Mayın 6-sı səhər saatlarında Rusiya qüvvələri Ukraynanın bir neçə şəhərinə hücum edərək prezident Volodimir Zelenskinin elan etdiyi "sükut" rejimini pozublar.
Turkustan.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, atəşkəs elanından dərhal sonra Dneprdə partlayış səsləri eşidilsə də, düşmən hədəflərinin aktivliyi minimum səviyyədə olub.
Lakin sübh tezdən düşmən hücumları intensivləşdirib. Hərbçilər pilotsuz uçuş aparatlarını (PUA) və idarə olunan aviabombaların (KAB) buraxılışını qeydə alıblar. Hazırda Xarkov və Zaporojyedə ciddi fəsadların olduğu bildirilir. Xarkovda yaşayış binalarına ziyan dəyib, yaralılar var. Zaporojyedə isə sənaye infrastrukturu obyekti hədəf alınıb.
Xatırladaq ki, "sükut" rejimi mayın 5-dən 6-na keçən gecə saat 00:00-da qüvvəyə minməli idi. Lakin cəmi bir neçə dəqiqə sonra Dneprdə partlayışlar baş verib. Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin məlumatına görə, şəhərə doğru hələ atəşkəsdən əvvəl buraxılmış dronlar hərəkət edib. Saat 04:00-dan etibarən Sumı, Xarkov və Donetsk vilayətlərinə, saat 05:00-dan isə Zaporojye vilayətinə kütləvi aviabomba zərbələri endirilib. Saat 06:00-dan sonra isə Xarkov, Krivoy Roq və Odessa istiqamətində PUA hücumları qeydə alınıb.
Xarkov meri İqor Terexovun bildirdiyinə görə, şəhərin Novo-Bavarski və Şevçenko rayonlarına zərbələr endirilib. Xüsusilə fərdi yaşayış evinə düşən mərmi yanğına səbəb olub, ümumilikdə 7 ev zədələnib. Vilayət rəhbəri Oleq Sinequbov isə artıq iki nəfərin yaralandığını təsdiqləyib.
Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, düşmən sənaye infrastrukturu obyektinə hücum edib. İlkin məlumatlara görə, bu istiqamətdə xəsarət alan olmayıb.
Vəziyyət gərgin olaraq qalır və Ukrayna hərbçiləri düşmən hücumlarını dəf etməyə davam edir. /Musavat.com/