Rusiyada keçmiş sevgilisini xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxs həbs cəzası əvəzinə Ukraynadakı müharibəyə göndərilir. Onun barəsində məhkəmə prosesi dayandırılıb.
Rusiya media xəbərlərinə görə, Sankt-Peterburq Şəhər Məhkəməsi Albert Morqanın cinayət işi üzrə icraatı dayandırıb.
O, işgəncə vermə, ölümlə hədələmə və xüsusi amansızlıqla qətl törətmə maddələri ilə ittiham olunurdu.
Sankt-Peterburq məhkəmələrinin birləşmiş mətbuat xidmətinin məlumatına görə, Morqan Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynadakı müharibəyə yollanır.
Dubayda dəhşətli qətl
İstintaq materiallarına əsasən, hadisə 2025-ci ilin dekabrında Dubayda baş verib.
Morqan keçmiş sevgilisi, Rusiyanın “Pobeda” aviaşirkətində stüardessa işləyən 25 yaşlı Anastasiyanın ardınca Birləşmiş Ərəb Əmirliklərinə uçub.
O, qadının qaldığı hoteli müəyyənləşdirərək otağına daxil olub və ona qayçı ilə azı 20 zərbə endirib.
İttihama görə, Morqan qətldən sonra qadının cəsədinin üzərinə yaşıl antiseptik məhlul töküb və saçlarını kəsib.
Şübhəli şəxs Sankt-Peterburqa qayıtdıqdan sonra saxlanılıb.
Qadın, ölümündən əvvəl polisə xəbərdarlıq edibmiş
Məlumata görə, Morqana keçmiş sevgilisini izləməkdə məhkəmə icraçısı işləyən dostu kömək edib.
Anastasiya dəfələrlə polisə müraciət edərək keçmiş sevgilisinin onu öldürməklə hədələdiyini bildirib. Lakin onun şikayətlərinə lazımi reaksiya verilmədiyi iddia olunur.
Qətldən təxminən bir ay əvvəl Dubayda olarkən qadın video da çəkib.
O, həmin videoda keçmiş sevgilisinin onu yaxın zamanda öldürəcəyini ehtimal etdiyini söyləyib.
Bütün bunlara baxmayaraq, faciənin qarşısını almaq mümkün olmayıb.
İndi isə ağır cinayətlərdə ittiham edilən Morqanın hərbi xidmət müqaviləsi bağlaması səbəbindən məhkəmə prosesi dayandırılıb.
Qeyd edək ki, məhkəmə icraatının dayandırılması bəraət və ya cinayət məsuliyyətindən qəti azad edilmə demək deyil. Bununla belə, Morqanın müharibəyə göndərilməsi onun barəsində hökm çıxarılmasını qeyri-müəyyən müddətə təxirə salır./Musavat.com