Şimali Koreyanın qaranlıq tərəfi: Milyardların arxasındakı dəhşətli qiymət


Şimali Koreya Rusiya və Çinlə əlaqələrini gücləndirməklə milyardlarla dollarlıq yeni gəlir mənbələrinə çıxış əldə edib.

Turkustan.az xəbər verir ki, “New York Times” qəzetinin hesabatına görə, Pxenyan iqtisadi resurslar və qabaqcıl hərbi texnologiyalar qarşılığında Rusiyaya qoşun və sursat göndərir. Ölkə həmçinin xaricdə çalışan miqrant işçilər, təbii sərvətlər və kiber fəaliyyətlər hesabına böyük gəlirlər əldə edir.

Şimali Koreya iqtisadiyyatı COVID-19 pandemiyası dövründəki geriləmədən sonra son üç ildə illik 3 faizdən çox böyüyüb. Bu dövrdə Kim Çen In Rusiya və Çinlə siyasi, iqtisadi və hərbi əlaqələri daha da möhkəmləndirib.

Məlumata görə, iqtisadi artımın mühüm hissəsi ölkə daxilində ağır əmək şəraiti və xarici gəlir mənbələrindən asılılıq hesabına təmin olunur. Xüsusilə mədən sənayesində çalışan insanların ağır şəraitdə işlədiyi və ölüm hallarının baş verdiyi bildirilir.

Şimali Koreya Ukraynadakı müharibə zamanı Rusiyaya minlərlə əsgər və böyük həcmdə sursat göndərib. Bunun müqabilində Moskvanın Pxenyana un, donuz əti və yağ kimi ərzaq məhsulları, eləcə də qabaqcıl hərbi texnologiya verdiyi qeyd olunur.

Rusiyaya göndərilən Şimali Koreya hərbçilərinin bir qisminin öldüyü və yaralandığı bildirilir. Eyni zamanda, minlərlə Şimali Koreya vətəndaşının cəbhə arxasında dron istehsalı, müharibədən zərər çəkmiş şəhərlərin bərpası və mənzil layihələrində çalışdığı qeyd edilir.

Şimali Koreyanın işçi qüvvəsi ixracının da rejim üçün mühüm gəlir mənbəyinə çevrildiyi qeyd olunur.

Məlumata görə, Rusiyaya göndərilən bəzi Şimali Koreyalılar tələbə vizası ilə ölkəyə daxil olsalar da, heç vaxt təhsil müəssisələrinə getməyiblər. Onların konteynerlərdə və ya yarımçıq tikililərdə yaşadığı, gündə təxminən 14 saat işlədiyi və məzuniyyət imkanlarının olduqca məhdud olduğu bildirilir.

Rusiyada yayımlanan bəzi iş elanlarında Şimali Koreyalı işçilər üçün uzun iş saatlarının açıq şəkildə qeyd edildiyi vurğulanır. Elanlardan birində “İntizamı təmin edirik: işçilər ciddi qrafik üzrə, siqaret fasiləsi vermədən və işə gəlmədən yayınmadan çalışacaqlar” ifadəsi yer alıb.

Bəzi işçilərin ildə cəmi iki gün istirahət etdiyi bildirilir.

Şimali Koreyalı işçilərin əsas narazılıqlarından birinin ailələri ilə əlaqə saxlaya bilməmələri olduğu qeyd olunur. Özbəkistan, Qırğızıstan və Ermənistandan olan işçilərin ailələri ilə telefon vasitəsilə sərbəst danışa bilməsi Şimali Koreyalılar üçün ciddi fərq yaradır.

Şimali Koreyalı işçilərdən biri isə yaşadıqları vəziyyəti belə təsvir edib: “Biz sadəcə yük daşıyan heyvanlar idik”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ