İŞIQLI ATALI
I yazı
Sentyabrın 25-i Mütləqə İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhsal Ocaq Atası, Dahi Azərbaycan Filosofu İnam Atanın (Asif Atanın) 90-cı ildönümüdür. (1935-1997). Onun gəlişi İnsana, Ulusa, Bəşərə bənzərsiz Mütləqə İnam müjdəçiliyidir. İndiyə qədərki gəlişlərin çoxu insandan qıraqdakı qüvvələrə inam əsasında olub. Sonucda insan yox, insanüstü qüvvələr təsdiqlənib. Ancaq İnam Atada başlıca məqsəd İnsandır, insanın var olması özündən qıraqdakı quvvəyə yox, İnsandakı Mənaya, Mütləqlik imkanına əsaslanır. İnam Atanın onillərdir Azərbaycana gətirdiyi özümlü, bənzərsiz düşüncə yönü, ideya fərqi yer-göy səviyyəsində ortadadır. Ata Ulusumuz, habelə Bəşər üçün yeni, qədimlik üstə yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanını ortaya qoydu. Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi. O, yaratdığı dünyabaxış – Mütləqə İnam əsasında özünü var etdi. İnsan haqqında deyilən, yazılan bədbin fikirlərə uymadı, hamının insandan üz döndərdiyi bir çağda insanlığa üz tutdu. Özü demişkən, insanda yanılsa da, insanlığa inandı. Onun geniş, sınırsız idraki imkanları, şəri sarsıdan inamı var. Ona görə “var” deyirəm ki, Ata haqqında keçmiş zamanda danışmaq gerçəkdən mümkün deyil. Ona görə ki, ardıcıllarının ağlında, ürəyində, əməllərində hər an yaşayır, yaşadılır. İnam Ata (Asif Ata) aqibətlər yaradıb, sabahlıdır. Onun ideyalarının İnsanlığa uyğunluğu, yaşarılığı hələ bundan sonra aydın dərk olunacaq, daha yaradıcı – ulusal, bəşəri ömürləşəcək.
“Aydınlarımız İnam Ata (Asif Ata) haqqında” başlığı altında sunduğum yazını illər öncə hazırlamışam, bu biçimdə ilk dəfə çap olunur.
SAYĞIYLA: İŞIQLI ATALI
***
AYDINLARIMIZ İNAM ATA (ASİF ATA) HAQQINDA
Atanın fikri, amalı çox aydındır, dərindir. Mən öz araşdırmalarımda çoxunun fikrini qəbul etməmişəm. Ancaq Atanın bütün fikirlərini qəbul etmişəm və bununla qürur duyuram.
Elməddin Əlibəyzadə, filologiya elmləri doktoru, professor
***
Asif Ata fenomen kimi tarixə daxıl olub. Beynində qanadlı, fantastik, çılğın şüur, damarında qeyri-adi mifik, mistik enerji axırdı. Vərəqlərə qələmindən süzülən yığcam, lakonik antitezaların, çox sərt paradoks və təzadların düzümündə və vəznində ruhunun, pərvazının ahəngi, qəlbinin vurğusunun avazı və ritmi döyünürdü. Hissin qiyamı və sözün üsyanı zahirən idillik, qılaflı və bəzəkli gerçəkliyin örtüyünü sökür və açılan yarğandan çılpaq iç, təzadlı dialektika görünürdü. Ali məktəbi tez qurtardı ki, həyat məktəbini öyrənməyə başlasın; özü demişkən, fəlsəfə dərsindən həmişə qaçdı ki, gedib həqiqi fəlsəfəni öyrənsin. Sovet rejiminin ona verdiyi bütün diplomları, titulları bir tərəfə atdı ki, hamıya qürurla elan və bəyan etdiyi Atalıq rütbəsinə gəlib çatsın. Həqiqi mənəvi və əxlaqi dəyər axtarışı – onun ömrü boyu yol getdiyi məna və məqsəd idi. Heç nədə sərhəd və ölçünü sevmirdi. Yalnız indi bir tərcümeyi-halda ölümdən sonra sevdiyi sərhədsizliyə qovuşdu. Bənzərsiz, sxemsiz, çərçivəsiz ziyalı şəxsiyyət kimi yaddaşlara həkk oldu. Bənzərsiz qaldı hər şeydə, hətta ölümündən sonra da, ölümünün və dəfninin tərzində də…
Yaşar Qarayev, AMEA-nın müxbir üzvü
***
Asif Ata o qədər ilhamla, məhəbbətlə mühazirə oxuyurdu ki, bir tələbənin də səsi çıxmazdı. Onun dərslərində təkcə tələbələr deyil, müəllimlər də gəlib iştrak edirdilər. O, ədəbiyyatdan danışanda da fəlsəfənin dərin qatlarına gedib çıxırdı. Həqiqətən də Asif Ata məktəbə çevrilə bildi. Çox istedadlı adamlarda müəyyən qəribəliklər olur. Asif Atanın öz aləmi vardı. Bir dəfə də onu Kiyev Universitetinə ixtisasartırma kursuna yollamışdılar. O isə bir həftədən sonra qayıdıb gəldi. Arxasınca da bir məktub yolladılar. Demə, mühazirə oxuyan müəllimlərin səviyyəsi onu qane etməyib. Deyib ki, siz heç nə bilmirsiniz, səviyyəniz çox aşağıdır...
Onu həmişə sayğıyla xatırlayıram.
Qəzənfər Paşayev, professor
***
Asif Ata ilə iftixar edirəm.
Abbas Abdulla, şair, publisist
***
Asif Atanın hamıdan fərqli öz fəlsəfəsi var. O, dünyada gözü, umacağı olmayan, heç nə istəməyən, əksinə, ona verməyə çalışan insan idi. O, insanları ülviliyə, təmizliyə, bəşəri duyğulara səsləyir. Dərs deyəndə də, yazılarında da elə idi. Orta məktəbdə oxuyanda Asif Atanın təsirinə düşmüşdüm. Məqalələrini oxuyurdum və onun kimi yazmağa çalışırdım. Həmin dəftərçəmin adını “Ululuq” qoymuşdum. Ora öz fikirlərimi yazmışdım, amma təsir Asif Atadan gəlmişdi...
Aqil Abbas, yazıçı, millət vəkili
***
Asif Ata Azərbaycanın fenomenal şəxsiyyətidir. Mənim həyata baxışımın formalaşmasında onun rolu olub. İşıq Asif Atanın daxilindən gəlirdi. Onun böyüklüyünü təsvir etmək çətindir. Asif Ata zamanın çərçivəsindən çıxıb. Kitabları ona əbədiyyət qazandırıb. Bəşəriyyətin əbədi yaddaşına yazılacaq insandır Asif Ata.
Adil Əsədov, fəlsəfə üzrə elmlər doktoru
***
Tələbəlik vaxtı Asif Atanın çıxışları əsarətdə saxlanılan normativ düşüncələrdən seçilən mülahizələrin ictimai rəyə çatdırılmasının mümkünlüyünə bizi inandırırdı. Bu inamın sayəsində tələbələrin bir çoxu düşünməyə, fərqli fikir söyləməyə cəhd göstərirdi.
Müəllimlik həm də kimisə buna öyrətmək deyilmi?! Asif Ata yaşadığı ömürlə də sübut etdi ki, son hamı üçündür: amma həm də elə yaşamaq olar ki, əsərinlə, sözünlə, fikirlərinlə sondan sonra da anılasan, xatırlanasan.
Arif Əmrahoğlu, ədəbiyyatşünas
***
Asif Ata fəlsəfəsi Azərbaycanda fəlsəfə elminin zirvəsidir. “İnsan” anlayışına Asif Ata tərəfindən verilən məna “canlıların əşrəfi” adlandırılan insanın müqəddəsləşmiş məzmunudur.
Baba Əhmədli, alim, publisist
***
Moskvada oxuyanda məşhur müəllimlərimdən biri dərsə Asif Ata ilə şəkillərini gətirdi, dedi ki, Bakıya gedəndə Asif müəllimə salam deyərsən. 1980-ci illərin əvvəlləri idi. Bakıya gələndə Asif Ata ilə görüşdüm, Ataya həmin müəllimimin salamını yetirdim. Dedi ki, mən Moskva həyatımın üstündən xətt çəkmişəm, məsləhət görürəm sən də xətt çəkəsən.
Aydın Dadaşov, kinoşünas
***
Asif Ata dünyaya bir naxış idi – gəldi bu dünyaya, fikirlərini bizə yadigar qoyub aramızdan getdi...
Aydın Kazımzadə, kinoşünas
***
Asif Atanın universitetdəki estetika klubunda apardığı tədbirlərin dinləyicisi və təbliğatçısı olmuşam. O, bizim bir çoxlarımızın insan kimi, vətəndaş kimi formalaşmağımızda böyük rol oynayıb.
Azad Qaradərəli, yazıçı
***
Asif Ata müdriklər müdriki idi. Elm və sənət müridlərinin mürşidi idi. Bir kəlmə sözü ilə yüz minləri ovsunlayan Asif Atanı dinləmək, məclislərinin iştirakçısı olmaq hər kəs üçün şərəf idi. O zamankı gənclərin dünyagörüşünün formalaşmasında Asif Ata ideyalarının öz payı var. Asif Ata bulağından içilən suyun mayası möhkəm olurdu.
Bilal Alarlı, araşdırmaçı
***
Asif Ata ilə ilk görüşümüzdə onun fikirləri mənə heyranlıqla mütailə etdiyim yunan alimləri sayaq təsir etdi. O vaxt “Gənc qələmlər” məclisini mən aparırdım. Bir dəfə Asif Atanı oraya gənclərlə görüşə dəvət etdim. Axı onlar da ideal axtarırdılar...
Cəmil Əlibəyov, yazıçı
***
Mənim üçün Asif Ata Azərbaycan ədəbi-bədii, tənqidi fikrində çox görkəmli, özünəməxsus dünya duyumu, dünyabaxışı, orijinal düşüncə tərzi olan bir mütəfəkkir idi. Mən onu həyatda görmüşəm, müşahidə eləmişəm, söhbətlərinə qulaq asmışam. Həmişə bunun şahidi olmuşam ki, o, adlarına, vəzifə məqamlarına baxmadan ədəbiyyat adamlarına münasibətdə həmişə çox cürətli davranıb.
Çingiz Əlioğlu, şair
***
Asif Ata obrazı yaddaşımda həmişəlik qaldı. Onun ömrü qəribəliklərdlə doludur. Hələ gəncliyində – Moskvada oxuyarkən dərsə getmirmiş, buna baxmayaraq semestr imtahanlarında dərin biliyi ilə “beş” alırmış. Asif Atanın dərin biliyi, yüksək fəhmi vardı, həmişə vəcdli olurdu…
Dilavər Əzimli, tarix üzrə fəlsəfə doktoru
***
Sovet dövlətinin qılıncının dalının, qabağının kəsdiyi bir çağda həqiqəti qorxmadan söyləmək hər kəsin işi deyildi. Asif Atanın “Etik və Estetik Tərbiyə Klubu” o dövrün minlərlə gəncinin milli yaddaşının korşalmasının qarşısını aldı. Həyatda nə qazanmışamsa, uğurlarıma görə ilk olaraq Asif Ataya borcluyam. Ata tək şəxsiyyət idi ki, biz gənclər mübahisə edərkən ancaq onun sözünə əsaslanırdıq. Onun Sözü dartışmamızı kəsir, nöqtə qoyurdu. Ən çətin məqamımızda onu özümüzə doğma sanırdıq. Kitabxana sanki onun evi idi. Onun oxuduğu kitabların siyahısı tutulsaydı, heyrətamiz bir mənzərə alınardı.
Əhməd Oğuz, şair, araşdırmaçı
***
Asif Ata Azərbaycan fəlsəfəsində, elmində, ruhaniyyatında böyük bir iz qoymuş şəxsiyyətdir. Atanın yaradıcılığında Azərbaycanın bütövlüyü məsələsi başlıca yer tutur.
Əkrəm Rəhimli, tarixçi
***
Bu gün toplumda Asif Atanın düşüncələrinə böyük ehtiyac var.
Eldar İsmayılov, ictimai xadim
***
Gəncliyimdə Asif Atanın müdrik kəlamları minlərlə həmyaşıdım kimi mənim də yaddaşımda möhkəm qalıb. Asif Ata fikrini həmişə açıq deyirdi. Onu insanlara sevdirən də bu idi.
Eldəniz İbrahimov, sənətşünas
***
O vaxtın gəncləri olan bizlər Atanın əl-əl gəzən əsərlərini mətbuatdan oxuyur, televiziyadakı çıxışlarına heyranlıqla qulaq asırdıq. Asif Atanın dedikləri, halı ilə özümün daxili dünyam arasında sanki qəribə bir bağlılıq görürdüm. Asif Atada milli ruhun fəlsəfi anlamda ifadəsini görürdük. Gənclər onu anlayır və çox sevirdilər. Biz – o çağın gəncləri Atanın dilindən millət olmağın yollarını anlayır, dərk edirdik. Ata ölçüsü bizi dəyərlərimizə yiyə durmağa çağırır. Bu gün xalqımız Asif Atanı daha dərindən tanımalıdır.
Əli Kərimbəyli, türkoloq
***
Asif Ata özündən öncəki nəzəriyyə və təlimlərin insana onun gerçəkliyinə dayanma yönündən yanaşmalarını məqbul saymadı. İnsana öz mahiyyətindən, mütləqliyindən dəyər verdi və bəşərin nicatını insanlaşmaqda gördü. “İnsanlaşın-İnsanlaşdırın!” harayı ilə yurddaşlarını, dünyadaşlarını İnsanlıq Erasının silahdaşları, yurddaşları olmağa səslədi.
Əlisahib Əroğul, yazıçı
***
O bütün fikirlərini böyük cəsarət və uzaqgörənliklə, peyğəmbərcəsinə söyləyirdi.
Esmira Fuad
filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas-publisist
***
Asif Ata zəngin mənəviyyatlı bir insan kimi yadaşımda qalıb. Bizi ədəbiyyata bağlayan, geniş mənada ədəbiyyatı tanıtdıran Asif Ata oldu. Moskvada şahidi olduq ki, Atanın ağıllarda necə güclü obrazı, təsiri var.
Eyvaz Borçalı, şair
***
Asif Ata xatirimdə açıq fikirliyi, cəsarətli davranışları, məşhur yazıları ilə qalıb. Böyük idrakına həmişə heyran olmuşam. Onun həyatını öyrəndim, gördüm ki, başına olmazın çətinliklər gəlib, ancaq yenilməyib.
Fəxrəddin Əli, rəssam
***
Asif Ata ilə hər söhbətdə adam durulaşırdı. O, insanı dərindən tanıyırdı. Atanın İnamı – İnsanlıq, Vətənpərvərlik Fəlsəfəsidir. Yadımdadır, Asif Ata səhərdən axşamacan kitabxanada oxuyur, yazıb-yaradırdı. Axşam hamı gedirdi, ancaq Ata hələ də kitabxanada oxuyurdu, oxumaqdan, öyrənməkdən, yazıb-yaratmaqdan zövq alırdı. Xəlqi olmaq çətin işdir. Asif Ata isə bunu bacardı.
Elxan Məmmədli, alim
***
Asif Ata müdrik bir şəxsiyyətdir. Azərbaycanın birliyi, bütövlüyü məsələsi ilə bağlı dəyərli fikirlər söyləyib. Asif Atanın fikirləri dərindən öyrənilməlidir.
Əliyar Səfərli, ədəbiyyatşünas
(ardı var