Qulamrza Səbri Təbrizinin fəlsəfi və ictimai-siyasi görüşləri


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir

fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

II yazı

Qulamrza Səbri Təbrizi Mövlana Cəlaləddin Rumi və Vilyam Bleyk kimi, insanların üç qismə bölünməsi ilə mülahizəsi ilə razılaşmışdır. O, yazırdı: “Birincisi, təbiətə bağlı, ona əsir olan insanlar. Bu insanlar maddi dünyaya bağlı olduğu üçün fikrində, ruhunda inkişaf olmur. İkincisi, maddi və mənəvi dünya arasında vurnuxan insanlar. Onlar bu iki haləti öz həyatlarında yaşayırlar: yaxşı-pis, savab-günah; onların konflikti özlərində olur. Sonralar bu ikilik cəmiyyətə də sirayət edir. Bu insanların bəziləri Əflatun kimi maddi dünyanı mənəvi dünyanın kölgəsi hesab edir, ona əhəmiyyət vermir, bəziləri isə K.Marks kimi maddi dünyanı əsas götürür, mənəvi dünyanı az qala unudur. Üçüncü qism insanlar mənəvi dünya ilə maddi dünyanı paralel surətdə, vəhdətdə görürlər. Bir tərəfdən, ruh maddi dünyanı özündə həzm edərək dialektik şəkildə yeni mərhələyə keçir”.[1]

Təbrizi, o fikirlə də razılaşırdı ki, insan hərəkətdən düşəndə ölür. Belə ki, ruhun təkamüldən, hərəkətdən qalması insanın mənəvi iflasına, tənəzzülünə səbəb olur. Hətta, bu, insanın ruhi şikəstliyinə, ölümünə gətirib çıxarır. Təbriziyə görə, qədim yunan filosofları hərəkətin yolunu, zahiri əlamətlərini götürdüyü halda, Rumi və Bleyk isə hərəkətin təkanverici amilini insan ruhunda axtarır və bu ruhun mayası kimi eşqi əsas bilirdilər. Təbrizi yazırdı: “Təbiətdə mövcud olan təzadlar eçqin əsasında yanaşır, buna məhdud şəkildə baxılmamalıdır. Ruhun mərtəbəsindən baxılanda təbiətin, həyatın təzadları hiss olunmur, qəbul edilir. Məhdud, maddi çərçivədən baxılanda isə bunlar bir-birini inkar edir, insanın süqutuna səbəb olur. C.Rumi və V.Bleykə görə Günəşin doğuşunun əsasında eşq dayanır, bu eşq olmasa, o hər səhər eyni təravətlə doğulmaz. Onların hər ikisi insanda heyvani duyğunun və ilahi ruhun mövcudluğunu qəbul edir. Cəmiyyətin və fərdin təkamülünü ruhun təkamülündə, inkişafında görürlər”.[2]

Q.S.Təbrizi də C.Rumi və V.Bleyk kimi, insan məsələsinə xüsusi diqqət yetirir və insanlıq fəlsəfəsindən çıxış edirdi. O, “İnsan sevgisi” şeirində yazırdı:

Sorurlar məndən –

Nə üçün qaldırırsan,

insanı göylərə?

Bu qədər qiymət

verirsən ona?

Məgər Qərbdə Buşlar,

Şərqdə qan tökən diktatorlar,

İnsan deyillərimi?

– Xeyir, xeyr insan deyil onlar.

Çünki qan tökən, insan olmaz...

Tanrı insandan qiymətli

Heç nə yaratmayıb yer üzündə.

Əgər varsa bu dünyada

ilahi sevgi,

O da yalnız insanlardadı.[3]

Bütün bunlarla yanaşı, o, bir həqiqəti etiraf edir ki, dünya günbəgün, ilbəil cılızlaşır. Təbrizi yazırdı:

İnsanlıq yaddan çıxır,

Pul, sərvət tutur onun yerini,

Adamların gözləri ac olur.

Ürəkləri yığışır –

Bir ovuc ət olur.

Unudulur sahilsiz dənizlər.

Uca dağlar, göydə uçan quşlar.[4]

Q. S. Təbrizi milli maarifçi görüş­lərində əsasən,dini dəyərlərlə bağlı xurafatı, movhumatı, radikal mühafizəkarlığı tənqid atəşinə tutmuş, bəzi hallarda ümumiyyətlə dinləri, məzhəbləri qəbul etmədiyini ifadə etmişdir. O, yazırdı:

Kaş ki, məni

Heç bir dinə, məzhəbə

bağlamayaydılar.

Din adına o qədər

cinayət törədiblər ki,

Nifrət edirəm din, məzhəb

libasını geyinənlərə.

Birini inandırmaqdan ötrü

Allaha, peyğəmbərə and içirlər.

Hətta yeri gələndə

Balalarının da canından keçirlər.

İstərdim çılpaq doğulduğum kimi,

Çılpaq da köçəm bu dünyadan.

Dinlər, məzhəblər –

Riyakarlıq torudur,

Çəkilib insanların üzərinə.[5]

Dini məsələ ilə bağlı başqa bir şeirində isə, o yazırdı ki, özünə qalsa ancaq insanlıq dinini seçərdi:

Yenidən dünyaya gəlsəm,

Tələb edərəm –

Bütün din başçılarından

Əl çəkin məndən.

Qoy özüm tapım dinimi.

İnsaniyyət dinini.

Sevin insanları –

Rənginə görə deyil,

Ləyaqətinə görə.

Hörməyin bu divarları

İnsanlar arasında.

Mankurt etməyin millətləri.[6]

O, yazırdı ki, əgər bir gün qiyamət günü olarsa, Allahın özündən Ona şikayət edəcək: “Niyə yaratmamısan məni əzəldən Özün kimi qüdrət sahibi? Ki, tovlanmayam sənin rəqibin şeytana. Çəkməyəsən məni sorğu-suala, səhv əməllərimə görə. Niyə yaratmamısan məni əzəldən Özün kimi qüdrət sahibi?”.[7]

Təbrizi hesab edirdi ki, hələ də İslam Şərqi ölkələrinin bir çoxu orta əsrlərdəki dini xurafatdan, dini mövhumatdan tamamilə xilas ola bilməyib. Məhz bunun nəticəsi olaraq fərqli düşüncələrə qarşı hələ də, radikal dini təbəqənin təzyiqi çoxdur. O, yazırdı:

Bir zaman şair qardaşım-

Nəsimi küskün düşüb öz vətənindən.

Onun düşüncələrini, fikirlərini

qəbul etməyiblər.

Təəccüb edirəm hələ də

Şeyxlər dar ağacına çəkirlər,

Nəsimi fikirli insanları.

Amma öyrəndim bunu

Bir ömür yaşadıqdan sonra,

Qərbin inkişafına yol açıb

əsrlərlə qabaq

Nəsimilər fikri.[8]

O, ata-analara nəsihət edirdi ki, dini xurafat, dini movhumatla bağlı köhnə fikirlərin yeni nəslin beyninə yeridilməsinə yol verməsinlər. Təbriziyə görə, bir köhnə fikir, bir fanatizm uşaqda təkamül fikrini məhv edə bilər.[9] O, “Riyakarlar” şeirində yazırdı:

Allah sənə rəhmət eləsin

Ay Mirzə Cəlil!

Doğru anlamısan

Riyakar şeyxlərin fırıldaqlarını.

Hələ də davam edir İranda

Sənin dövründə görüb yazdıqların.

Şeyxlər zahirən bir xurma ilə

Bir tazə qızla davam etdirirlər

Öz fırıldaqlarını.[10]

Təbriziyə görə, İran adlanan ölkədə aryançı-farsçı mollalar bütün cinayətləri, fırıldaqları İslam dininin adından edirlər.[11]

Milli maarifçilik məsələsinə gəlincə, Təbrizi “Ruhun tüğyanı” poemasında göstərməyə çalımışdır ki, əzəldən bu torpağın sahibləri qədim türklər – şumerlər olmuş, ancaq tarixin saxtalaşdırılması nəticəsində bir çoxlarının bundan xəbəri yoxdur. Ona görə Türkün qədim mədəniyyəini farslar, ermənilər və digər xalqlar öz adlarına çıxmağa çalışırlar. Bir çox Türk gənclərinin əsil tarixlərindən, xüsu­silə Azərbaycan Türk tarixindən xəbərsiz olduğunu de­yən Təbriziyə görə, artıq milli tariximizi yenidən öyrənməliyik.[12]

O hesab edirdi ki, milli tariximizi doğru-dürüst bilməməyimizə əsas səbəb yad xalqların mütəfəkkirlərinin yazdıqları əsərlərində müəyyən gerçəklərlə yanaşı, uydurmalarına inanmağımız olmuşdur. O, buna nümunə kimi Firdovsinin “Şahnamə” əsərində Turanın-Türkün tarixini necə saxtalaşdır­masını və həmin saxtakar­lığı da fars şovinizminin necə təbliğ etməsini göstəmişdir. O, yazır:

Fars hökumətinin –

Yanlış siyasəti,

Ana dilimizdə oxumağı

Yasaq edibdi məktəblərdə.

Kifayətlənməyib bu cinayətlə

Hətta yanlış öyrədiblər tarixi bizə.

Guya Turan –

Vəhşi insanlar məskəniymiş.

Şünki fars şairi Firdovsi

Yaratmışdı bu təsəvvürü bizlərdə.

Farslardan bir qəhrəman, şücaətli

İnsan obrazı yaratmışdı

Şeir adına qoşduğu yalanlarda.

Türklərin vəhşi obrazını

Yaratmışdı insanların zehnində.

İrandan çıxandan sonra –

Turan mədəniyyətini öyrənib

Türk tarixilə tanış olanda

Heyrət etdim fars şairinin

Neçə əsr bundan əvvəl

İnsanlığa yaraşmayan şovinizminə.[13]

Azərbaycan xalqının tarixində Səttarxan hərəkatının mühüm yer tutduğuna inanan Qulamrza Səbri Təbrizi hesab edirdi ki, bu hərəkatın tarixi və onun liderinin həyatı yeni nəsil gənclərə öyrədilməlidir. Azərbaycan xalqı bilməlidir ki, həmin hərəkatın məqsədi nə olub və Səttarxanın idealları nədən ibarət idi. Təbriziyə görə Səttarxanın örnək həyatını dərk edən Azərbaycan Türk gəncliyi hər daim onun yolunu davam etdirəcəkdir ki, vaxtilə Firudin İbrahimilər, Seyid Cəfər Pişəvərilər və başqaları da məhz onun ideyasının davamçısı olublar. Firudin İbrahiminin Pəhləvilər tərəfindən edamını öz gözləri ilə görmüş olan Təbrizi yazırdı ki, o, Səttarxanın layqili davamçısı kimi, sarsılmaz iradəsi ilə düşmənlərinə meydan oxumşdur. Təbrizi yazırdı:

Gördüm bir gözəl cavan uca qamətilə,

Məğrur durub dar ağacı qarşısında.

Geyinibdi gözəl kostyum

Salıbdı qalstuku boyununa,

Sanki dar ağacına yox,

Bir ziyafətə gəlibdi.

Bu halət daha çox

Qorxudurdu düşməni.

Göstərirdi bu şəxsin iradəsini, qüdrətini

Və sınmaz Vətən eşqini.[14]

[1] Yenə orada, s.47-48

[2] Yenə orada, s.48

[3] Təbrizi, Qulamrza Səbri. Sahilsiz dəniz. Bakı, Turan evi, 2009, s.19

[4] Təbrizi, Qulamrza Səbri. Sahilsiz dəniz. Bakı, Turan evi, 2009, s.21

[5] Təbrizi, Qulamrza Səbri. Yaranış. Bakı, Azərnəşr, 2012, s.14

[6] Yenə orada, s.15

[7] Yenə orada, s.16

[8] Təbrizi, Qulamrza Səbri. Günəşə doğru. Bakı, Apostrof” çap evi, 2011, s.25

[9] Yenə orada, s.26

[10] Yenə orada, s.27

[11] Yenə orada, s.43

[12] Təbrizi, Qulamrza Səbri. Yaranış. Bakı, Azərnəşr, 2012, s.156

[13] Təbrizi, Qulamrza Səbri. Yaranış. Bakı, Azərnəşr, 2012, s.157

[14] Təbrizi, Qulamrza Səbri. Yaranış. Bakı, Azərnəşr, 2012, s.160


MANŞET XƏBƏRLƏRİ