Rusiya: "Finlandiyanın sərhəd qapılarını bağlamaq qərarı milli maraqlarına ziddir"


Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Finlandiyanın Rusiya ilə sərhəd qapılarını bağlamaq qərarı onun milli maraqlarına ziddir.

Turkustan.az xəbər verir ki, Rusiya xəbər agentliyi Tass-a açıqlama verən Qruşko Finlandiyanın Rusiya ilə bütün sərhəd qapılarını bağlama ehtimalını dəyərləndirib.

Rusiyanın bütün ölkələrə açıq olduğunu bildirən Qruşko, "Cavab vermək üçün tədbirlər gördüyümüz zaman onları hər zaman konkret olaraq milli maraqlarımızla əlaqələndiririk. Bu halda belə bir qərar açıq şəkildə Finlandiyanın milli maraqlarına zidd olacaq" dedi.

Kremlin sözçüsü Dmitri Peskov da məsələ ilə bağlı açıqlamasında, "Bu, bizi dərindən narahat edir. Çünki Finlandiya ilə çox yaxşı, praqmatik və qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var idi. Təəssüf ki, bu münasibətlər anti-Rusiya yanaşması ilə əvəz olundu" dedi.

Finlandiya həftə sonu Rusiya ilə 4 sərhəd qapısını “üçüncü ölkə vətəndaşlarının” axınının qarşısını almaq səbəbi ilə bağlamaq qərarına gəlib. Sözügedən qərarın 2024-cü il fevralın 18-dək qüvvədə olacağı bildirilib.

Finlandiya mətbuatında Rusiya ilə qalan sərhəd qapılarının bağlanmasına qərar veriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ