Dünyada yeni virus yayılır – ÜST xəbərdarlıq etdi


Niderland bayrağı altında üzən “MV Hondius” adlı lüks kruiz laynerində qeydə alınan hantavirusun yayılması səbəbilə gəmidə olan 147 nəfərin vəziyyəti qiymətləndiriləcək. B

Turkustan.az xəər verir ki, bu barədə qərar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və İspaniyanın Səhiyyə Nazirliyi arasında keçirilən görüşdə qəbul edilib.

İspaniya Səhiyyə Nazirliyinin açıqlamasına görə, əsas məqsəd gəmidə olan şəxslərin sağlamlıq vəziyyətini müəyyənləşdirmək, simptoma yoluxanların olub-olmadığını araşdırmaq, eləcə də yüksək və aşağı riskli kontaktları ayırd etməkdir. Bu qiymətləndirmə gəminin marşrutu və sərnişinlərin repatriasiyası ilə bağlı qərarların verilməsinə təsir edəcək.

ÜST-nin yaydığı məlumata əsasən, gəmidə hantavirus infeksiyasına yoluxma ilə bağlı 7 hal qeydə alınıb. Onlardan 2-si təsdiqlənmiş, 5-i isə ehtimal olunan haldır. Yoluxanlardan 3 nəfər həyatını itirib, 1 nəfərin vəziyyəti kritikdir, 3 nəfərdə isə yüngül simptomlar müşahidə olunur.

Təşkilat əvvəlcə xəstələrin bir qisminin təxliyə ediləcəyini və gəminin Kanar adaları istiqamətinə yönləndiriləcəyini bildirsə də, İspaniya tərəfi bu məlumatı təkzib edib. Rəsmi Madrid bildirib ki, qərar yalnız Kabo-Verde yaxınlığında toplanacaq epidemioloji məlumatlardan sonra veriləcək.

Hazırda gəmi Kabo-Verde sahillərində lövbər salıb. Alternativ variant kimi gəminin birbaşa Niderlanda yönləndirilməsi də nəzərdən keçirilir.

ÜST rəsmiləri bildirir ki, virusun mənbəyi hələ müəyyən edilməyib. İlkin ehtimallara görə, infeksiya ilk yoluxan şəxslərin Cənubi Amerika səfəri zamanı yayılıb və sonradan gəmi daxilində müşahidə olunub. Bununla yanaşı, virusun insandan insana ötürülməsi ehtimalı da araşdırılır.

Qeyd edək ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır və insanlara onların ifrazatları ilə təmas və ya hava yolu vasitəsilə keçə bilir. Xəstəlik yüksək hərarət, mədə-bağırsaq problemləri və ağır hallarda tənəffüs çatışmazlığı ilə müşayiət olunur. Hazırda bu virusa qarşı spesifik müalicə və ya vaksin mövcud deyil. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ