Fransa Baş Qərargahının rəisi Fabien Mandon Almaniyanın Fransa ilə birgə həyata keçirilən döyüş tankı layihəsindən çıxdığını bildirib.
Turkustan.az xəbər verir ki, Mandon bu barədə Parisdə Milli Assambleyanın Müdafiə Komitəsinin iclasında danışıb.
Almaniya və Fransa arasında “Əsas Yerüstü Döyüş Sistemi” (MGCS) adlanan birgə döyüş tankı istehsalı layihəsinə toxunan Mandon Almaniyanın layihədən imtina etmək qərarına gəldiyini bildirib.
O qeyd edib ki, Fransa və Almaniya orduları gələcəyin tankının necə olması ilə bağlı uzun illərdir birgə çalışırlar. Almaniyanın layihədən çəkilməsini sənaye baxımından müsbət xəbər kimi qiymətləndirməyən Mandon bununla belə, görülən işlərin tamamilə nəticəsiz qalmadığını vurğulayıb.
Fransa Baş Qərargahının rəisi layihə çərçivəsində gələcək tankın hansı xüsusiyyətlərə malik olmalı olduğunun müəyyənləşdirildiyini deyib. O, vəziyyəti şərh edərkən bunun tam uğursuzluq olmadığını, Almaniyanın mühüm qərar qəbul etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az