Ceff Bezos: “2028-ci ildə insanları Aya göndərə bilərik”


Amazon və Blue Origin kosmik şirkətinin qurucusu, amerikalı milyarder Ceff Bezos Ayda qısamüddətli missiyalar həyata keçirmək əvəzinə daimi və iqtisadi baxımdan dayanıqlı baza qurmağı planlaşdırdıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Bezos “Fox News”a verdiyi müsahibədə Ay proqramları və süni intellektlə bağlı fikirlərini bölüşüb.

Bezos Ay missiyalarının gələcəkdə daha ucuz başa gələcəyini bildirib.

“Aya qalmaq üçün gedirik. Bu, sadəcə bir missiya həyata keçirib geri qayıtmaq olmayacaq. Həqiqi və davamlı Ay bazası yaradılacaq. Bu yolla Ayı araşdıracaq və maraqlı şeylər tapacağıq”, – deyə Bezos bildirib.

Milyarder müasir kommersiya kosmik uçuşlarını 1969-cu ildəki Ay proqramı ilə müqayisə edib. O, həmin proqramın ABŞ-ın ümumi daxili məhsulunun təxminən 3 faizinə başa gəldiyini qeyd edərək, 2028-ci ildə insanların Aya göndərilməsinin mümkün olduğuna inanmaq üçün əsasların olduğunu deyib.

Bezos həmçinin Vaşinqtonun kosmik tədqiqatlarda Çindən qabaqda olmasının vacibliyini vurğulayıb:

“Çindən əvvəl Aya çatmalıyıq. İnanıram ki, Çindən əvvəl Aya çatacağıq”.

Qeyd edək ki, Blue Origin NASA-nın Artemis proqramının əsas kommersiya tərəfdaşlarından biridir. Şirkət Artemis V missiyası çərçivəsində astronavtların Ay səthinə endirilməsi üçün nəzərdə tutulan İnsan Eniş Sistemini (HLS) inkişaf etdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ