Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyan bu postda siyasi sələfi olmuş Armen Qriqoryanın vəzifəsindən uzaqlaşdırılması hallarını qiymətləndirməyi düzgün hesab etmədiyini deyib.
Turkustan.az-ın məlumatına görə, Alen Simomnyan bu barədə “24news.am” saytına müsahibəsində bildirib.
O, eyni zamanda Qriqoryanın dövlət xidmətinə qayıdacağını gözlədiyini qeyd edib.
“Qriqoryanın vəzifəsindən azad edilməsi barədə son anda xəbərdar edilməsinin düzgün olub-olmadığı?” sualını cavablandıran Simonyan baş verənlərə qiymət verməkdən imtina edib.
“Mən belə qiymətləndirmələr verə bilmərəm və bunun düzgün, ya səhv olduğunu heç cür şərh etməyi düzgün hesab etmirəm. Bu, işdir”, - deyə o bildirib.
Təhlükəsizlik Şurasının katibi postundakı prioritetlərindən danışan Simonyan bəyan edib ki, Ermənistanın qonşu dövlətlər, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafı istiqamətində işləri davam etdirmək niyyətindədir.
“Mən demişəm ki, açıq olacağam. Amma elə məqamlar var ki, onlar haqqında hələlik ictimai şəkildə danışa bilmərəm. Təbii ki, bütün qonşu ölkələr - Azərbaycan, Türkiyə ilə əməkdaşlığımız davam edəcək. Bu istiqamətlərdə işlər davam etdiriləcək və düşünürəm ki, yaxın gələcəkdə bunu görəcəyik”, - deyə o əlavə edib.
Xatırladaq ki, Ermənistan mediası Armen Qriqoryanın Böyük Britaniyada səfir təyin ediləcəyi barədə məlumat yayıb.
Lakin Qriqoryan hələlik vəzifə tutmaq niyyətində görünmür və bu, onun Nikol Paşinyandan narazılığı kimi də şərh edilir.
Əslində, Armen Qriqoryanın etirazı hələ bu ilin mart ayında hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlər siyahısının müəyyənləşməsi üçün keçirilən səsvermənin nəticələri zamanı meydana çıxmışdı.
Proporsional siyahıda Armen Qriqoryan nəinki ilkin 50 nəfər namizədin siyahısına düşə bilməmiş, hətta 102-ci yeri tutmuşdu. Bundan sonra Armen Qriqoryan və bir qrup partiya üzvünün etirazı nəticəsində aprel ayında təkrar səsvermə keçirilmişdi.
Yəni Armen Qriqoryanın hakim elitadakı narazılığı ilk növbədə, “Vətəndaş Müqaviləsi”ndəki qruplaşmalararası rəqabətdən qaynaqlanır. Ancaq onun hakimiyyət strukturlarından tamamilə uzaqlaşması imkanlarını kifayət qədər real hesab etmək olmaz.
Xüsusilə, Qərb dairələri ilə yaxın münasibətdə olan Armen Qriqoryanın müxalifətə keçməsi Paşinyan üçün üçün əlverişli deyil. Ona görə də çox güman ki, Paşinyan Qriqoryanı hər hansı vəzifə ilə təmin etməklə sakitləşdirməyə çalışacaq.
Bu baxımdan, son günlər Ermənistan Müdafiə Nazirliyi ətrafında baş verənlər Armen Qriqoryanla bağlı müəyyən qənaətə gəlməyə imkan verir. Ermənistan ordusunda əsgər ölümlərinin qarşısı alınmaz prosesə çevrilməsi və cinayət hallarının artması Nikol Paşinyanı müdafiə naziri Suren Papikyandan narazı salıb.
Artıq Ermənistan Müdafiə Nazirliyində istefalar başlayıb. İşdən çıxarılmaq növbəsinin Papikyana da çatacağı gözlənilir. Bəzi ehtimallara görə, əsgər ölümləri bəhanədir və Paşinyan Papaikyanı özünə rəqib gördüyü üçün neytrallaşdırmağa çalışır.
“Vətəndaş Müqaviləsi” partiyasında keçirilən daxili səsvermə zamanı Suren Papikyanın Baş nazirdən sonra ən çox səs toplaması və ikinci yeri tutması Paşinyanda siyasi qısqanclıq yaradıb.
Hətta Papikyanın seçkilərdən sonra parlamentin spikeri postuna gətiriləcəyinə dair proqnozlar da səslənirdi. İndi Ermənistan ordusunda baş verənlər Papikyanı cəzalandırmaq üçün əlverişli fürsət yaradır.
O, müdafiə naziri olduğu dövrdə Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi istiqamətində ciddi addımlar ata bilməyib.
Müdafiə naziri postuna ən real namizədlərdən biri kimi təhlükəsizlik sistemində siyasi təcrübəyə malik Armen Qriqoryan gətirilə bilər. /Cebheinfo.az/