Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində bu ölkənin lideri Li Ce Myonqla birgə mətbuat konfransı keçirib.
Turkustan.az xəbər verir ki, Ərdoğan iki ölkə arasında mövcud olan güclü əlaqələrin daha da inkişaf etdiriləcəyini bildirib. O, xüsusilə enerji, müdafiə sənayesi və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti batareyalar istehsalı sahəsində birgə fəaliyyətə xüsusi önəm verdiklərini, həmçinin “Storm” haubitsaları və “Altay” tankı kimi hərbi texnika üzrə əməkdaşlığın artırılmasını müzakirə etdiklərini qeyd edib.
Ərdoğan Koreya yarımadasında davamlı sülh və sabitliyin təmin olunması üçün dialoqu dəstəklədiklərini, Türkiyə və Cənubi Koreyanın qlobal sülhə töhfə vermək istiqamətində əməkdaşlığı davam etdirəcəyini bildirib.
Cənubi Koreya lideri Li Ce Myonq isə Türkiyə ilə nüvə elektrik stansiyalarının maliyyələşdirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzaladıqlarını açıqlayıb.
Aytən Yaşar/Turkustan.az