Nənəmdən eşitmişəm...
Turan Uğur
AYB-nin üzvü, yazıçı
Gecə qalanmış tonqallar, bütün obalarda çatılmış ocaqlar, qırmızıya boyanmış yumurtalar, saçı yolunmuş səmənilər, darvazaların ağzında qapını döyüb çuval ataraq qaçıb-gizlənən çocuqlar, doqqazda eşidilən şənlik səsləri qulaqlarımda deyil, gözlərimdə var-gəl edirlər.Nəisə xatırlatmaq üçün yarışa girmişlər, marafona qoşulmuşlar sanki.Uşaqlığımın cır səsiylə çağıran, bəzən də uğultulu bir sədayla bağıran bu xatirələr Novruzun bir addımlığında –Boz ayın gəlhəgəlində bəndənizi nənəmin ruhu ilə baş-başa qoyar.”Ulularımızı çağır” - deyən bu xatirələr Yazağzında məmnun qalmağım üçün heç nəyi əsirgəməzlər.
“Puah, bu cırtdan fevralın canında nələr varmış? Bu Boz ayın ağzında yenə xəstəlik yaxalayar məni.Boz ay gəldi, daha ayağımın birini ehmalca irəli atsam, Novruza yetişərəm”
Uşaq ikən nənəmdən eşitdiyim Çillə girdi, Çillə çıxdı, Boz ayın qapısının lap kandarındayıq kimi fikirlər bəndənizə xalq təqvimini bütün ayrıntıları, bütün incələyi ilə açmış olur. Çocuqkən qulaq müsafiri olduğum bu məhrəmanə sözlər yeniyetməliyimdən etibarən mənim xəyal dünyama yansıdı, sonra bu tilsimli sözlər öz kiçicik folklor aləmimi qurmağıma vəsilə oldu. Balaca dünyam böyüdü, böyüyərək qədim folklorumuzla sarmaş-dolaş, qol-boyun oldular.Mənə bəşəri güc, ilahi qüvvə verən folklorumuz bütün ağrılı-acılı, sıxıntılı günlərimdə ruhuma həmdəm oldu.Nənəmin sehrli sözlərinin müşayiəti əsla bəndənizi rahat buraxmadı.Boz ayın İlaxır çərşənbələrində, bəzən tək-tənha yaşadığım günlərdə belə, evdə mütləq 1 şam yandırıb, bayramı özümlə öz-başıma keçirdiyimi yaxşıca xatırlayıram. Boz ayın gəlişi münasibətilə süfrəmi bəzəyib, özümün yazdığım şeirlərimdən də guppuldatdığım dönəmlər az olmayıb. Su çərşənbəsi günündə yazdığım “Bayram nisgili” həmin tənha anlarımın porterti kimi hərdaim ucalıqdan boy verir, israrla “mənli günlərini unutma!” - deyə hayqırır.
Bayram nisgili
Bu da prospektin bayram gecəsi,
Səssizlik boylanır yuvalarından.
Bu da bizim ”Məmməd Rahim” küçəsi,
Tənhalıq qoxuyur divarlarından.
Hava qaralmaqda işdən gəlirəm,
Yamanca duyulur tənhalıq səsi.
Üzümüz yazadı qışdan gəlirəm,
Burnuma toxunur bahar nəfəsi.
Amma dönəlgəsi dönüb ömrümün,
Yenə yalnızlığım kölgəmə qonub.
“Bəs!” demir qadası, “Bəs!” demir gülüm,
Sürünür ardımca prospekt boyu.
Bu “Əzəl çərşənbə” axşamındaca,
İçimdən bir arzu dillənir düzü.
Bir tonqal üstündən gərək doyunca,
Hoppanım, tökülsün könlümün tozu.
O tonqal aparsın ağrılarımı,
Bayramı bayramtək keçirim gərək!
Uşaqlıq dünyamın anılarını,
Dünəndən sabaha köçürüm gərək.
Kirimiş məhlədə kimsə görünmür,
Yaxşısı budur ki, qayıdım evə.
Qalanan ocaqlar nəsə görünmür,
Bu nə hüzndür ki, nə olub belə?!
Keçmişin “Çərşənbə xatirələri”
Hələ neçəsinin saxlancı olub.
Bəlkə neçəsinin gözü düşməni,
Bəlkə başlarının qaxıncı olub?
Axı...bu bayram axşamı hamı,
Bir azca tənhadı, bir azca yalqız.
Tezliklə yurduma gələcək bahar,
Bilirəm, sənə də ümiddir, ay qız!
Süfrəmiz bəzəkli, qapım da açıq,
Bəs bu bayramın nisgili nədir?
Kədərim yaxamdan yaman yapışıb,
Bir ağac qurdutək içimdən didir.
Mən səni gözlədim,yalnızlıq gəldi,
Daha heç nə deyil eynimə mənim.
Baharın yam-yaşıl ipəklərindən,
Tənhalıq biçilib əynimə mənim.
Bu da prospektin bayram gecəsi,
Səssizlik boylanır yuvalarından.
Bu da bizim ”Məmməd Rahim” küçəsi,
Tənhalıq qoxuyur divarlarından.
Tənhalıqdan söz düşmüşkən, nənəmdən onu da eşitmişəm ki, insanın tənhalığına, acılarına ən gözəl ilac bayramlardır, ələlxüsus da Novruz bayramı.
Bizə gör nə qədər məsud günlər, bəxtəvər anlar bağışlayır bu bayram.Hər ayini, hər ritualı, hər mərasimi bizi biz olmağa dəvət eləyir.
“Ay bala, küsülü qalmazlar bayram axşamında, yaxud ay bala, Boz ay girdisə Yalançı çərşənbələrdən çıxıb doğru üskü çərşənbələrə girdik, ay oğul, Xəbərçi çərşənbəni ehtişamlı eləməzlər, əməlli-başlı lap bayrama oxşatdınız ki!!!” kimi nəsihətləri indi mənə bayram gerçəklərini bütün çılpaqlığı ilə aşılayır.Boz ayın astanasında uzaq rüzgarların yüyrək əsintiləri müdam ən doğma hisslər kimi canıma hopur, ruhuma sinir.
“Rüzgar” dedim, əlbəttə Boz ay rüzgardan, soyuqdan, sazaqdan, şaxtadan, günəşdən, hərarətdən xali olmaz.
Bu qarmaşıq havalar həm də qarmaşıq içimizi əks etdirər, dağınıq halımızı toparlamağımıza yardımçı olar.Hə, öncə Yalançı çərşənbələrin sonuncusunu – Xəbərçi çərşənbəni qeyd edib, keçərik Boz aya.Onu da ərz edim ki, bu tayda səhvən Xəbərçi çərşənbə Od çərşənbəsinə deyərlər ki, fikrimcə, bu da məntiqə uyğun gəlmir.Xəbərçi çərşənbə İlaxır çərşənbələri müjdələyərkən, necə ola bilər ki, ikinci çərşənbə statusunda qeyd olunsun?! Hələ onu demirəm ki, Od çərşənbəsinin son
25-30 ildə yerinin dəyişməsi, yaxud dəyişdirilməsi - ikinci sıraya atılması çox böyük təəssüf və təəccüb doğurur.
Novruzun əsl simgəsi, əsl rəmzi olan Günəşin, odun, atəşin 2-ci yerdə yox, İlaxır çərşənbənin sonuncusu və daha əlamətdar olmasını şərtləndirir.Açığı nənəmdən bu haqda heç nə eşitməmişəm, eşitmişəmsə də dinlədiklərimi uzaq
Boz yellərin ağuşuna çoxdan qapdırmışam.
Əvəzində nənəmdən eşitmişəm ki, Boz aya ciddi yanaşmaq, onu saya salmaq lazımdır, zira Boz ay adından göründüyü kimi sərtlik, bozluq mənasını ehtiva edir.Gərəkdir həm əyninə-başına, həm yediklərinə, həm Çərşənbə süfrələrinə dürüst fikir verəsən.
Nəzərə alsaq ki, həmşəri olaraq nəinki İlaxır çərşənbələri, hətta Yalançı çərşənbələri də təmtəraqlı qeyd edərik, onda bizə zaval yoxdur.
Nənəmdən Boz ay haqqında rəvayətlər də az eşitməmişəm.
Boz aya təbirlər çox fərqlidir: alaçalpo(v), Boz çillə, Ala çillə, Yazağzı, Ağlar-gülər, Döl ayı, Çilləbeçələr, Cəmrələr ayı və.s kimi müxtəlif adların tamamını duymuşam.Rəhmətlik coğrafiyaşünas alim Eybalı Mehrəliyev qışın son ayını – fevralın 20-dən martın 20-nə kimi Alaçalpo, martın 6-dan düz 1 ay müddətcə aprelin 6-na kimi olan dövrü Boz ay adlandırardı.Bu fərqli yanaşmalar Novruzun əzəmətindən, həşəmətindən soraq verən sakral bir gerçəklikdir.Boz ay haqqında ən məşhur rəvayətlər isə məhz “günlərin bölüşdürülməsi” aktı ilə bağlıdır.Qədim əyyamlarda aylara illər verilərkən hərəsinə 32 gün düşür.Boz ay ilin sonuncu ayı olduğu üçün ona 14 gün verilir.Boz ay incik qalmasın - deyə hər ay özündən ona 1 gün bağışlayır.Boz ay yenə razı qalmır. Onda bəzi aylar 1 günü 2 gün edir.Hərəsi bir aydan, bir fəsildən gəldiyindən Boz ayın günləri bir-birinə uyğun gəlmir.Beləcə, Boz ayda 4 fəslin hamısının təbiətindən nələrsə duyulur.
Boz ayda evlər, həyət-bacalar səliqəyə salınır.Nənəmin bu prosesə “ev tökdü” dediyini yaxşı xatırlayıram.Bayram öncəsi təmizlyini edərdik, üst-başımız təzələyərdik. Boz ayda bayram süfrəsinə hazrlıq edilər, nənəm qoz-fındıq ehtiyatını hələ bir ay öncədən tədarük görərdi.
Nənəmdən onu da eşitmişəm ki, bayram bizim içimizdə olmadısa yüz dənə Boz ay gəlsə də xeyir eləməz.
Odur ki, içiniz-dışınız bayram ovqatlı olsun, bayramı bayram tək yaşamaq türkün alicənablıq, kübarlıq, ərdəmlik tərbiyəsindən gələn ali bir keyfityyətdisə, bu dəyərləri itirmək bizə büsbütün haramdır.
Gələnə “Xoş gəldin!”, gedənə “Xoşca qal!” deməkdir bu alicənablıq.Bayramı ağırlayarkən özəl, uğurlayarkən gözəl davranmaqdır ərdəmlik.
Hə, yeri gəlmişkən, bunu da nənəmdən eşitmişəm. Bir də nənəmdən eşitmişəm ki, bu günlər təbiətə nə qədər xoş aura bəxş etsən, bir o o qədərini də geri alacaqsan.
Fevralın 20-isi səhər obaşdan duracaqsan, 4 gün sonra
Su çərşənbəsinə hazırlığını görəcəksən, ruhunu təzələyib, Əzəl çərşənbənin pişvazına çıxacaqsan, “İlaxırım, Boz ayım gəl!” deyibən, Novruzu cani-könüldən haylayacaqsan.Hə, dostlar, bir sınayaqmı?
Bax, elə bu saat, hamımız birgə deyək ki, “Nənəmdən belə eşitmişəm...”, sonra ardını nənələrimizin mübarək ruhları davam etdirəcək.
Bir də başlayaq və hər bir kəlməsini bütün canımızla, ruhumuzla tələffüz edək.Diləyəndə elə diləyək ki, nənələrimizi ölmüş yox, diri sanaq, diri sayaq, lap yanımızdaymış kimi.
-Nənəmdən...
-Nənəmdən belə...
-Nənəmdən belə eşitmişəm...