ABŞ məhkəməsi Trampın Harvardla bağlı iddiasını rədd etdi


ABŞ federal məhkəməsi Donald Tramp administrasiyasının Harvard Universitetinin tələbə qəbulu prosesində irqi ayrı-seçkiliyə yol verilib-verilməməsinin araşdırılması və əvvəlki illərin müraciətlərinin nəzərdən keçirilməsi tələbi ilə bağlı iddiasını rədd edib.

Turkustan.az xəbər verir ki, Massaçusets ştatının Boston şəhərində yerləşən Federal Rayon Məhkəməsinin hakimi Myong Joun Ədliyyə Nazirliyinin Harvard Universitetinə qarşı qaldırdığı iddianı prosedur əsasları ilə rədd edib.

Hakim iddianın qaldırılmasından əvvəl zəruri hüquqi prosedurların yerinə yetirilmədiyini vurğulayıb. ABŞ mediasının məlumatına görə, Ədliyyə Nazirliyi əlavə inzibati addımlar atacağı təqdirdə iş yenidən məhkəməyə çıxarıla bilər.

Harvard Universitetinin vəkilləri iddianın “zərərli” olduğunu bildiriblər. Onların sözlərinə görə, universitet Donald Tramp administrasiyasının tələblərinə uyğun olaraq idarəetmə strukturunu, işə qəbul təcrübələrini və akademik proqramlarını dəyişdirməkdən imtina etdiyi üçün məhkəmə iddiası ilə üzləşib.

Vəkillər qeyd ediblər ki, iddia Trampın fevralın əvvəlində danışıqları dayandırdığını və Harvard Universitetindən 1 milyard dollar təzminat tələb etdiyini açıqlamasından sonra qaldırılıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ