“The New York Times” (NYT) qəzetinin iddiasına görə, ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin baş müşaviri Devid Milşteyn Binyamin Netanyahu hökumətini müsbət göstərmək məqsədilə məlumatları təhrif edib.
Turkustan.az xəbər verir ki, NYT məsələ ilə bağlı mənbələrə və müxtəlif sənədlərə istinadən yazıb ki, 36 yaşlı ABŞ diplomatı Milşteyn bu yaxınlarda ABŞ administrasiyasına göndərilən hesabatlardakı bəzi məlumatları dəyişdirib.
Qəzetə danışan rəsmilərin sözlərinə görə, İsrail mart ayının sonunda işğal olunmuş Qərb Sahilində nəzarətə götürdüyü ərazilərdə yeni yaşayış məntəqələrinin tikintisi planını təsdiqləyib.
ABŞ-ın İsraildəki səfirliyinin əməkdaşları bu qərarı Prezident Donald Trampın İsraillə bağlı açıqladığı mövqelərdən birinin – “Qərb Sahilinin ilhaqına yol verilməməsi” prinsipinin potensial pozuntusu kimi qiymətləndiriblər. Bu səbəbdən Vaşinqtondakı siyasətçilər üçün təcili hesabat hazırlanıb.
Lakin iddiaya görə, hesabat ABŞ administrasiyasına göndərilməyib. Sənədin Vaşinqtona çatmasının qarşısını səfir Hakabinin baş müşaviri Milşteynin aldığı bildirilir.
Aytən Yaşar/ Turkustan.az