Türkiyədə Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları səhər saatlarında Furkan Vəqfində əməliyyat keçiriblər.
Bu barədə Turkustan.az "Haber Global"a istinadən məlumat verir.
Məlumata görə, Furkan Vəqfinin təsisçisi Alparslan Kuytulun evinin qarşısına çox sayda polis qrupları cəlb edilib və evdə axtarış aparılıb.
Nəticədə Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul, eləcə də vəqfin çox sayda üzvü saxlanılıb.
Saxlanılanlar ciddi təhlükəsizlik tədbirləri altında sağlamlıq yoxlanışı üçün Adana Məhkəmə Tibbi Qurumuna, oradan da polis bölməsinə aparılıblar.
Qeyd edək ki, Furkan Vəqfi Alparslan Kuytulun rəhbərliyi ilə Adanada yaradılmış diniyönümlü təşkilatdır. Qurani-Kərimə uyğun təhsil vermək, nəsil yetişdirmək və İslam mədəniyyəti qurmaq iddiası ilə fəaliyyət göstərən vəqf idarəetmə forması və ritorikası səbəbindən tez-tez hüquqi proseslərlə üzləşib və ictimai müzakirələrə səbəb olub ./oxu.az




