Livan Prezidenti Cozef Aun danışıqların müharibəyə alternativ olduğunu və Livanla İsrail arasındakı düşmənçiliyə son qoymağın yeganə yolunun razılaşma əldə etməkdən keçdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Livan Prezident Aparatının məlumatına görə, Cozef Aun ABŞ senatoru Ceyms Lankfordu və onu müşayiət edən nümayəndə heyətini Beyrutdakı Baabda Sarayında qəbul edib.
ABŞ-ın Beyrutdakı səfiri Mişel İssanın da iştirak etdiyi görüşdə Livanın cənubundakı son vəziyyət, İsrailin davam edən hücumları və çərçivə sazişinin icrası məsələləri müzakirə olunub.
Aun bildirib ki, İsrail Livanın cənubunda hələ də geri çəkilmədiyi kənd və qəsəbələrə hücumları davam etdirməklə ABŞ-ın vasitəçiliyi ilə iki ölkə arasında əldə olunan çərçivə sazişinin şərtlərini pozur.
Livan Prezidenti İsrailin işğal altında saxladığı kənd və qəsəbələrdə evləri və digər tikililəri dağıtmasının dayandırılması, həmçinin məhbusların qaytarılması prosesinin tamamlanması üçün müxtəlif istiqamətlərdə təzyiqlərin davam etdirildiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az