər dünyada iki-üç böyük mənəvi dünyası, öz təlimi olan şəxs, adı böyük hərflərlə yazılan həqiqi filosof varsa, onların birincisi Asif Atadır. Çox xoşbəxtəm ki, Atanı canlı görmüş, dinləmiş, dediklərinə inanmışam. Mənim yaradıcılığımın qanında o böyük bulağın, duru suyun mütləq bir damlası var. Mən Atadan öyrənirəm və həmişə də öyrənəcəyəm.
Paşa Qəlbinur, şair, professor
***
Həyat Asif Ataya nə qədər amansız olsa da, yolundan döndərə bilmədi onu. O, mühitə təsir etdi. Asif Ata həyatın bütün problemlərinə toxunub, öz münasibətlərini bildirib. Əslində çıxış yollarını göstərib.
Qəşəm İlqar Ruhdaş, şair
***
Asif Atanın fikrini, fəlsəfəsini anlamışam – özəliklə ədəbiyyat sahəsində. Ədəbiyyatın fəlsəfəsini açan fikirlərini ayrıca dəyərləndirmişəm.
Qəşəm Nəcəfzadə, şair
**
Asif Ata bütöv xarakterə malik insan, dediyini eləyən, yaşayan, fikrini sübuta yetirən inadlı, böyük ziyalı idi. Onun yüksək estetizm səviyyəsində yaradıcılığı, yazıları hamını heyran edirdi. Asif Ata milli mədəniyyətimizin, müstəqilliyimizin fədaisi, milli azadlığımız yolunda canından keçən işıqlı bir insani, böyük düşüncə, yol yiyəsi idi.
Ramiz Duyğun, şair
***
Asif Ata unikal dünyası olan bir şəxsiyyət idi. İctimai fikir tariximizdə belə insanlar demək olar, zamanında başa düşülməyib. Yalnız müəyyən dönəmdən sonra xalq belə şəxsiyyətlərin həqiqətlərini anlaya bilir.
Ramiz Məmmədzadə, şair
***
Asif Ata filoloji düşüncəmizə poeziyanı gətirdi. O, öz düşüncələrini sistemə sala bildi. Neçə yüz il idi bizdə belə mütəfəkkir yox idi ki, öz düşüncələrini sistemli təqdim eləsin. Bu sistemlə razılaşmaq, razılaşmamaq da olar. Ancaq bu sistemin mövcudluğu, təqdimatı özü çox böyük hadisədir. Asif Ata yeganə Azərbaycan filosofudur ki, özünün fəlsəfi sisteminə milli kodları gətirdi. Onu fəlsəfi sistemi millətin obrazının bütövlüyünə yönəlib.
Asif Ata öz baxışlarını inanca çevirə bildi.
Rüstəm Kamal, ədəbiyyatşünas
***
Asif Ata fikirlərin sintezindən çıxış etmədi, kompromisə getmədi. Fəlsəfi ideyalarında da cəmiyyətin, sosial mühitin rolunu nəzərə almadan, bütün fikirlərini fərdi-mənəvi aləmin təkmilləşdirlməsinə, insani kamilliyin önə çəkilməsinə yönəltdi.
Səlahəddin Xəlilov,
fəlsəfə üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü
***
Asif Atanın böyüklüyü ondadır ki, öz ardıcıllarını yetişdirdi. Ardıcılları olan isə həmişə yaddaşlarda qalır və unudulmur. İndi Asif Ata ruhunda yeni bir Atalılar nəsli yetişməkdədir.
Sərvaz Hüseynoğlu, şair
***
Asif Ata günəşdir, işığı hər yerdən, hər zaman görünəcək! O, insanların şüurunu, həyatını dəyişdirdi. İnsan ona qulaq asdıqca müsbət enerji alır, yüngülləşirdi.
Ata böyük bir məktəbdir.
Seyfəddin Əsəd, həkim
***
Asif Ata varlığı, yaradıcılığı ilə gündəlik işlərimizdə, yaradıcılığımızda bizim üçün ölçü ola bilər. Atanın yaradıcılığı fəlsəfənin qüdrətli və parlaq nümunəsidir.
Səyavuş Məmmədzadə, şair-tərcüməçi
***
Mənim ömrümdə ailədən aldığım ədəb-ərkandan daha çox Asif Atanın verdiyidir və bir də seçmə klassiklərin. Asif Atanı oxumasaydım, indiyə kimi nəyə nail olmuşamsa, bəlkə onların heç biri olmazdı.
Seyfəddin Mənsimoğlu, ağac üzərində xəttoyma ustası
***
Ata, sənə sözüm var:
İnamında gözüm var!
Əzm varsa, dözüm var!
Bəlkə dözən dözmədi?
***
Bilən – səbrə dözümlü,
Ölən-qəbrə dözümlü,
Gedən-cəbrə dözümlü,
Bəlkə gələn dözmədi?
***
Can cəfaya dözəcək,
Qəlb bəlaya dözəcək,
«Ruh cəfaya dözəcək,
Bəlkə bədən dözmədi!»* (* Beyt Asif Atanındır)
Şahin Fazil, şair-alim, professor
***
Asif Ata həyatı dərindən öyrənmişdi. Nəsimidən, Füzulidən danışırdı, onların yaradıcılığının mənasını açırdı. Məsələn, deyirdi ki, eşqdə yanan Füzulinin qəhrəmanı deyil, Füzulinin özüdür. Mən də özümə deyirdim ki, yanan elə Asif Atanın özüdür. Biz aydınlar da bu yöndə çalışmalı, xalqın daim var olması üçün əlimizdən gələni etməliyik.
Şahsuvar Haşımov, Elm və Texnika Sənədləri Arxivinin keçmiş direktoru
(ardı var)