İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkəsinin uran zənginləşdirmə fəaliyyətindən geri çəkilməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Tehranda mətbuata açıqlama verən İslami ölkəsinin uran zənginləşdirmə fəaliyyətindən imtina edib-etməyəcəyi ilə bağlı suala “Qətiyyən yox” cavabını verib.
“Zənginləşdirmə nüvə prosesinin ayrılmaz hissəsidir. Prosesin başlanğıc nöqtəsinə sahib olmadan nüvə sənayesinə sahib olduğunuzu necə iddia edə bilərsiniz?” – deyə, İslami bildirib.
O, nüvə sənayesini elm və texnologiyanın “hərəkətverici mühərriki” adlandırıb.
İslami ABŞ-ın da nüvə texnologiyasının inkişafını prioritetlər sırasına daxil etdiyini qeyd edərək, “Bütün ölkələr sürətlə nüvə texnologiyasına doğru irəliləyirlər” deyib.
Aytən Yaşar/ Turkustan.az