15 avqust 2026-cı il tarixində "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyi tərəfindən Cəlilabad şəhərində yerləşən "Paradoks Tədris və İnkişaf Mərkəzi"ndə “Nəfəs 360" – Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək və Ümid Dairəsi” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təşkil olunan təlimdə ictimaiyyət nümayəndələri, təhsil işçiləri, müəllimlər, həkimlər, vətəndaş cəmiyyəti nümayəndələri və pasiyent ailələri iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra eşitmə və nitq məhdudiyyətli şəxslərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təlimin açılışında layihə rəhbəri, "Kistik Fibroz Xəstələrinə Yardım "İctimai Birliyinin sədri Səadət Bayramova çıxış edərək iştirakçıları salamlayıb və tədbiri açıq elan edib. O, çıxışında “Nəfəs 360” layihəsinin məqsəd və vəzifələri, Kistoz fibrozla bağlı maarifləndirmənin əhəmiyyəti, pasiyentlərin və ailələrin üzləşdiyi problemlər, eləcə də təşkilatın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər və əvvəlki illərdə reallaşdırdığı layihələr barədə təqdimat edərək geniş məlumat verib.
Təlimin əsas bölmələrindən biri “Pasiyent ailəsinin Kistoz Fibrozla həyat hekayəsi” mövzusuna həsr olunub. Bu hissədə uzun illərdir təşkilatın üzvü olan, Cəlilabad və cənub bölgəsi üzrə nümayəndə-koordinator kimi fəaliyyət göstərən,həmçinin pasiyent ailəsi Məzilə Rəhimova çıxış edib.
Məzilə Rəhimova oz övladı kimi böyütdüyü qardaşının qızı ,Kistoz fibroz diaqnozu ilə yaşayan Ellada Rəhimovanın həyat hekayəsini iştirakçılarla bölüşüb. O, xəstəliyin ilk əlamətlərindən və diaqnostika prosesindən başlayaraq, diaqnozdan sonrakı dövrdə ailənin qarşılaşdığı çətinliklər, müalicə və gündəlik həyatla bağlı problemlər, KİFYİBin onların həyatındakı rolu , pasiyentin qazandığı uğurlar və ailənin uzun illər ərzində keçdiyi mübarizə yolu barədə ətraflı danışıb.
Bu real həyat hekayəsi iştirakçılara Kistoz fibrozun yalnız tibbi diaqnoz olmadığını, xəstəliyin pasiyentin və bütün ailənin həyatına təsir etdiyini bir daha göstərib.
Daha sonra layihənin təlimçisi, həkim Mətanət Qaraxanova çıxış edərək kistoz fibroz xəstəliyi, onun əsas xüsusiyyətləri, pasiyentlərin ehtiyacları, erkən diaqnostikanın və düzgün müalicənin əhəmiyyəti, eləcə də cəmiyyətin bu xəstəlik barədə məlumatlılığının artırılmasının vacibliyi haqqında iştirakçılara ətraflı təqdimat edərək məlumat verib.
Təlimin son 30 dəqiqəsi interaktiv formatda keçirilib. Sual-cavab sessiyasında iştirakçılar fəal iştirak edərək kistoz fibroz, pasiyentlərin gündəlik həyatı, müalicə, təhsil və sosial dəstək imkanları ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Layihə rəhbəri Səadət Bayramova və təlimçi Mətanət Qaraxanova iştirakçıların suallarını ətraflı cavablandırıblar.
Cəlilabadda keçirilən bu təlim bir daha göstərdi ki, Kistoz fibrozla mübarizədə yalnız tibbi yanaşma deyil, maarifləndirmə, ailələrin dəstəklənməsi, təhsil və ictimaiyyətin məlumatlandırılması, pasiyentlərin cəmiyyətə inteqrasiyası və birlikdə hərəkət etmək də böyük əhəmiyyət daşıyır.
“Nəfəs 360” layihəsinin əsas məqsədi də məhz Kistoz fibrozla bağlı məlumatlılığın artırılması, pasiyent və ailələrin dəstəklənməsi, cəmiyyətin maarifləndirilməsi və Kistoz fibrozla yaşayan insanların daha sağlam və keyfiyyətli həyatına töhfə verməkdir.
Layihə çərçivəsində maarifləndirici tədbirlər müxtəlif bölgələrdə davam etdiriləcək.