Ayın yaranması ilə bağlı yeni araşdırma onun formalaşmasının milyonlarla il deyil, cəmi bir neçə saat çəkmiş ola biləcəyini göstərir.
Turkustan.az xəbər verir ki, araşdırma "The Astrophysical Journal Letters" jurnalında dərc olunub.
Alimlər hesab edirlər ki, təxminən 4,5 milyard il əvvəl Mars ölçüsündə olan Teyya adlı protoplanet Yerlə toqquşub. Nəhəng zərbə nəticəsində Teyyanın böyük hissəsi parçalanıb, onun dəmir nüvəsinin bir hissəsi Yerə qarışıb, planetimizin ətrafında isə çoxlu miqdarda qızmar qalıq yaranıb. Məhz bu materialdan Ayın formalaşdığı düşünülür.
Yeni araşdırmada toqquşan göy cisimlərinin temperaturu, eləcə də onların daxili süxurlarının möhkəmliyi əvvəlki modellərə nisbətən daha dəqiq və ətraflı şəkildə nəzərə alınıb.
Teyya nə qədər isti idisə, Ay da bir o qədər tez yarana bilərdi
ABŞ-ın Cənub-Qərb Tədqiqat İnstitutundan Aydin Dentonun rəhbərlik etdiyi tədqiqat qrupu müxtəlif temperatur göstəriciləri ilə kompüter simulyasiyaları aparıb.
Araşdırma göstərib ki, Teyya toqquşma zamanı kifayət qədər yüksək temperatura malik olubsa, onun süxurları daha zəif və deformasiyaya daha həssas vəziyyətdə ola bilərdi. Belə bir ssenaridə toqquşma nəticəsində protoplanetin demək olar ki, tamamilə parçalanması və materialının Yer ətrafına geniş şəkildə yayılması mümkün idi.
Əgər toqquşma planetlərin yaranmasından 60 milyon ildən az müddət sonra baş veribsə, Ayın formalaşması son dərəcə sürətli gedə bilərdi. Modelləşdirmənin bir variantında zərbədən təxminən 5 saat sonra artıq formalaşmış Ay ortaya çıxıb.
Teyyanın soyuduğu dövrdə baş verən toqquşmada isə proses fərqli olub. Bu halda onun böyük hissəsi zərbədən sağ qala, Yerə qarışa və peykin sonradan tədricən yaranmasına səbəb olan dağıntı diski formalaşa bilərdi.
Ayın tərkibi isə hələ də sual doğurur
Araşdırma Ayın əsasən Teyyanın mantiyasından gələn maddələrdən yarandığını göstərir. Lakin burada başqa bir problem ortaya çıxır: Ayın tərkibi bir çox cəhətdən Yer mantiyasına çox oxşardır.
İzotop ölçmələri də Yer və Ay arasında müəyyən fərqlər olduğunu göstərir və mövcud modellər bu xüsusiyyətlərin hamısını tam izah edə bilmir. Buna görə alimlər yeni nəticənin Ayın mənşəyi ilə bağlı mübahisəni yekunlaşdırmadığını vurğulayırlar.
Tədqiqat göstərir ki, Yerin və Teyyanın toqquşma anındakı temperaturu Ayın necə və nə qədər müddətdə formalaşmasında mühüm amil ola bilər./publika.az