Türkiyədə maliyyə bazarlarına zərbə: 4 nəfər həbs edildi


Türkiyənin ədliyyə naziri Akın Gürlek kapital bazarlarında şübhəli əməliyyatlarla bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Gürlek İstanbul Baş Prokurorluğunun kapital bazarlarında şübhəli əməliyyatları yaxından izlədiyini bildirib.

Onun sözlərinə görə, araşdırma çərçivəsində müəyyən fondlar və səhm bazarlarında manipulyativ əməliyyatlar həyata keçirilməsi iddiası ilə 6362 saylı Kapital Bazarları Qanununun 107-ci maddəsi əsasında cinayət işi başlanıb.

Gürlek bildirib ki, fondun direktorlar şurasının sədri və üzvləri də daxil olmaqla 4 şübhəli həbs edilib, 51 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Onlara xaricə çıxış qadağası qoyulub.

Bundan əlavə, şübhəlilərin aktivlərini başqalarına ötürməsinin qarşısını almaq məqsədilə müvafiq hesablar və digər aktivlərlə bağlı ehtiyat tədbirləri görülüb.

Nazir həmçinin bazarlarda çaxnaşmaya səbəb ola biləcək paylaşımlar edən 246 sosial media hesabına girişin bloklandığını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ