Vərəmin təsirinə məruz qalmış insanların hüquqları haqqında maarifləndirici təlim keçirilib - FOTOLAR


“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin təşəbbüsü ilə vərəmlə mübarizə istiqamətində növbəti maarifləndirici tədbir həyata keçirilib.

QHT.az xəbər verir ki, tədbir vərəmin təsirinə məruz qalmış insanların hüquqlarının müdafiəsi və bu hüquqlar barədə məlumatlılığın artırılması məqsədi daşıyıb. Maarifləndirici görüş TƏBİB tabeliyində fəaliyyət göstərən Ağ Ciyər Xəstəlikləri Mərkəzinin 1 saylı İxtisaslaşdırılmış Poliklinikasında təşkil olunub.

Görüşdə tibb müəssisəsinin kiçik və orta tibb personalı, eyni zamanda burada müalicə alan pasiyentlər iştirak ediblər. Tədbirin əsas mövzusu “Vərəmin Təsirinə Məruz Qalmış İnsanların Hüquqları Haqqında Bəyannamə”nin mahiyyəti və praktiki əhəmiyyəti olub.

Təşkilat rəhbəri Çingiz Ramazanlı çıxış edərək bildirib ki, vərəmlə mübarizədə yalnız tibbi müdaxilə kifayət etmir. Bu sahədə insan hüquqlarına əsaslanan yanaşma mühüm rol oynayır. Xüsusilə, müalicə prosesində həkimlərin və pasiyentlərin ləyaqətinin qorunması, məlumat alma hüququ və ayrı-seçkiliyə məruz qalmaması diqqət mərkəzində saxlanılmalıdır.

Tədbir iştirakçılarına bəyannamədə əks olunan əsas hüquqi prinsiplər geniş şəkildə izah edilib. Bildirilib ki, vərəm xəstələri cəmiyyətin digər üzvləri kimi bərabər hüquqlara malikdirlər. Onların tibbi xidmətə əlçatanlığı maneəsiz təmin edilməlidir. Həmçinin pasiyentlərin psixoloji dəstək almaq, məxfiliyin qorunması və müalicə barədə dolğun məlumatlandırılmaq hüquqları xüsusi vurğulanıb. Maarifləndirmə sessiyası zamanı tibb personalının pasiyentlərlə etik davranış normaları barədə də ətraflı danışılıb. Qeyd edilib ki, şəfqətli münasibət müalicənin uğur faizinə birbaşa təsir göstərən amillərdəndir. Kiçik və orta tibb işçilərinin gündəlik təmasda olduqları pasiyentlərlə və bunun əksi kimi pasiyentlərində öz növbəsində tibb personalı ilə kommunikasiya bacarıqları bu baxımdan böyük əhəmiyyət daşıyır. Tədbirdə iştirak edən tibb əməkdaşlarına pasiyent hüquqlarının praktik tətbiqi üzrə nümunələr təqdim olunub. Müxtəlif real situasiyalar əsasında hüquq pozuntularının necə yarana biləcəyi izah edilib.

Eyni zamanda belə halların qarşısının alınması yolları müzakirə olunub. Pasiyentlər üçün keçirilən hissədə onların öz hüquqlarını bilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, məlumatlı pasiyent müalicə prosesində daha fəal iştirakçıya çevrilir. Hüquqlarını tanıyan şəxs tibbi göstərişlərə daha şüurlu yanaşır. Bu isə müalicə intizamının möhkəmlənməsinə səbəb olur.

Tədbir çərçivəsində iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Xəstələrin qarşılaşdıqları sosial və psixoloji çətinliklər ətrafında fikir mübadiləsi aparılıb. Ayrı-seçkilik və damğalanma hallarının hələ də müəyyən narahatlıq doğurduğu qeyd edilib. Bu baxımdan ictimai maarifləndirmə işinin davamlı aparılmasının vacibliyi vurğulanıb. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin nümayəndələri çıxışlarında bildiriblər ki, təşkilatın əsas məqsədlərindən biri vərəm sahəsində insan mərkəzli yanaşmanın gücləndirilməsidir. Təşkilat hesab edir ki, tibbi xidmətlə yanaşı hüquqi və mənəvi dəstək də sağalma prosesinin ayrılmaz hissəsidir. Bu cür maarifləndirici görüşlər həm tibb personalı, həm də pasiyentlər arasında qarşılıqlı anlaşmanı gücləndirir. Eyni zamanda səhiyyə müəssisələrində daha humanist xidmət mühitinin formalaşmasına töhfə verir.

Tədbir iştirakçıları təqdim olunan məlumatların praktik baxımdan faydalı olduğunu bildiriblər. Xüsusilə, hüquqlar barədə sadə və anlaşıqlı izahların maariflənməyə ciddi təsir etdiyi vurğulanıb. Görüş zamanı iştirakçılara mövzu ilə bağlı məlumatlandırıcı materiallar da təqdim edilib. Sonda belə təşəbbüslərin mütəmadi keçirilməsinin vacibliyi bir daha qeyd olunub. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi bundan sonra da vərəmlə mübarizə sahəsində hüquq əsaslı maarifləndirmə fəaliyyətlərini davam etdirmək niyyətində olduğunu bəyan edib. Təşkilat inanır ki, məlumatlı tibb işçisi və məlumatlı pasiyent daha sağlam gələcəyin əsas təminatıdır.


MANŞET XƏBƏRLƏRİ