Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın Türkmənbaşı şəhəri yaxınlığında yerləşən Avaza bölgəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Turkustan.az xəbər verir ki, görüş zamanı Putin Rusiyanın İranın regiondakı münaqişələrin sülh yolu ilə həlli təşəbbüslərini dəstəklədiyini və bu istiqamətdə Tehrana mümkün olan bütün yardımı göstərməyə hazır olduğunu bildirib.
Görüşün mətbuata açıq hissəsində çıxış edən Putin regiondakı vəziyyətin müzakirələrin əsas mövzusu olduğunu vurğulayıb.
“Bilirik ki, İran öz günahı üzündən başlamayan münaqişəyə son qoymaq üçün ciddi səylər göstərir və məsələnin sülh yolu ilə həlli üçün yeni təkliflər təqdim edir. Vəziyyətin həllinə kömək etmək üçün əlimizdən gələni etməyə hazırıq”, – deyə, Rusiya lideri bildirib.
Putin həmçinin Rusiya ilə İran arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini qeyd edib. O, ötən il imzalanan müqavilənin iki ölkə arasında əməkdaşlığın əsasını təşkil etdiyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az