Venesuelada hakim Çavista hərəkatı ilə müxalifət arasında aparılan dialoq prosesinin metodologiyası, mərhələləri və müzakirə olunacaq məsələlərin gündəliyi barədə razılıq əldə edilib.
Turkustan.az xəbər verir ki, milli medianın məlumatına görə, Çavista hərəkatının baş danışıqçısı, Milli Assambleyanın (AN) prezidenti Xorxe Rodrigez və müxalifət nümayəndə heyətinin rəhbəri Dinora Figuera dialoq çərçivəsində ilk dəfə Karakasdakı La Karlota hava bazasında üz-üzə görüşüblər.
Görüş zamanı tərəflər dialoq prosesinin aparılma qaydası, mərhələləri və danışıqların gündəliyi ilə bağlı razılığa gəliblər. Həmçinin danışıqların birinci mərhələsinin avqustun 12-dək davam etdirilməsi qərara alınıb.
Görüşdən sonra yayılan birgə bəyanatda tərəflərin milli suverenliyə hörmət, xoşməramlı danışıqlar, Venesuelanın maraqlarının qorunması, siyasi, dinc, demokratik və konstitusion həll, qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında hərəkət etmək barədə razılaşdıqları bildirilib.
Bəyanatda tərəflərin əldə etdikləri öhdəliklərə əməl etmək, insan və siyasi hüquqları qorumaq, həmçinin danışıqlarda əldə olunan irəliləyiş barədə ictimaiyyəti mütəmadi məlumatlandırmaq barədə də razılığa gəldikləri qeyd olunub.
Aytən Yaşar/ Turkustan.az