Türkiyəli tanınmış jurnalist Yılmaz Özdil Azərbaycanın Türkiyəyə etdiyi tarixi yardımlardan söz açıb.
Turkustan.az xəbər verir ki, jurnalist öz youtube kanalında yayımladığı verilişində bu barədə danışıb.
Özdil I Dünya Müharibəsi və Qurtuluş Savaşı dövründə Azərbaycandan Türkiyəyə edilən maddi, mənəvi dəstəyi xüsusi qeyd edib:
“İşğal illərimizdə yanımızda kim var idi?! Azərbaycan türkləri. 1918-ci ildən 1922-ci ilə qədər vaqonlarla Anadoluya yanacaq göndərdilər. Göndərə bilmədiklərini də özləri satıb, pulunu bizə yolladılar. Qurtuluş Müharibəsi illərində Anadoluya yardım üçün Bakıda ianə kampaniyası təşkil olunmuşdu. Savaşda yetim qalan uşaqlar üçün qızıl yardımı edirdilər. Nəriman Nərimanov Mustafa Kamal Atatürk hökumətinə 500 kq külçə, 19 min Osmanlı qızılı, 1,5 milyon frank, 1 milyon funt-sternliq göndərdi. Üstəlik Nərimanov Atatürkə göndərdiyi məktubda “Qardaş qardaşa borc verməz, qardaş hər zaman qardaşının əlindən tutar” yazmışdı”.
Jurnalist həmçinin Çanaqqala döyüşlərində, o cümlədən Qurtuluş Savaşında azərbaycanlı hərbçilərin göstərdiyi qəhrəmanlıqlardan da söz açıb. Özdil Türkiyə Ordusunun inkişafında rolu olan azərbaycanlı hərbçiləri də xüsusi qeyd edib.
“İnsan belə bir qardaşla münasibətlərini pozar?! Azərbaycan bir yana, dünya bir yana. Nə Fələstin?!” – deyə Özdil əlavə edib.