Pakistanın Xayber Paxtunxva əyalətinin Kohat rayonunda polis kompleksinin ərazisində, məscidin yaxınlığında güclü partlayış baş verib.
Turkustan.az xəbər verir ki, hadisə cümə namazı zamanı polis kompleksinin köhnə giriş qapısında baş verib. Partlayıcı maddələrlə yüklənmiş nəqliyyat vasitəsinin qapıya çırpılaraq partlaması nəticəsində ən azı 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Partlayışdan sonra kompleksin daxilində toqquşmalar baş verib və ikinci intihar hücumunun törədildiyi bildirilib.
Güclü partlayış məscidin xarici hissəsinə ciddi ziyan vurub, divarlardan biri uçub. Xilasetmə qruplarının məlumatına görə, partlayış məscidin qarşısında böyük krater yaradıb.
Hadisə yerinə çoxsaylı təcili yardım və yanğınsöndürmə maşınları, həmçinin xilasetmə qrupları cəlb olunub. Yaralılar Kohat Regional Qərargah Xəstəxanasına aparılıb.
Xəstəxana rəhbərliyi yaralıların çoxluğu səbəbindən fövqəladə vəziyyət elan edib.
Aytən Yaşar/ Turkustan.az